Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:55

Əkrəm Əylisli: «Sən nə qanırsan əsər nədir?» (Rəşad Məcidin cavabı)


Əkrəm Əylisli
Əkrəm Əylisli
-

Rəşad Məcid Əkrəm Əylisliyə: "Sizi cavan yaşlarımdan tanımışam, bir yerdə oturub çörək yemişik, yanımızdakı adam çıxıb gedən kimi dalınca danışmısız."


Şərif Ağayarın Azərbaycan Yazıçılar Birliyindən (AYB) çıxarılması və bunun ardınca istefalar...

Azadlıq Radiosunun "Pen Klub" proqramındakı debatda Əkrəm Əylisli, Rəşad Məcid, Elnaz Eyvazlı ilə bu haqda danışdıq.

Şahnaz Bəylərqızı:

- Elnaz xanım, sizi AYB-dən getməyə nə vadar etdi?

E.Eyvazlı:

- Mən 2009-cu ildən bu qurumun üzvüyəm. Konkret olaraq bu 4-5 ildə AYB-də heç kimlə qalmaqalım, intriqam olmayıb. Mən ruhən azad adamam. Bəzən soruşurlar ki, beləsənsə, əvvəldən niyə quruma üzv olurdun? Onda heç bir addım atmayaq da. Heç nə etməyək də. Düzdür, AYB üzvü olmağım mənim obyektivliyimə, düz-əyri yazmağıma təsir etmirdi. Mənə təzyiq-filan olmayıb ki, bunu niyə yazırsan. Amma mən hər hansı dövlət qurumunun üzvüyəm, lap dövlət qurumu olmasın, Azad Yazarlar Birliyi olsun, əgər mən onların mövqeyinə zidd mövqeyimi, fikirlərimi yazıramsa, istər-istəməz narazılıq yaranacaq. Əmin deyildim ki, buna görə məni ordan çıxarmayacaqlar. Ona görə də nə vaxtsa bu cür problemlər yaşamaq istəmədim. Tam arxayın olmaq istədim ki, yazı yazanda azadam, təpkiylə üzləşməyəcəm.

“MƏN OLSAYDIM ANARIN YERİNƏ...”

Ş.Bəylərqızı:

- Rəşad bəy, AYB-nin son qərarından sonra bu qurumdan gənclər istefa verdilər. Bu qərarla AYB nə itirdi, sizcə? Və bu qədər diqqət çəkəcəyinizi gözləyirdinizmi?

Rəşad Məcid:

- Vallah, burda elə bir hadisə görmürəm. 5-6 nəfər təşkilatın üzvlüyündən çıxıb. Bizim də 1500 üzvümüz var. 1300 nəfəri Elnaz xanım kimi yazardır. Onların çıxmağı daha da yaxşı olar. Elnaz xanımla bağlı yadımda qalan odur ki, atası ilə Fikrət Qocanın yanına gəlib təqaüd istəyirdi. Onun dediyi bir məsələ məni heyrətləndirdi. Deyir: “Yazı yazanda düşünürdüm ki, buna Yazıçılar Birliyində necə münasibət göstərəcəklər”. Sənin yazını AYB rəhbərliyi oxuyub ki, münasibət də bildirsin?.. Qaldı Yazıçılar Birliyindəki demokratik mühit haqda fikirlərə, Cavid Zeynallı AzadlıqRadiosunun saytında Anar haqda, ağsaqqal adam, Azərbaycanın tanınmış yazıçısı haqda qeyri-etik ifadələrlə məqalə yazıb, təhqir elementləri var orda. Mən olsaydım Anarın yerinə, Cavidi AYB-dən çıxarardım. Amma Anar müəllim onun tabeliyində olan “Azərbaycan” jurnalında romanın çıxmasına eyham da vurmayıb. Bu cavan uşaqlara qəfildən belə mühit yarandı, hamısı havalandı, ayaqlarının altını görmürlər.

