Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:33

Rasim Qaraca. Hər deputat bir kitab dükanı açsa...


Rasim Qaraca
Rasim Qaraca
-

...Əcəba, bəs səbəb nədir, nə üçün və nəyə görə bizim ölkədə bu cür sadə, ziyansız işləri qabağa aparmaq mümkün deyil...


Rasim Qaraca


HƏR DEPUTAT BİR KİTAB DÜKANI AÇSA...


Tbilisidə artıq 4 ildir fəaliyyət göstərən “Biblisi” (Bibliya və Tbilisi kəlmələrindən) kitab satış şəbəkəsi qurucularının məqsədi Gürcüstanın paytaxtında və rayonlarda kitab mağazalarının sayını artırmaq olub.

Goethe İnstitute-nin təşkil etdiyi seminarlarda, ilk dəfə bu təşkilatla tanış olanda ölkə genəlində toplam 7 mağaza ilə təmsil olunurdular. Bu gün “Biblisi” 40 kitab satış nöqtəsinə sahibdir. Nəzərə alsaq ki, bu təşkilatın qurucuları QHT sektorunda, ciddi kapital yatırımı olmadan fəaliyyətə başlayan gənclərdir və az vaxtda bu qədər inkişaf ediblər, bunun böyük nailiyyət olduğunu etiraf etməliyik.

Məni düşündürən başqa şeydir. Bizim ölkədə nə üçün bu işləri görmək mümkün deyil. Ölkəmizin əhalisi az qala 3 dəfə çox, gənc nəsildə kitaba maraq da yüksələn xətlə artmaqdadır. Kitab satış nöqtələrinin açılması siyasi bir özəllik daşımır, bu işin ticari rentabelliliyi də şübhə doğurmur. Əcəba, bəs səbəb nədir, nə üçün və nəyə görə bizim ölkədə bu cür sadə, ziyansız işləri qabağa aparmaq mümkün deyil.
Tbilisidə kitab dükanı
Tbilisidə kitab dükanı

Bilirəm, məşhur lətifədə olduğu kimi, deyəcəksiniz, barıt yoxdur. Hə, bu məsələdə həqiqətən də barıt çatışmır, ürəklərdəki barıt. O zaman gəlin ürəklərində barıt olan insanları axtarıb tapaq. Hər problemdən bir çıxış yolu var axı, yəqin ki bu məsələ də lap elə Qordi düyünü deyil.

Kimin ürəyində barıt var və ya kimin ürəyində hələ barıt qalıb deyə düşünərkən, bilavasitə kitabla, ədəbiyyatla və maarifçilik anlayışı ilə bağlı olan bizim hörmətli millət vəkillərinin adları ağlıma gəldi. Bəlkə onlar bu məsələni parlamentdə qaldırsınlar? Heç olmasa hər rayon mərkəzində bir kitab dükanının açılması dövlət proqramına daxiln edilsin.

Mənə elə gəlir ki, guya hakimiyyətin bilərəkdən milləti, daha rahat idarə etməkdən ötrü, kor saxlamaq istəməsi uydurma söhbətlərdir, gerçəkliklə əlaqəsi yoxdur. Dediyim kimi, çatışmayan təkcə bir şey var, həmin o …barıt.

Gəl gələlim bizim oxumuş millət vəkillərimizə. Kitabın, maariflənmənin önəmini anlayan, ürək yanğısı olan millət vəkillərimizdən ilk olaraq Nizami Cəfərov (Ağstafa seçki dairəsi), Sabir Rüstəmxanlı (Yardımlı-Masallı seçki dairəsi), Aqil Abbas (Ağcabədi-Fizulu seçki dairəsi), Qənirə Paşayeva (Tovuz seçki dairəsi), Elmira Axundova (Masallı seçki dairəsi), Musa Urud (Gəncə, Kəpəz seçki dairəsi), Jalə Əliyeva (Zərdab Ucar seçki dairəsi), Rəfael Hüseynov (Hacıqabul-Kürdəmir seçki dairəsi), Fazil Mustafa (Sabunçu seçki dairəsi) yada düşür.

Ölkəmizin arda-arda iqtisadi qələbələr qazandığı indiki şəraitdə, acaba, onlar Azərbaycanın əksər rayon mərkəzlərində 1 dənə də olsun kitab satılan bir satış nöqtəsinin olmamasına nəyə görə narahat olmurlar? İnanıram ki onların başı daha mühüm işlərə qarışıb. Bəlkə də bu məsələni kimsə yada salmalıdır.

Milli varlıq faktoru sayılan ümumrespublika kitab satış şəbəkəsinin yaradılması mövzusunda həyəcan təbili çalmaq, bu problemi parlament kürsüsündən səsləndirmək onların imkanı daxilindədir.

Bunu edəcəklərinə inanıram.

qaynar.info
XS
SM
MD
LG