Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:50

Jurnalistlərin VI qurultayı keçirildi


Azərbaycan Jurnalistlərinin 6-cı Qurultayı
Azərbaycan Jurnalistlərinin 6-cı Qurultayı
-

Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycanda medianın durumu müzakirə olunub. Mətbuat Şurasının üzvləri və sədri seçilib.


ƏFLATUN AMAŞOV YENİDƏN MƏTBUAT ŞURASININ SƏDRİ SEÇİLDİ

Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçilib.

Bu barədə qərar Azərbaycan jurnalistlərinin VI Qurultayında keçirilən səsvermə nəticəsində qəbul olunub.

2003-cü ildə Mətbuat Şurası yaradılandan bəri Ə. Amaşov onun sədridir.

ƏFLATUN AMAŞOV: MƏTBUAT ŞURASINA 2871 MÜRACİƏT DAXİL OLUB

Azərbaycan jurnalistlərinin V qurultayından bu yana Mətbuat Şurasına ümumilikdə 2871 müraciət daxil olub. Bunlardan 2143-ü KIV-də gedən materiallardan şikayətdir.

Bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan jurnalistlərinin VI qurultayında çıxışı zamanı bildirib.

Ə. Amaşov qeyd edib ki, ilkin mərhələdə baxılan 2871 məsələdən 1399-u katiblikdə həllini tapıb. Digər 744 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən, məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın komissiyalarına göndərilib.

Şuraya daxil olan şikayətlərin 728-nə komissiyalarda baxılıb. Bunlardan 511-i şikayətlər üzrə komissiyada, 96-sı «Reket jurnalistika»ya qarşı mübarizə komissiyasında, 17-si mətbuatla dövlət qurumları arasında problemlərin həlli daimi komissiyasında, 24-ü sosial-iqtisadi komissiyada araşdırılıb.

İLHAM ƏLİYEV: «MƏTBUATIMIZ AZƏRBAYCAN XALQININ MARAQLARINI DAIM MÜDAFİƏ ETMƏLİDİR»

«1993-cü ildən sonra ölkədə həyata keçirilən ardıcıl islahatlar nəticəsində söz və məlumat azadlığını məhdudlaşdıran bütün süni maneələr aradan qaldırılıb, KİV-in fəaliyyətini tənzimləyən qanunvericilik beynəlxalq standartlara uyğunlaşdırılıb və milli mətbuatın maddi-texniki bazası möhkəmləndirilib». Prezident İlham Əliyevin jurnalistlərinin VI qurultayına ünvanladığı təbrik məktubunda belə deyilir.

Dövlət başçısı qeyd edib ki, Mətbuat Şurası bütövlükdə Azərbaycan jurnalistikasının inkişafına, dövlət orqanları və vətəndaşlarla mətbuat arasındakı münasibətlərin tənzimlənməsinə, jurnalistlərin peşəkarlığının güclənməsinə, söz və məlumat azadlığından sui-istifadə hallarının qarşısının alınmasına xidmət göstərir.

İlham Əliyev
İlham Əliyev
Prezident bildirib ki, KİV-ə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır:

«Qlobal informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin gücləndiyi müasir dövrdə mətbuatımız Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun güclənməsinə öz töhfəsini əsirgəməməlidir. Ümidvaram ki, qurultayda qəbul olunacaq qərarlar Azərbaycan jurnalistikasına ölkə daxilində və xarici aləmdə öz missiyasını daha yüksək səviyyədə davam etdirməyə şərait yaradacaq, milli mətbuatımızın inkişafına müsbət təsir göstərəcək».

«ARZU EDƏK Kİ, HƏBSDƏ OLAN JURNALİSTLƏRİN QAPISI AÇIQ OLSUN»

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov həbsdə olan jurnalistlərin azadlığa buraxılıb-buraxılmayacağı barədə sualı da cavablayıb:

«Bununla bağlı hər hansı bir təşəbbüs yoxdur. Əgər belə bir təşəbbüs olarsa, bu məsələyə baxıla bilər. Bəzi jurnalistlərin, mətbu orqanların üzərində məhkəmə qərarları var. Bunu qurultayla əlaqələndirməyə ehtiyac yoxdur. İndiyə qədər məhkum olunan jurnalistlərin əksəriyyəti əfv olunub. Arzu edək ki, həbsdə olan jurnalistlərin qapısı açıq olsun, onlar həbsdən azad olunsunlar».

JURNALİSTLƏRİN VI QURULTAYI İŞƏ BAŞLAYIB

İyulun 11-də Azərbaycan jurnalistlərinin VI qurultayı işinə başlayıb. Qurultay Rəşid Behbudov adına Mahnı Teatrında keçirilir.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, qurultayın say, mandat komissiyaları, katiblik seçilib.

Prezident Administrasiyasında ictimai-siyasi şöbənin müdiri Əli Həsənov prezidentin qurultaya təbrik məktubunu oxuyub.

Əli Həsənov
Əli Həsənov
APA-nın xəbərinə görə, Əli Həsənov daha sonra jurnalistlərə deyib ki, «qurultaydan sonrakı dövrdə mediamız rastlaşdığı bütün problemlərdən azad olacaq»:

«Bu gün mediamızın inkişafında yeni tendensiyalar müşahidə olunur. Azərbaycan jurnalistlərinin VI qurultayı jurnalistlərin peşəkarlaşması, neqativ proseslərin tədricən jurnalistikamızdan sıxışdırılıb çıxarılması və mətbuatın demokratiyası dövrünə təsadüf edir».

Onun sözlərinə görə, qurultayda səslənən fikirlər, təkliflər, müzakirələr bütövlükdə azad sözə, mətbuatın sosial problemlərinin həllinə, maddi-texniki bazasının yüksəlməsinə, mətbuat-dövlət münasibətlərinin inkişafına rəvac verəcək.

JURNALİSTLƏRƏ MƏNZİLLƏR İYULUN 22-DƏ PAYLANACAQ

Dövlət hesabına jurnalistlər üçün tikilmiş mənzillər iyulun 22-də paylanacaq.

Bu haqda da Əli Həsənov deyib. Bildirib ki, Mətbuat Şurasının təqdimatı olmadan bir jurnalistə belə mənzil verilməməsi qərara alınıb: «Bu həm də ona görədir ki, «reket» jurnalistlərin mənzil almaq imkanı olmasın».

Qurultayda jurnalist Nicat Məlikovun (Dağlar) müalicə xərclərini üzərinə götürdüyünə görə Prezident İlham Əliyevə təşəkkür məktubu göndərmək qərarı verilib.

Əli Həsənovun sözlərinə görə, prezident mətbuatdan jurnalist Nicat Dağların müalicə məsələsi ilə bağlı səslənən təklifləri, fikirləri eşidən kimi dərhal tapşırıq verib.
XS
SM
MD
LG