Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:31

Ermənistanda kollektiv hərbi hava qüvvələri yaradılır


Arxiv foto
Arxiv foto
-

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Ermənistanda birləşmiş, kollektiv Hərbi Hava Qüvvələri (HHQ) yaradılacaq. Bunun da nəticəsində Ermənistanın HHQ-si modernləşəcək.

Bu haqda KTMT-in baş katibi Nikolay Bordyuzha ilə birgə mətbuat konfransında Ermənistanın milli təhlükəsizlik Şurasının katibi Artur Bagdasaryan deyib. O, artıq bu yöndə sənədlərin imzalandığını da bildirib:

«Bu KTMT-in fəaliyyət zonasında həm Qafqaza, həm də başqa bölgələrə aiddir, çünki aviasiya fövqəladə dərəcədə vacib məsələdir. Bundan əlavə, bu gün bizim Gümrüdəki aviasiya bazamızın gələcəkdə Rusiyanın «Vertolyotı Rosii» şirkəti tərəfindən modernləşdirilməsi də müzakirə olunub. Ermənistanın Hava Qüvvələri əleyhinə sistemi modernləşdiriləcək».

Bordyuzha deyib ki, KTMT çərçivəsində kollektiv qüvvələrin, o cümlədən, Qafqaz bölgəsində Ermənistan-Rusiya hərbi birləşmələrindən ibarət HHQ yaradılması yönündə iş gedir:

«Kollektiv HHQ KTMT tərəfindən aparılan əməliyyatlar zamanı hərbi qruplaşmaların hər hansı bölgəyə daşınmasını, ikincisi, həmin əməliyyatlarının hava müdafiəsini təmin edəcək. Bununla da, KTMT qurum üzvləri olan dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı onlara dəstək olacaq».

Mətbuat konfransında tərəflər qarşılıqlı əməkdaşlığı dərinləşdirmək yönündə 20 maddəlik protokol imzalayıblar.

KTMT-DƏN İLHAM ƏLİYEVİN ÇIXIŞINA MÜNASİBƏT

Azərbaycan prezidenti İlham Əliyevin iyunun 26-da hərbi parad zamanı «güclü Azərbaycan Ermənistanla istənilən dildə danışa bilər» fikrinə münasibət bildirən Bordyuzha deyib ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. Onun sözlərinə görə, ancaq sülh danışıqları, konsensus əldə edilməsi bu qəliz münaqişənin həllini mümkün edəcək və problemin başqa həll variantı yoxdur.

O qeyd edib ki, son illər Qafqazda baş verənlər sübut edir ki, münaqişəni həll etmək çox asandır, amma onu sülh məcrasına yönəltmək çətindir:

«Mən düşünürəm ki, bəzi siyasətçilər kədərli təcrübəni unudublar, 90-cı illərdə olanları yadlarına salmaları lazımdır, bu, onların ehtirasını bir qədər söndürəcək».
XS
SM
MD
LG