Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:31

Umberto Eco. Qadınlara həsr olunur


Umberto Eco
Umberto Eco
-


Bu o demək deyil ki, bütün tariximiz boyu varlıq və dünya düzəni haqda düşünən qadın filosoflar olmayıb. Olub, sadəcə kişi filosoflar onların bütün fəlsəfi tapıntılarını özləri üçün yazıb götürüb, sonra isə onları unudublar.


Umberto Eco


Qadınlara həsr olunur


TARİXDƏ YAŞAMIŞ QADIN FİLOSOFLAR HAQQINDA


(Namiq Hüseynli çevirib)


Qədim zamanlarda deyirdilər ki, kişi əbədiyyat haqqında düşünə bilər, qadınsa ona məna verər.

Bu deyimi ən fərqli mənalara yozmaq olar.

Məsəlçün, kişi özü dünyaya uşaq gətirə bilməz, amma Zenonun paradoksları üzərində düşünməklə təsəlli tapar.

Bu cür deyimlərin əsasında bütün tarix boyu (ən azından XX əsrə qədər) yer üzündə böyük şairələr və böyük qadın yazarlar, görkəmli qadın alimlər ortaya çıxsa da, nə qadın filosoflar, nə də qadın riyaziyyatçılar olmaması dayanır.

Qadına qarşı belə yanlış münasibət uzun zaman ərzində onların rəsm və heykəltaraşlıq sahəsində də istedadsız olması illüziyasını yaradıb.

Lakin orta əsrlərdə Rosalba Karriera (Rosalba Carriera) və Artemiza Centileski (Artemisia Gentileschi) kimi tək-tük qadın rəssamların da yaşadığı məlumdur.

Bu onunla izah oluna bilər ki, orta əsrlərdə rəssamlar əsasən kilsələrdə və sarayların divarında freskalar çəkirdi, belə olan halda qadın üçün donla hündür taxtabəndlərə çıxmaq, ya da əlinin altında otuz ustadan ibarət emalatxana saxlamaq əlçatmaz bir şey idi.

Amma rəssamlar dəzgah arxasında işləməyə başladıqdan dərhal sonra, qadın rəssamlar da ortaya çıxdı.

Eyni şeyi yəhudilər haqqında da demək olar, onlar incəsənətin çox sahəsində böyük uğurlar əldə etsələr də, rəssamlığın qapıları həmişə onların üzünə bağlı olub.

Yəqin ki yəhudilər arasında ilk rəssam kimi tanınan ilk adam Mark Şaqal (Mark Chagall) olub.
Hypatia
Hypatia

Yəhudi incəsənəti həqiqətən məşhur idi, amma ilk növbədə musiqi ilə, vizual sənətlərdə isə yəhudilər demək olar ki yox kimi idi, çünki onların dininə görə tanrıyla rəsm vasitəsilə əlaqə yaratmaq yolverilməz idi.

Bununla belə yəhudilərin bir çox qədim əlyazmalarını dahiyanə vizual əsərlər hesab etmək olar.

Problem ondaydı ki, vizual sənətin Kilsənin əlində toplandığı dövrdə heç vaxt yəhudilərə Müqəddəs Ananın, ya da çarmıxa çəkilmiş İsanın rəsmini çəkməyə izn verməzdilər. Belə bir şeyə yol vermək bir yəhudini Roma papası seçmək kimi bir şey idi.

Balonya Univerisitetinin xronikasında qadın müəllimlərdən Betissiya Qozzadininin (Bettisia Gozzadini) və Novella D'Andreanın (Novella d'Anrea) adları çəkilir, deyilənə görə onlar hər ikisi o qədər gözəliymişlər ki, tələbələrin fikrini dağıtmamaq üçün mühazirələri duvaqla oxumağa məcbur olublar.

Amma onların heç biri fəlsəfə dərsi keçmirdilər. Həmçinin fəlsəfə tarixi kitablarında biz dialektika və ilahiyyat dərsi keçən bircə qadın adına da rast gəlmirik.

Təkcə Abelyarın (Pierre Abailard – fransız folosofu) tələbəsi və sevgilisi olan Eloizanı (Eloisa) yada salmaq bəs edər ki, orta əsrlərdə nəzərə çarpan, savadlı qadınlarla kilsənin necə davrandığını anlayasan. Bu bir neçə dil bilən, dərin dünyagörüşünə sahib qadın kilsənin onu təyin etdiyi qadın monastırının rəhbərliyi ilə kifayətlənməli olur.

Bizim dövrümüzdə yaşamış qadın filosof Mariya Tereza Fumaqallinin uzun-uzun bəhs etdiyi rahibəlik probleminə də ciddi yanaşmaq lazımdır. Orta əsrlər cəmiyyətində monastır rəhbərliyində təmsil olunan qadınlar təkcə rahibələr üçün mənəvi müəllimə, öz monastırı üçün çalışan istedadlı təşkilatçı və siyasətçi deyil, həm də o dövrün intellektual təbəqəsinin parlaq simaları olurdular.

