Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:46

Londonda «terror aktı»


Polis hadisəni araşdırır
Polis hadisəni araşdırır
-

Londonun Vuliç məhəlləsində «terror» hadisəsi törədilib. İki qaradərili şəxsin hərbi qulluqçu olduğu güman edilən bir nəfəri günün günorta çağı mərkəzi küçədə balta və bıçaqla doğradıqları xəbər verilib.

Bəzi məlumatlara görə, bu şəxslər qətlə yetirilən adamı əvvəlcə maşınla vurublar.
Hökumət baş vermiş hadisəni «terror aktı» kimi qiymətləndirib. Buna səbəbsə onların hadisə zamanı islam şüarları səsləndirmələri olub. Qətli törətməkdə şübhəli bilinən şəxslər hadisə yerindən qaçmağa cəhd də göstərməyiblər. Onlar yoldan keçənlərlə söhbət edib, sanki kameralara düşməyə çalışıblar.

Britaniyanın İTV telekanalının saytında yerləşdirilən videoda bu cinayəti törətdiyi iddia olunanlardan biri əsl nitq söyləyib:

Şübhəlilərdən biri
Şübhəlilərdən biri
«Biz onlarla, onlar bizimlə döyüşdükləri kimi döyüşəcəyik. Gözə-göz, dişə-diş…Mən üzr istəyirəm ki, qadınlar bu səhnəni görürlər. Lakin bizim qadınlarımız da öz ölkələrində belə səhnələri görürlər».

Bu iki şəxsə yaxınlaşan bir qadın onlardan əllərindəki silahları yerə atmalarını tələb edib və nə istədiklərini soruşub.

«BİZ LONDON KÜÇƏLƏRİNDƏ MÜHARİBƏYƏ BAŞLAYIRIQ»

«Biz bu gün London küçələrində müharibəyə başlayırıq» deyə onlardan birinin cavab verdiyi xəbər verilir.

Bəzi mənbələr iki şəxsin hadisəni törədərkən ucadan «Allahu-əkbər» qışqırdıqlarını bildirir.

David Cameron Parisdə mətbuat konfransı zamanı
David Cameron Parisdə mətbuat konfransı zamanı
20 dəqiqədən sonra hadisə yerinə polis atəş açaraq, şübhəliləri yaralayıb. Xəstəxanaya aparılan yaralılardan birinin vəziyyətinin ağır olduğu deyilir.

Hadisə vaxtı Fransada səfərdə olan baş nazir David Cameron bəyan edib ki, onun ölkəsi terrorun qarşısında heç vaxt əyilməyəcək.

Bir sıra ekspertlər bildirirlər ki, bu hadisə Əl-Qaidə tərəfindən elan edilmiş yeni taktikaya tamamilə uyğundur.

Təşkilat indiyədək kütləvi ölümlərə səbəb olan aksiyaları dəstəkləyirdisə, indi tərəfdarlarını fərdi cihada çağırır.

Bu cür aksiyalar adətən ayrı-ayrı şəxslər tərəfindən törədilir və onların önlənməsi xüsusi xidmətlər üçün çətinlik yaradır.
XS
SM
MD
LG