Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:33

Elnur Astanbəyli. Rövşən Qənbərov Kamal Abdullanın pullarını necə batırdı?


Elnur Astanbəyli
Elnur Astanbəyli
-

Indi onlar ona görə əsəbi və qəzəblidirlər ki, illərlə qoyulan maya bir yazıyla batıb gedir. Rektorun yazıçı obrazını düzəltməyə sərf olunan pullar konfet kağızına çevrilir...


Elnur Astanbəyli


RÖVŞƏN QƏNBƏROV KAMAL ABDULLANIN PULLARINI NECƏ BATIRDI?


Slavyan Universitetinin rektoru, eyni zamanda yazıçılığa, təkcə yazıçılıq azdı, həm də dünya şöhrətli yazıçılığa iddia edən Kamal Abdullanı ağız-ağıza verib tərifləyənlər haqqında yazısına görə həmkarımız Rövşən Qənbərovu, az qala linç edirlər.

Səbəbi çox sadədi: Rövşən bəy “Azadlıq” radiosunun saytında “Kamal Abdullanı xorla tərifləyənlər” adlı gözəl bir yazı yazıb, indi Kamal Abdullanı xorla tərifləyənlər xorla özlərini müdafiə etməklə məşğuldurlar.

Təkcə özlərini müdafiə etsələr, yaxşıdır, Rövşən bəyin ünvanına hərzəvü-hədyanların biri bir qəpikdir. Bir JEK müdirinə “mıkk” eləmək cəsarəti olmayanlar Rövşən Qənbərovu didib-parçalamağa hazırdırlar.

Bunlar Azərbaycanda bir zümrə təşkil edirlər: heç vaxt arxasında güc, imtiyaz, səlahiyyət dayanan adamlara güldən ağır söz deməzlər, amma adi bir jurnalisti, yazarı, heç bir ciddi statusu, səlahiyyəti olmayan istənilən adamı didib-parçalamağa hazırdırlar.

Onlar kənardan çox iyrənc görünürlər və bu iyrənc xislətlə ədəbiyyatda nə itlərinin azdığı başqa bir söhbətin mövzusudur.
Kamal Abdulla. Unutmağa kimsə yox
Kamal Abdulla. Unutmağa kimsə yox

Amma mən bir yandan Allaha şükr edirəm ki, Rövşən bəyin Kamal Abdullanı xorla tərifləyənləri tənqid etməsinə cavablar, heç olmasa, qəzet səhifələrində, internet saytlarında verilir.

Həmkarımız rektor-yazıçını tənqid edən başqa yazarların da aqibətini yaşaya bilərdi.

Şəxsən məni bir dəfə buna görə cənab Abdulla öz kabinetində pəncərədən aşağı atdırmaqla hədələmişdi. Uzun söhbətdir, dərinə getmək istəmirəm. Kamal Abdullanı tənqid etməyin nə qədər cəfalı bir iş olduğunu başqa bir dostumuzdan - Seymur Baycandan da öyrənə bilərsiniz. Bu mənada Rövşən Qənbərovun bəxti gətirib, onu ən azı yazılarla linç edirlər.

Mən bu aqressiyanı başa düşürəm: universitet rektoru ötən illərdə kalan maya qoyub özünün yazıçı obrazını möhkəmləndirməkdən ötrü. Bu qədər mayanı xeyriyyəçiliyə sərf edib tarixə ikinci Hacı Zeynalabdin Tağıyev kimi düşmək olardı. Ya da bir-iki zavod açıb beş-on ailəyə çörəkpulu vermək, savab qazanmaq mümkün idi. Amma nədənsə Kamal Abdulla elə fikirləşir ki, gərək o mütləq yazıçı, həm də dünya şöhrətli yazıçı olsun, buna görə istənilən an əlini cibinə salmağa hazırdır. Bu da rektoru çoxları üçün cəlbedici edir, başa düşürük. Indi onlar ona görə əsəbi və qəzəblidirlər ki, illərlə qoyulan maya bir yazıyla batıb gedir. Rektorun yazıçı obrazını düzəltməyə sərf olunan pullar konfet kağızına çevrilir.
Kamal Abdulla
Kamal Abdulla

Amma niyə xorla tərifçilər başa düşmürlər ki, onlar bu situasiyadan məmnun olmalıdırlar. Məmnun olmalıdırlar ki, biz rektor-yazıçının romanlarını müzakirə predmeti etmirik. Axı tərifçilərin sırasında istedadlı adamlar da var və onlar başa düşürlər ki, həmin romanlar yalnız Azərbaycanda ortabab ədəbi nümunə hesab edilir, həmin əsərlərin “dünyada əks-sədası” isə onun vəzifəli və imkanlı müəllifinin bədxərcliyinin nəticəsindən başqa bir şey deyil.

Axı biz kimi aldadırıq? Guya bilmirikmi indiyədək Elçin Əfəndiyev, Anar kimi adamlar da oxşar fəndlərdən geninə-boluna istifadə ediblər. Nəticəsi nədir?

Bu yaxınlarda Türkiyə nəşriyyatlarından birinin rəhbəri elə “Azadlıq” radiosuna etiraf etdi ki, adıçəkilən adamların kitabları nəşriyyatın anbarlarında iy verib iylənir, onların üzünə də baxan yoxdur. Səlahiyyətlərindən və maddi gücündən istifadə edib özünü ədəbiyyata həzm etdirmək istəyənlər həmişə gülünc vəziyyətdə qalıblar, bundan sonra da gülünc vəziyyətdə qalmaqda davam edəcəklər.

Qaldı ki, Rövşən Qənbərovun yazıçıdan vətəndaş mövqeyi istəməsinin Kamal Abdullanın xorla tərifçiləri tərəfindən top-tüfənglə qarşılanmasına, onları başa düşürük. Belələrinin öz mövqeyini ədəbiyyat tarixindən gətirdikləri nümunələrlə əsaslandırmağa çalışması ikrah doğurur. Əvvəla, həmin nümunələr kontekstdən çıxarılıb, ikincisi də əks nümunələr daha çoxdur. Bu bir. Ikincisi də, əslində Əliyevçi rejimin vintciklərindən olan bir adamın müdafiəsinə qalxanlar əslində özlərinin kölə mahiyyətlərini, qul xislətlərini təmizə çıxarmağa çalışırlar.

Onların bu mövqeyi ikrah doğurur. Kamal Abdullanı müdafiə etməyi sevə-sevə üzərlərinə götürürlər, amma xalqı müdafiə etmək lazım gələndə susurlar. Danışmırlar, səsləri çıxmır. Çünki xalq universitet rektoru deyil, onun çoxlu pulu da yoxdur.

"Azadlıq" qəzeti
XS
SM
MD
LG