Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:40

Balkan yaraqlıları Suriya üsyançılarına qoşulur


Suriya üsyançıları ilə birlikdə savaşan Balkan yaraqlılarının sayı bir neçə yüz nəfərdir.
Suriya üsyançıları ilə birlikdə savaşan Balkan yaraqlılarının sayı bir neçə yüz nəfərdir.
-
Eldar Kundakovic Suriya üsyançılarının həbsxanadan buraxılması üçün savaşırdı. O, ötən ay əl qumbarası ilə öldürülüb. Bashar al-Assad rejiminə qarşı vuruşan yaraqlıların çoxundan onun bir ciddi fərqi olub – Eldar Kundakovic nə Suriyada doğulub, nə bir başqa ərəb ölkəsində.

Kundakovic Serbiyadan – əsasən Bosniya müsəlmanları yaşayan Sandzak rayonunun Novi Pazar şəhərindən gəlmişdi. Onun ölümü barədə Suriya qiyamçılarının internetə yerləşdirdiyi elan bir gerçəyə diqqət çəkir: gənc müsəlmanlar üsyançılara qoşulmaq üçün Balkanlardan Suriyaya axışır.

AzadlıqRadiosu Serbiya, Çernoqoriya, Bosniya-Herseqovina, Makedoniya, Kosovo və Albaniya müsəlmanlarının Balkanlardan Yaxın Şərqə getdiyini üzə çıxarıb.

BALKAN YARAQLILARININ SAYI AZDIR

Assad qüvvələrini dəstəkləyən minlərlə livanlı şiə «Hizbullah» yaraqlısı ilə müqayisədə Suriya üsyançıları ilə birlikdə savaşan Balkan yaraqlılarının sayı azdır – bir neçə yüz nəfərdən çox deyil.

Suriyadakı Balkan yaraqlılarının əksəriyyəti sələfiliyi qəbul edənlərdir. Ancaq Balkanlardakı sələfi liderləri yaraqlıların Suriyaya göndərilməsini yalanlayır, üsyançılara qoşulanların bunu könüllü etdiyini deyirlər.

Sandzak Müftiliyi rəhbərinin müavini Resad Plojovic başqa fikirdədir. O, AzadlıqRadiosuna deyir ki, «bəzi qurum və fərdlər» Balkan müsəlmanlarını Suriyadakı savaşa cəlb edir:
Balkan müsəlmanlarını Suriyadakı savaşa cəlb edirlər
Balkan müsəlmanlarını Suriyadakı savaşa cəlb edirlər
«Müəyyən qurumlarla bağlantıları olan mərkəzlər və fərdlər adamları həvəsləndirir, onları savaş zonasına göndərməyin yollarını da bilirlər. Səmimi olaq. Burdakıların çoxu heç Suriyanın harada olduğunu bilmir. Oraya necə getməyi, orada baş verənlərə necə qoşulmağı belə bilmirlər».

Kundakovic-in atası AzadlıqRadiosuna deyib ki, sonuncu dəfə oğlu ilə telefonla – o, martda Türkiyədən Suriyaya keçəndə danışıb. Esad Kundakovic-in bildirdiyinə görə, oğlu Sandzakdan olan 30 yaraqlıdan ibarət qrupa qoşulubmuş.

«ONLAR ÖZLƏRİNİ MƏSCİDDƏN TƏCRİD EDİRLƏR»

Kundakovic Suriyaya getməzdən öncə radikallaşıbmış. Kundakovic-in orta məktəb dostu olan Anel Grbovic belə deyir. O, Novi Pazarda jurnalistdir və bildirir ki, cihadçıların çoxu Suriyaya yola düşməzdən əvvəl Serbiyanın iki rəsmi islam icmasından uzaqlaşıbmış:

«Faktiki olaraq, burada adamları toplayan qanunsuz qurumlar var. Onların toplaşdığı evlər var. Dini mərasimlərini keçirdikləri obyektlər var. Yəni, onlar özlərini məsciddən təcrid edir, islam cəmiyyəti sistemindən uzaqlaşdırırlar və asanlıqla daha çox bəzi fərd və qurumların təsirinə düşürlər».

Kosovo və Makedoniyada Suriya üsyançıları ilə yanaşı savaşan yaraqlılar AzadlıqRadiosuna deyiblər ki, sünni qardaşlarına Assad rejiminə qarşı müharibədə kömək etmək istəyirlər.
Bosniyada radikal dindarların polislə qarşıdurması
Bosniyada radikal dindarların polislə qarşıdurması
Makedoniyalı bir yaraqlı Vyanadakı bir vasitəçinin araçılığıyla Suriya üsyançılarına qoşulduğunu söyləyir.

«DÖVLƏT İSTİNTAQ VƏ MÜHAFİZƏ AGENTLİYİNDƏ HEÇ KƏS YATMIR»

Şübhələr sələfilərə yönəlir, axı sələfilik «əl-Qaidə»nin əsas ideologiyasıdır. Bosniya-Herseqovina Balkanlarda sələfilərin ən çox yaşadığı yer sayılır. Səudiyyə Ərəbistanından buraya yardım və yatırımlar axır. Suriyada vuruşan bosniyalıların yaxınları onları daha çox sələfi kəndi kimi tanınan Qorniya Maokanın lideri Nusret Imamovic-in göndərdiyini deyiblər. Ancaq Imamovic bu iddialar barədə danışmaqdan boyun qaçırıb.

Bosniya Dövlət İstintaq və Mühafizə İdarəsinin direktoru Goran Zubac deyir ki, sələfilərə ciddi göz qoyulur və onun başçılıq etdiyi idarə bosniyalıların Suriyaya mütəşəkkil daşınmasıyla bağlı azı səkkiz nəfəri sorğu-suala tutub:

«Terrorçuluqla mübarizə öncəlikli işimizdir və fəaliyyətimiz bu bölümün bir hissəsidir. Ondan rahat ola bilərsiniz ki, Dövlət İstintaq və Mühafizə İdarəsində heç kəs yatmır».
XS
SM
MD
LG