Hər bir yaxşı fəlsəfə kitabında hətta bu gün belə bizi metafizik dünyagörüşü və sonsuzluğa baxışı ilə heyran qoyan Siyenalı Katerina (Catarina da Siena), Hildeqard fon Binqenin (Hildegard de Bingen) adı çəkilməlidir.

Mistikləri filosof saymamaq doğru deyil, çünki fəlsəfə tarixində Suzo (Suso), Tauler (Tauler), Meyster Ekhard (Meister Eckhart) kimi mistik-filosoflara xeyli yer ayrılır. Qadın mistiklərin abstrakt ideyaya deyil də, cismani şeylərə diqqət ayırması güya onları filosofluqdan çıxarır, belə olan halda fəlsəfə kitablarından Merlo-Ponti (Maurice Merleau-Ponty - frasız filosofu) kimi dahi filosofun da adını çıxartmaq lazımdır.
Aspasia
Aspasia

Feministlər beşinci əsrdə Platon fəlsəfəsi və riyaziyyat tədris edən qəhrəmanları İsgəndəriyyəli Hipatianı artıq çoxdan göylərə ucaldıblar. Hipatia qadın fəlsəfəsinin həqiqi simvoluna çevrilib, baxmayaraq ki, onun haqqında xatirələrdən başqa heç bir əsəri bizə gəlib çatmayıb.

Bütün əsərləri, elə Hipatianın özü də qızışdırılmış xristianların əli ilə məhv edilib. Tarixçilərin sözünə görə isə həmin hadisənin təşkilatçısı indi bizə müqəddəs kimi tanıdılan İsgəndəriyyəli Kiril (Cirilo de Alejandria) olub, yəqin ki, o bu hərəkətlərinə görə müqəddəs elan edilməyib. Bəs görəsən Hipatia orta əsrlərdə yeganə belə qadın idimi?

Lap yaxın zamanlarda Fransada “Qadın filosofların tarixi” (“Histoire des femmes philosophes”) adlı kiçik bir kitab işıq üzü görüb. Kitabın müəllifi Cill Menajdır (Gilles Menage), o 17-ci əsrdə yaşamış Markiza de Sevin (de Sevigne) və madam de Lafayetin (de Lafayette) davamçısıdır. Bu kitab ilk dəfə 1690-cı ildə çapdan çıxıb və “Mulierum philosopharum historia” adlandırılıb.

Belə ki Hipatia yeganə qadın filosof deyil. Menajın kitabında daha çox klassik dövrün filoflarına yer verilib. Biz bu kitabdan Platonun fəlsəfi məktəbindən olan Diotima, Kerineyli Areta, meqar məktəbindən olan Nikareta (Nicarete), Hiparkiya (Hiparquia), Aristotel məktəbinin davamçısı Feodora (Theodora), Epikür məktəbinin davamçısı Leontion və pifaqorçu Femstokley (Temistoclea) kimi qadın filosoflar haqqında öyrənirik.

Həmçinin Menaj kilsə xadimlərinin əlyazmalarını nəzərdən keçirərək 65 qadın filosofun adını aşkarlayıb. Lakin etiraf etmək lazımdır ki, Menajın fəlsəfə anlayışı xeyli genişdir, yəni o fəlsəfi fikirləri olan yazıçı, din xadimi, şairə və s. qadınları da filosof kimi təqdim edib.

Qədim yunan cəmiyyətində qadınların yeri ancaq dörd divar arası idi, filosoflar öz məktəblərinə gözəl qadındansa, daha çox yaraşıqlı gənc oğlanları qəbul edirdilər. Cəmiyyətdə müəyyən təsirə malik olmaq üçün yüksək zümrəyə məxsus adamların məşuqəsi olmaq lazım idi. İndi o dövrlərdə qadın ziyalıların eşidilmək üçün necə çətinliklərdən keçdiyini anlaya bilirik. Digər tərəfdən filosof Aspaziyanın (Aspasia) adı mənə qadından çox hetero olmağını xatırladır. Qədim dövrdə gözəl natiq və filosof kimi tanınan bu filosof haqqında Plutarx (Plutarco) özü yazır, Sokrat (Socrat) isə onu dinləməyi çox sevirmiş.

Bu gün üçün ən çox tanınan üç fəlsəfə ensiklopediyasını vərəqlədim və orda Hipatiyadan başqa bir nəfər də olsun qadın filosofun adına rast gəlmədim. Bu o demək deyil ki, bütün tariximiz boyu varlıq və dünya düzəni ilə bağlı düşünən qadın filosoflar olmayıb. Olub, sadəcə kişi filosoflar onların bütün fəlsəfi tapıntılarını özləri üçün yazıb götürüb, sonra isə onları unudublar.
XS
SM
MD
LG