Elnaz Eyvazlı
Elnaz Eyvazlı


“O GƏLİB 20 İL ANAR MÜƏLLİMİN YANINDA OTURMALIDIR Kİ…”

Ş.Bəylərqızı:

-Sizcə, AYB rəhbərliyi tənqid olunmamalıdır?

R.Məcid:

- Tənqid olsun, təhqir elementi olmasın. 75 yaşlı adama cavan uşaq, özü də AYB üzvü… O gəlib 20 il Anar müəllimin yanında oturmalıdır ki, onun baxışından, ədəbiyyat yaddaşından bəhrələnsin. Vaxtından qabaq tərifləndilər, havalandılar. Səhv olub.

E.Eyvazlı:

- Rəşad müəllim deyir ki, atamla Yazıçılar Birliyinə gəlmişəm. Mənim atamla Fikrət Qoca dostdur. Mənim atam dənizçidir, Fikrət Qoca da AYB katibidir. Mənim atam Yazıçılar Birliyinin qapısını da tanımır, Bakının harasında yerləşdiyini də bilmir. Sadəcə, mən Birliyə gələndə Fikrət müəllimlə də görüşmüşəm. Bir dəfə soruşdu ki, təqaüd almısan, dedim yox, götürdü Rəşad müəllimə zəng vurdu.

R.Məcid:

- Yaxşı bəs deyirsən ki, yazı yazanda Fikrət Qocanın, ya başqalarının nə deyəcəyini düşünürdüm. Nə vaxt belə hal olub?

E.Eyvazlı:

- Mən demədim ki, Fikrət müəllim nə deyəcək, Anar müəllim nə deyəcək. Mən ərizəmdə də göstərmişəm ki, heç bir qurumun üzvü olmaq istəmirəm.

Ş.Bəylərqızı:

- Rəşad bəy, israrla bir fikri vurğulayır ki, AYB-də yazdıqlarına və ya düşündüklərinə görə heç kimə təzyiq göstərilmir. Amma Şərif Ağayarla bağlı situasiya əksini göstərdi. Şərif Ağayar katib haqda fikrini dedi və buna görə də qurumdan uzaqlaşdırıldı.

R.Məcid:

- Şərif Fikrət Qocanı təhqir etmişdi. Mən bunun günahını heç Şərifdə də görmürəm, günahı informasiya-kommunikasiyanın inkişafında görürəm. Şərifi telefon zəngi görünür elə yerdə yaxalayıb ki, halının-ovqatının elə vaxtında… Jurnalist də bunu götürüb yazıb. İkincisi, orda həm Fikrət Qocanın fiziki varlığına ironik yanaşan ton var, həm də ittihamlar səslənir ki, satıb, dağıdıb, nə edib… Şərif buna qədər də Yazıçılar Birliyindən bir dəfə istefa verib. Sonra Mədəniyyət və Turizm Nazirliyində işləyərkən dövlətin ədəbiyyata gəstərdiyi qayğıdan bəhrələnmək istədi, yenidən onu üzvlüyə qəbul etdilər. Orda da belə düşünürlər ki, bağda ərik varıydı, salamməleyk vardı, Şərif təqaüd almaq istəyirdi, ona görə AYB-yə yenidən girdi, təqaüd qurtarıb, indi də AYB-dən uzaqlaşmaq istəyir.

C.Zeynallı:

- Fikrət Qoca müsahibəsində deyib ki, Şərif Ağayarın AYB-dən uzaqlaşdırılmasının tərəfdarı olmayıb. AYB-nin təbiriylə desək, təhqir olunan insan həmin fikir müəllifinin birlikdən çıxarılmasını istəmirsə, katiblik necə olur belə qərar verir?

R.Məcid:

- Həmin iclasda Fikrət Qoca iştirak etməyib, ancaq katiblər bu haqda yekdil qərar veriblər.

