Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:41

Lənkəranlı müsavatçı müharibə əlilini döyüb?


Yadigar Sadıqov
Yadigar Sadıqov
-
Müsavat Partiyası Lənkəran rayon təşkilatı sədrinin müşaviri Yadigar Sadıqovun 2-ci qrup Qarabağ müharibəsi əlili Rəşid Kərimovu döydüyü iddia olunur.

Bu haqda bir sıra saytlarda məlumat və görüntülər yerləşdirilib.

Döydüyü iddia edilən Rəşid Kərimovun insidentlə bağlı müraciətini AzərTAc yayıb. Həmin müraciətdə deyilir ki, müharibə əlili çayxananın qarşısından keçərkən Yadigar Sadıqov və daha iki nəfər məsləkdaşı onu küçə söyüşləri ilə təhqir ediblər.

«ƏLİL EYNƏYİMİ DƏ... ƏZİB-SINDIRIBLAR»

Müraciətdə daha sonra deyilir:

«Mən Qarabağ əlili olduğumu və heç bir günahım olmadığını deməyimə baxmayaraq, Y.Sadıqov və dostları bir daha mənim şərəf və ləyaqətimi təhqir edərək ictimai qaydalara tamam laqeyd və etinasız tərzdə, elementar davranış, əxlaq və mənəviyyat normalarını tamamilə tapdalayaraq məni ictimaiyyətin gözü qarşısında təpikləyiblər. Onlar sifətimə yumruqla vuraraq al qana boyayıb və yerə yıxaraq ciddi bədən xəsarətləri yetiriblər. Onların ürəkləri bununla soyumayıb, əynimdəki paltarları da cırıb qoparıblar. Mən həyatım boyu bu cür təhqir olunmamışdım. Mən Vətən uğrunda yaralanmışam və görmə qabiliyyətimi itirmişəm. Bu azğınlar isə mənim əlil eynəyimi də ayaqları altında əzib sındırıblar».

Rəşid Kərimov Yadigar Sadıqovun cəzalandırılmasını tələb edir.

«ÇAYXANADAN ÇIXMAQ İSTƏYƏNDƏ, ARXAMIZCA DÜŞDÜ»

Lənkəranlı müsavatçı deyilənləri doğru saymır. O, hadisənin başqa cür baş verdiyini söyləyir:

«Axşam saatlarında iki dostumla çayxanada oturmuşduq. Bu zaman tanımadığımız bir nəfər, dəvətsiz-filansız, bizim masada əyləşdi və dedi ki, guya iki il öncə hansısa müxalifətçi onu müxalifət partiyasına üzv etmək və partiya bileti vermək üçün pul alıb. Bunun təxribat olduğunu düşündüm, axı ağlabatan söhbət deyildi. Kim partiyaya üzv olmaq üçün pul verə bilər? Biz çayxanadan çıxmaq istəyəndə, arxamızca düşdü: «Hara gedirsiniz? Mənim pulumu kim verəcək? Gedək «razborka»ya». Birtəhər ondan ayrıldıq. Dünən baş verənlər bu qədərdir. Bu gün jurnalistlərin zənginə oyanmışam, guya mən onu döymüşəm, üz-gözünü göyərtmişəm...».

Yadigar Sadıqov bir daha həmin şəxsi döymədiyini və bunun hakimiyyətin quraşdırdığı oyun olduğunu bildirir:

«Ya kimsə vurub Rəşid Kərimovun üz-gözünü göyərdib, ya özü rəng sürtüb şəklini çəkdirib. Mən onu döyməmişəm».

Yadigar Sadıqovun dediyinə görə, insidentlə bağlı hüquq-mühafizə orqanlarına çağırılmayıb. O, bir neçə polisin onun evi qarşısında keşik çəkdiyini də bildirir.
XS
SM
MD
LG