Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:37

Kirpi fobiyalar, komedi sektalar... (Seçmə şeirlərdən)


Elvin Əhmədov
Elvin Əhmədov
-

Bu şeir son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilib. Bütün əsərlər müəllifi göstərilmədən Münsifə göndərilib. Seçmə şeir və hekayələri bu gündən dərc etməyə başlayırıq.


Elvin Əhməd


CAN ÜSTƏ...

Mən kiməm?
Kimdənəm və kimə aidəm?
Nədir əqidəm?
Ağlım nə kəsir, kimə mənsubam?
Danışan oyuncağam ya ölü canlıyam
Bir dəlil göstər ki,
kim olduğumu tanrı anlıyam.
Bəlkə heç vaxt anlamaq istəmədiklərimi anlayam.
Ya da görmək istəmədiklərimi görüb, özümü danlayam.

Bir açar dəliyi qədər ümid olsa,
O dəlikdən süzülərdim qum kimi
Dünyayi-qaranlığa keçid olsa,
Yaşayardım mən işığa məhrum kimi
Doğulmazdım insan kimi
Qan kimi qalardım,
Kaş bətndə məhkum kimi.

Sintetik arzular
Qədəri olmayan aşırı duyğular.
Karikaturalar,
Kirpi fobiyalar,
Komedi sektalar,
Kanalizasiyalar,
Mürtəce mövzular.
Qapalı missiyalar,
Mediyatik səhnələr, inhisarçılar,
Açılır pərdələr, siyasi carçılar,
Benefis tamaşalar.
Qulağa xoş gələn yeni reformalar,
Bu platformalar,
Amma köhnə oyunlar.
Buna aldananlar
Amma eyni qoyunlar.

Gözə görünmələr və qarabasmalar.
Qısa məsafələr, geriyə dönmələr,
Klinik ölümlər,
Sonu görünməyən qaranlıq tunellər.
Özünə qapanma, həyəcan içində vəcdə gəlmələr,
Bu yuxu yozmalar, hallüsinasiyalar.

Dənizi dələn dalğalar sərhəd tanımadığı kimi
Dəli adamda düşüncəni dəlib keçən dalğalar.
Dəlidən doğru xəbər var, daş atıb.
Yüz ağıllı çıxara bilməyib, kim inanar.
Belə getsə çətin açılacaq səhər
Min şərə, böhtana hamilə gecələr.

Yalançı dəbdəbə göz oxşayır, amma nəfsi aldadır.
Bakı mədəni tapdaq altındadır.
Əcnəbilər bir güllə atmadan, əl qaldırmadan
Ordu gəlmədən, sivil olaraq işğal olunub şəhər.
Kodlaşmış geyim tərzi, qərb formatı, illərdi noxtamızı kim dartır,
Kim minir, kim düşür, kim sürtür çırağmıza və cin dürtür ağlımıza
Qonşudan geyinməyi, qərb kimi sevinməyi.

Rəngli xəyallar, mistik oyunlar,
Qara qutu sakini boynu yoğunlar
Millətin ciyərinə yerləşdirib səs boğucular.
Kimdir günahkar? Çılpaq krallar ya əyanları
Molla rejimi və sovet şalbanları.
Yeni vəliəhd, əsər eyni repertuar
Yenə də burjua baş rolda, epizodikdə proletar.
Kimdir sosialist? Məhəmməd, yoxsa
Sosialist yelkənli kapitalist gəmilər
Stiven dayılar, Abraham əmilər.
Vəd edir, dünyaya müstəqillik,
Master yayım, mütləq stabillik.
Amma yenə demo quruluş, pilot buraxılış.
Gəl indi alışma, məcbursan alış.

Əllərim tərləyir, cənab “X” gəlib, məni aparmağa
Ürəyim çərləyir, deyəsən can üstəyəm.
Axı mən doymadım... Bəlkə möhlət istəyəm?!
Hardasa yüz addım. Axı mən xəstəyəm?!
Budur son istəyim budur son arzum.
Yaşadım neynədim,ölümüm neynəsin
Onsuz da yaşamıram, ölümə dirənirəm.

Sentyabr 2012
Bakı
XS
SM
MD
LG