Rəşad Məcid
Rəşad Məcid


“ŞƏRİF AĞAYARI AYB-DƏN ÇIXARMAQ İNZİBATİ ZORAKILIQDIR”

Əkrəm Əylisli:

- İndiki məqamda Yazıçılar Birliyinin fəaliyyəti haqda söz demək mənim üçün çox da asan deyil. 20 ildən çoxdur ki, mən AYB-nin qapısından içəri girmirəm. Mən Yazıçılar Birliyindən bu təşkilatın üzvü olmağın mənəvi məsuliyyətini üstümdən götürmək məqsədil çıxmışam. AYB-dən çıxmaq ərizəmdə bunu xüsusi vurğulamışam. AYB-dən indi çıxanlar da mənəvi məsuliyyəti duyaraq bu addımı atıblarsa, onları alqışlamağa hazıram. Çünki bu qurumun indiki durumu həqiqətən ürəkaçan deyil. Bu durum çağdaş ədəbiyyatımızın sağlam əsaslar üzərində real inkişafına təsir göstərə bilmir. Burda xəstə meyllər gün-gündən artır, tənqidə həddən-ziyadə dözümsüzlük hiss olunur. Yenilikçi ədəbi gəncliyin istək və arzularına görünməmiş dərəcədə göz yumulur. Bu qurum bədii yaradıcılıqla məşğuldursa, bəs bu amiranəlik, özündənrazılıq, impozant məmur ədaları hardan, necə peyda olub: “Mən buranın yiyəsiyəm, bəs sən kimsən, Şərif Ağayar? Deyəsən, o xaraba Laçında müəllimlərin sənə yaxşı tərbiyə verməyiblər. Bizim 1500 nəfərlik basılmaz yazıçı ordumuz var, bəs sənin kimin var, Şərif Ağayar?” Bir vaxt Sabir Əhmədov deyirdi ki, indi Yazıçılar İttifaqı yoxdur, katiblər ittifaqı var. Rəhmətliyin o vaxt dediyinə indi necə inanmayım? Sovet dövründə AYB-nin kifayət qədər işgüzar İdarə Heyəti vardı, bu heyət azı ildə iki dəfə plenum keçirir, ədəbiyyatın durumunu müzakirə edirdi. Onun razılığı olmadan heç nəyi həyata keçirmək mümkün deyildi. Bugünkü demokratiya şəraitində AYB-dəki duruma fikir verin. İndi qoy Rəşad qardaşım desin görüm bu İdarə Heyəti son 5-6 ildə neçə dəfə toplaşıb, nəyi müzakirə edib? AYB-də qüdrətli aparat olan Rəyasət Heyəti indi Ağsaqqallar Şurası adlanır. Bu Şura ədəbiyyatın hansı məsələlərini müzakirə edib? Bu da onu göstərir ki, Sabir Əhmədiov demiş, AYB katiblər ittifaqıdır. Nəyi necə bilirlər həll edirlər. Götürək Şərif Ağayar məsələsini. Şərif Ağayarı heç bir kollegial toplantı olmadan, məsləhətləşmədən, bir adamın kefinə düşüb Yazıçılar İttifaqından çıxarıblar. Bunu etmək zorakılıqdır.

Ş.Bəylərqızı:

- Əkrəm bəy, Rəşad bəy deyir ki, Şərif Ağayar yaşlı katibi təhqir edib deyə üzvlükdən çıxarılıb.

Ə.Əylisli:

- Bu, inzibati zorakılıqdır. Mənim əqidəmə görə, tutduğu mövqedən asılı olmadan heç kim başqası haqda hökm verə bilməz… Mənə elə gəlir ki, Şərif Ağayar daxilən zərif adamdır və o anda Şərif Ağayar əsəbi olub. Yəni yazıçının o halından istifadə edib təşkilatdan uzaqlaşdırmaq tamam yanlışdır. Mən onu təqdir etmirəm.

