Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:26

Vahid namizəd məsələsində problem yox, suallar var


Gülağa Aslanlı
Gülağa Aslanlı
-
Hakim partiya oktyabrda prezident seçkilərinə yenə də indiki prezident İlham Əliyevlə gedir. Bununla bağlı yekun qərar partiyanın iyunun 7-də keçirilən 5-ci qurultayında qəbul edilib.

Müxalif düşərgədə də bəzi partiyalar öz namizədlərini bəyan ediblər.

Bir sıra müxalifət partiyaların, ictimai birliklərin, ayrı-ayrı ictimai xadimlərin və ziyalıların təmsil olunduğu Milli Şura yaradılandan sonra belə qərara gəlinib ki, seçkiyə vahid namizədlə gedilsin. Hətta Şuranın ilk iclasında vahid namizədin də elan olunması təklifi səslənib. Amma səs toplamadığı üçün həmin təklif keçməyib.

RÜSTƏM İBRAHİMBƏYOVLA BAĞLI İKİ PROBLEM

Məsələ sonraya saxlanılıb. Müsavat başqanının müavini Gülağa Aslanlıya görə, məsələnin sonraya saxlanması və indiyə qədər həll olunmaması bəzi problemlərlə bağlıdır. Onun dediyinə görə, Milli Şura elan olunanda vahid namizədin Milli Şura sədri Rüstəm İbrahimbəyov ola biləcəyi haqda fikirlər səslənsə də, ortada bir neçə çatışmayan məqam var. Birincisi, Rüstəm İbrahimbəyov hələ Azərbaycana gəlməyib, ikincisi də o, vahid namizədliklə bağlı konkret rəyini açıqlamayıb.

«MÜSAVAT BAŞQANI BİR ŞƏRTLƏ NAMİZƏDLİYİNİ GERİ GÖTÜRMƏYƏ HAZIRDIR»

Gülağa Aslanlıya görə, Rüstəm İbrahimbəyov Azərbaycana gəlib öz seçki platformasını açıqlayacaqsa, orda xalq və dövlətçilik əleyhinə məqamlar olmayacaqsa, onda Müsavat başqanı Rüstəm İbrahimbəyovun xeyrinə namizədliyini götürməyə hazırdır:
Eldar Namazov
Eldar Namazov
«Müsavat Partiyasının başqanı İsa Qəmbər Milli Şuranın yarandığı iclasda öz sözünü deyib və biz öz sözümüzün ağasıyıq».

ELDAR NAMAZOV: «PROBLEM YOXDUR, GÖRÜLƏSİ İŞLƏR VAR»

Milli Şuranın icra aparatının rəhbəri Eldar Namazov isə vahid namizəd məsələsində problem yox, bəzi görüləsi işlərin olduğunu deyir. O, buna da iyunun sonlarında Rüstəm İbrahimbəyovun Bakıya gəlişi zamanı aydınlıq gətiriləcəyini bildirir. Qaldı vahid namizəd məsələsində ondan konkret fikir istənilməsinə, Eldar Namazov Rüstəm İbrahimbəyovun bununla bağlı dəfələrlə öz mövqeyini açıqladığını xatırladır:

«Rüstəm bəy elan edib ki, təxminən iyunun 25-də Azərbaycana qayıdacaq. O, müsahibələrində bildirib ki, ona bu etimad göstərilərsə, vahid namizəd olmağa razılıq verəcək. Yəni problem yoxdur. Burda bu və daha bir neçə məsələ ilə bağlı suallar var. Rüstəm müəllim Bakıya qayıdandan sonra onun iştirakı ilə bu suallar müzakirə olunacaq».

MÜBARİZ QURBANLI: «İNANMIRAM Kİ, ONLAR BİR ŞƏXS ÜZƏRİNDƏ DAYANSINLAR»
Mübariz Qurbanlı
Mübariz Qurbanlı

Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı isə müxalifətin vahid namizəd məsələsində razılığa gələcəyinə şübhə ilə yanaşır:

«Birincisi mən inanmıram ki, onlar bir şəxs üzərində dayansınlar. İkincisi, onların bir şəxs üzərində dayanması belə Azərbaycanda ictimai-siyasi prosesə və seçkilərdə onların düşündüyü kimi elə böyük nəticəni verməyəcək. Kimin namizədliyini verirlər versinlər, bu, heç nəyi dəyişən deyil. Müəyyənləşdirsələr nə olacaq, möcüzəmi baş verəcək? Müəyyənləşdirsinlər, kim gəlir-gəlsin. Onların elektoratı radikal dairələrin elektoratıdır ki, bunun da Azərbaycan cəmiyyətində çəkisi 2-3 faizdən o tərəfə keçməz. Ona görə biz narahat deyilik».

Mübariz Qurbanlıya görə, hakim partiya öz namizədinin seçkilərdə qalib gəlməsi üçün hazırladığı proqram üzrə hərəkət etməkdədir və bu baxımdan digər namizədlər onları o qədər də narahat etmir.

PROBLEM HƏM YOXDUR, HƏM DƏ VAR
Fuad Qəhrəmanlı
Fuad Qəhrəmanlı

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da vahid namizəd məsələsində müxalifətin bir araya gəlməsində problem görmür. Mediada problemlərlə bağlı yazılanlara gəlincə, deyir buna o yox, digərləri münasibət bildirsə, daha yaxşı olar:

- Məncə, bu məsələ ilə bağlı media, vətəndaş cəmiyyətləri, hüquq müdafiəçiləri və ictimai fəallar mövqe bildirsələr, daha yaxşı olar.

- Demək problemlər var?

- Buna cəmiyyətin siyasi partiyalarda təmsil olunmayan kəsimi münasibət bildirsə, daha yaxşı olar...

Hələ Milli Şura yaranmazdan əvvəl vahid namizəd ideyasının Əli Kərimliyə məxsus olduğunu deyən Fuad Qəhrəmanlı partiya sədrinin bu məsələ ilə bağlı konkret mövqe bildirdiyini vurğulayır. O, Milli Şuranın vahid namizəd ideyası baş tutacağı halda Əli Kərimlinin öz namizədliyini irəli sürməyəcəyini sözlərinə əlavə edir.
XS
SM
MD
LG