Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:34

Səttar Mehbalıyev «biz işçinin yanındayıq» deyir...


Ankarada həmkarlar ittifaqlarının aksiyası, 17 iyun 2013
Ankarada həmkarlar ittifaqlarının aksiyası, 17 iyun 2013
-
Türkiyənin aparıcı qəzet və TV-lərinin məlumatına görə, ölkənin 800 min işçini əhatə edən 5 «sendikası» – həmkarlar ittifaqı hökumətin Gəzi Parkı olayları ilə bağlı siyasətinə etirazını bildirmək üçün tətil elan edib. İyunun 17-də Ankara, İzmir və İstanbulda etiraz yürüşləri keçirilir. Bəs bənzər hadisə Azərbaycanda baş versə, yerli həmkar qurumları necə davranardı? Kütləvi tətillərə çağırış edə və onun başında dura bilərdimi?

«TƏTİL KEÇİRMƏK MÜMKÜN DEYİL»

Vətəndaşların Əmək Hüquqları Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov deyir ki, Azərbaycanda tətil keçirmək çox çətindir. Ən azı, hüquqi baxımdan. Onun bildirdiyinə görə, bununla bağlı qanunvericilikdə ciddi məhdudiyyətlər qoyulub, həmkarlar təşkilatları ilə bağlı qanunlar son illərdə sərtləşdirilib.

O ki qaldı həmkarlar ittifaqının vəziyyətinə, Sahib Məmmədovun fikrincə, bütün dünyada olduğu kimi, Azərbaycanda da nə hökumət, nə də işəgötürənlər həmkarlar ittifaqını sevir:

«Elə ölkə yoxdur ki, hökumət orada həmkarlar ittifaqını sevsin. Məsələn, ABŞ-da işçilərin cəmi 8 faizi həmkar ittifaqına üzvdür. Bu ölkədə həmkarlar ittifaqını həmişə sıxışdırıblar, hətta 140 il qeydiyyata almayıblar. Avropada bənzər təşkilatlar həmişə əziliblər. İndi hökumət və biznes qurumlarının həmkarlar birliklərinə dözümü əməkdaşlıqdan deyil, əlacsızlıqdan qaynaqlanır. Bir sözlə, bizdə də həmkarlar ittifaqlarını sevmirlər. Xarici şirkətlər Azərbaycana girən kimi hökumətin və yerli şirkətlərin köməyi ilə həmkarlar ittifaqlarını əzdilər».

«İŞƏGÖTÜRƏNİN QEYRİ-RƏSMİ STRUKTURU – HƏMKARLAR İTTİFAQI»

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı da bu fikirdədir ki, transmilli korporasiyaların gəlişi ilə Azərbaycanda həmkarlar ittifaqları çökdü – Əmək Məcəlləsinə işçilərin xeyrinə olmayan ciddi dəyişikliklər edildi, həmkarlar ittifaqlarının bir sıra səlahiyyətləri məhdudlaşdırıldı:
Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı
«1997-ci ildə işəgötürənin nəzarətində olan, bir növ işəgötürənin qeyri-rəsmi strukturuna çevrilən həmkarlar ittifaqı yarandı. 2012-ci ildə 13 neftçi iş başında həlak olub, ancaq həmkarlar ittifaqı susur. Təqaüdçülər məcburi işdən çıxarılır, həmkarlar ittifaqı yenə susur. Onlar elə düşünürlər ki, həmkarlar ittifaqı işçiyə ancaq kurort və ya sanatoriyalara yollayış vermək, bir də maddi yardım göstərmək üçündür. 2009-cu ildə Əmək Məcəlləsinə dəyişiklik edildi ki, həmkarlar ittifaqının razılığı olmadan işəgötürən işçini işdən çıxara bilməz. Çox təəssüflər olsun ki, bu razılıq asanlıqla verilir».

HƏMKARLAR İTTİFAQININ RAZILIĞI İLƏ EVİNDƏN OLDU?