R.Məcid:

- Əkrəm müəllim deyir ki, 20 ildir Yazıçılar Birliyində olmur. Amma İdarə Heyəti, Ağsaqqallar Şurası haqda danışdı. Şuranın sədri Vaqif Səmədoğludur və ara-sıra ciddi məsələlərə münasibət bildirilir. İdarə Heyəti də müvafiq vaxtlarda yığışır, amma ən çox katiblik rol oynayır. Elə “Daş yuxular”la bağlı da Yazıçılar Birliyinin münasibəti haqda katiblik bəyanat verdi. Əkrəm bəy deyir ki, son vaxtlar ədəbi gəncliyin arzularına göz yumulub. Biz ədəbi gəncliyin nə qədər nümayəndəsini üzvlüyə qəbul etmişik, prezident sərəncamı ilə hər il 20 nəfərə təqaüd verilir, “Ulduz” jurnalını bir neçə dəfə onların ixtiyarına vermişik. AYB-də heç vaxt gənclərlə bağlı belə mütəhərrik və genişürəkli münasibət olmayıb. Şərif Ağayara gələndə, mən də dedim, ola bilsin telefon zəngi onu elə yerdə haqlayıb ki, reaksiyası bir az sərt olub. Amma Şərif Ağayar bundan əvvəl də Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı idi və ordan da işdən çıxarılıb. Onun işdən çıxarılmasının səbəbi elə bizim hörmətli yazıçımız Əkrəm Əylisli və onun “Daş yuxular”a münasibəti oldu.

Ə.Əylisli:

- Olmazmı sən bu məsələni qaynatmayasan? Sən mənim qanımı işməyə çox həvəslisən deyəsən.

R.Məcid:

- Şərif Ağayar da sizi müdafiə etdi və hökumətin…

Ə.Əylisli:

- Əzizim, mən bədii əsər yazmışam. Yazıçılar İttifaqı 37-nin havasını udub. Bunu Allah da bilir, bəndə də. Allah varsa, siz də, balalarınız da buna görə xəcalət çəkəcəksiz. AYB-nin indiki vücudu sizin balalarınıza idbar, alçaq, 1930-cu illərin namussuz həyatını yaşayan cəmiyyət kimi görünəcək. Buna mən arxayınam… Nə böyük qəhrəmanlıq eləmisiz. Əkrəm Əylislini – Azərbaycan ədəbiyyatında xidmətləri danılmayan adamı guya AYB-dən çıxarmısız. Bu məsələni niyə qabardırsan?

R.Məcid:

- Əsəbiləşməyin. Mən sizin Şəriflə bağlı ürək yanğınıza gəlirəm ki, sizinlə bağlı məsələlərdə həddindən artıq həssaslıq göstərdi və nəticədə də Azərbaycan dövlətinin mədəniyyət siyasətini həyata keçirən qurumdan uzaqlaşdırıldı.

Ə.Əylisli:

- Şərif mənə görə uzaqlaşdırılıb? Bu doğru deyil axı.

Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı


R.Məcid:

- Söhbət Şərifin dövlətin siyasətinə məmur kimi fərqli münasibətindən gedir, etməli olmadığı işləri gördü. Eləcə də Səməd Vurğuna, başqa məsələlərə fərqli, ziddiyyətli münasibət göstərdi. Məmur kimi bu olmaz. Amma azad yazar kimi əlbəttə Əkrəm Əylislinin əsərinə də münasibət bildirər, başqa məsələyə də. Eləcə də AYB üzvü, 77 yaşlı ağsaqqal yazıçını təhqir edir. Rəhmətə gedən başqa şairi təhqir edir. Deyir ki, Ayxan Ayvaz Rəsul Rzadan istedadlıdır. Rəsul Rza Azərbaycan ədəbiyyatında “Rəhbər” kimi intellektual poeziya nümunəsi yaradıb. Bir balaca uşağı onunla müqayisə edir. Mən də fikirləşirəm ki, ola bilsin onun psixi durumu yerində deyil. Şərif özü seçdi bu yolu, bu həyatı. Sizə münasibətdə həddən artıq həssas oldu və belə vəziyyətə düşdü.

Ə.Əylisli:

- Rəşad, o təşkilat 30-cu illərdə “pantürkist” adıyla adamları ölümə göndərib.

R.Məcid:

- Əkrəm bəy, heç kim heç kimi harasa göndərmir. Siz rahatca gəzirsiz. İnsanların sizə münasibəti dəyişir-dəyişmir…

Ə.Əylisli:

- Çox sağ olun, çox böyük hörmətlər göstərmisiz mənə. Bunların əvəzini Allah versin sizə.

R.Məcid:

- Siz də öz əsərinizlə xalqa…

Ə.Əylisli:

- Sən mənim əsərimi nə qanırsan, sən nə qanırsan əsər nədir? Sən nə bilirsən bu əsərə 10 il sonra hansı qiymət veriləcək? Bir dəfə bir hekayə yazmışdın, mənə deyirdin ki, onun altında böyük fikir deyilib. Bir az insaflı ol. Sən belə deyildin. Yadına sal cavanlığını, keçmişini. Nə oldu?

R.Məcid:

- Yazıçı olmaq üçün istedad, zəhmət lazımdır. Amma yazıçı olmaq üçün həm də xıltsız, kinsiz, nifrətsiz, riyadan uzaq ürək lazımdır. Sizi cavan yaşlarımdan tanımışam, bir yerdə oturub çörək yemişik, yanımızdakı adam çıxıb gedən kimi dalınca danışmısız.

Ə.Əylisli:

- Alçaq sözlər danışma. Məm adam dalınca danışan deyiləm. Vicdanın olsun. Mən dalca danışanam, ay Rəşad? Sənin Allahın olsun. Sən insaf deyilən şeyi yaddan çıxarmısan.

R.Məcid:

- Allah sizə də insaf versin, mənə də.

Ə.Əylisli:

- Elə sözlər deyir, adamın kalı tökülür dəymişi durmuş yerində. Özü də bilə-bilə kim kimdir, nədir. Nə olub bu dünyaya? Mənim pərəstişkarım kimi özünü aparan Rəşad Məcid indi nəyə görə bu qədər dönməlidir? Məni bu yandırır.

R.Məcid:

- Bir dəfə bizim bir dostumuz yaxşı çıxış etdi. O çox gözəl Azərbaycan dilində danışırdı. Siz dediniz ki, Rəşad, heç bu cür gözəl Azərbaycan dilində danışan pis adam ola bilərmi? Bu 20-25 il qabağın söhbətidir. Bi fikir həmişə beynimdə dolanıb. Son hadisələrdən sonra düşünürəm ki, niyə olmur? Gözəl Azərbaycan dilində bilmək məhz yaxşı adam olmaq deyil. Qəlbinin təmizliyi vacib məsələdir. Xilt, paxıllıq olmamlaıdır yazıçıda. 77 yaşda da, 40-da da, lap 27-də də üzə çıxır adamı yazıçı olmağa qoymur.

Ə.Əylisli:

- Ay Rəşad, ay Rəşad… Nədir üzə çıxan? Sizin talantsız saydığınız o əsərlə bağlı yüzlərlə məktub almışam. Mənə rus yazıçısı, dünya yazıçıları yazıb ki, sən bu əsərlə Azərbaycan xalqının şərəfini, ləyaqətini yüksəltdin. Mən buna inanım, yoxsa dünən gözəl qəzet çıxarıb, bu gün məzhəbini dəyişən, heç özü də nəylə məşğul olmadığını bilməyən birinə inanım? Bir nəfər yazmışdı ki, biz bilsəydik Azərbaycan xalqının şüurunda bizə bu qədər rəğbət və hörmət var, biz Dağlıq Qarabağın Azərbaycandan çıxmasını istəməzdik, biz azərbaycanlılarla bir yerdə yaşayardıq. Mən də bu əsəri bu məqsədlə yazmışam. Bəlkə sən də bilirsən mən bu əsəri nə məqsədlə yazmışam. Amma hava gəlir, qara yel əsir, qara yel əsəndə qoşulursuz o yellə birgə insana, onun ailəsinə qarşı... Asılmalıydım mən? Mən bu mövzuya qayıtmaq istəmirdim. O möhtəkircəsinə bu mövzunu soxdu ortaya...

PROQRAMI TAM İZLƏ
XS
SM
MD
LG