Bədirxan Mirzəyev 23 il neft sahəsində çalışıb. Onun qazancı aldığı mənzil olub. Amma ötən il Dövlət Neft Şirkəti məhz həmkarlar ittifaqının razılığı ilə onu yaşadığı mənzildən çıxarıb və bu mənzilə başqasının köçürülməsinə razılıq verib:

«Neft Şirkətinin silahlı adamları evə basqın edib qapını sındırıblar. Uşaqları çölə çıxarıblar. İşi məhkəməyə vermişəm. Bütün məhkəmələr mənim xeyrimə qərar çıxarıb. İş verilib icraya, onlar da icra etmək istəmirlər».

«ONLARIN İŞDƏN GETMƏSİ ÜRƏYİMDƏN OLDU»

Bu ilin martında «Bos Shelf» şirkətində başlanan tətil yəqin yaddan çıxmayıb. O zaman işçilər maaşlarının artırılmasını, xarici işçilərlə onların arasındakı fərqin aradan qaldırılmasını və əcnəbi həmkarlarının onlarla daha ləyaqətli davranmasını tələb edirdilər.

«Bos Shelf» şirkətində tətil - 18 mart 2013
«Bos Shelf» şirkətində tətil - 18 mart 2013
«Bos shelf» şirkətinin Azad Həmkarlar İttifaqının sədri Allahyar Eyyubov deyir ki, işçilərin tələbləri, qismən də olsa, yerinə yetirilib. Hələlik maaşlar artırılmasa da, maaş fərqi və əcnəbi işçilərin rəftarı ilə bağlı iradlar həllini tapıb. Allahyar Eyyubov bəzi adamların işdən uzaqlaşdırıldığını təsdiqləsə də, bunun başqa səbəblərdən irəli gəldiyini bildirdi:

- Bu adamlar birbaşa hadisələrə görə işdən uzaqlaşdırılmayıblar. Şirkətin sərt tələbkarlığına, iş rejiminə uyğun gəlməyən 3-4 məsul şəxs ordan getdi. Bu, mənim şəxsi fikrimdir. Onlar anladılar ki, bu rəhbərliklə işləyə bilməyəcəklər.

- Bəs siz həmkarlar ittifaqının rəhbəri kimi vəziyyətlə maraqlandınız?

- Maraqlandım. Açığı, bu adamlar vaxtilə burda həmkarlar ittifaqının yaradılmasına, azərbaycanlı işçilərin hüquqlarının müdafiəsinə müqavimət göstəriblər. Açıq və səmimi deyirəm, onların getməsi ürəyimdən oldu.

SƏTTAR MEHBALIYEV: «BİZ İŞÇİNİN YANINDAYIQ»

Allahyar Eyyubov əmindir ki, xarici şirkətlər Azərbaycanda oturuşmasaydılar, həmkarlar ittifaqı yerli işəgötürənlər tərəfindən boğula bilərdi.

Mirvari Qəhrəmanlının fikrincə, Azərbaycanın həmkarlar təşkilatları işçinin hüquqlarını qorumur, onun yanında durmur. Həmkar qurumları Avropada tətillərə başçılıq edir, amma Azərbaycanda siyasi hakimiyyətin iradəsinə tabedir:
Səttar Mehbalıyev
Səttar Mehbalıyev

«Həmkarlar ittifaqı qeyri-siyasi qurumdur. Ancaq bu gün bu təşkilat İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürür. Bu, səlahiyyəti aşmaqdır. Qanuna ziddir. Kim səlahiyyət verib ki, təşkilat üzvləri adından belə qərar verirsən? Axı onların arasında müxalif düşüncəlilər, fərqli namizədi dəstəkləyənlər də var... Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Səttar Mehbalıyev bircə şeydə maraqlıdır – idarə və müəssisələrdən 25 faiz üzvlük haqqının Konfederasiyanın hesabına köçürülməsində. Bu ildə 4 milyon manat edir. Bunun müqabilində Konfederasiya nə edir? İşçinin, heç olmasa, sosial hüquqlarını müdafiə edirmi?».

Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Səttar Mehbalıyev Cenevrədə olduğundan çox qısa danışdı və AzadlıqRadiosuna açıqlamasında söylənən iradlarla razılaşmadı:

«O adamlar hər şeyi səhv başa düşüb, səhv deyirlər. Elə şey ola bilməz. Biz konfederasiya olaraq işçilərin yanındayıq».
XS
SM
MD
LG