Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:52

Cameron internetə «ailə filtri» qoyur


Klaviaturada filtr (senzura) düyməsi qoyulacaq
Klaviaturada filtr (senzura) düyməsi qoyulacaq

-
Britaniyanın baş naziri David Cameron uşaqları internetdə pornoqrafiyadan və digər zərərli təsirlərdən qorumaq üçün bir sıra təkliflər irəli sürüb.

Ancaq bu təkliflər söz azadlığı tərəfdarlarını bərk narahat edib. Onlar bu təklifləri senzura hesab edir. Onların fikrincə, senzuranı elə əvvəlcədən internetə yerləşdirməyin çox ciddi nəticələri olacaq.

BAÇ NAZİR TƏKLİF EDİR

Baş nazir deyir: “Uşaqlar dükana gedib, böyüklər üçün olan hər şeyi ala bilməz. Biz bunu tənzimləyirik. Ancaq iş İnternetə gəlib çıxanda azadlıqla məsuliyyət arasında balans pozulur. Biz məsuliyyəti uşaqların böynuna atırıq. Mənim arqumentim odur ki, internet real həyatdan qıraqda qalan yer deyil və ya real həyatdan qaçmaq yeri deyil, bu, real həyatın özüdür.”

Cameron təklif edir ki, əvvəla, internetdə indiyədək olan qanunsuz materiallar məhv edilsin və internetdə pedofiliya ilə mübarizədə beynəlxalq əməkdaşlıq yaradılsın.

Onun təklifinə görə, uşaqların internetə sərbəst çıxışı məhdudlaşdırılmalıdır. O deyir ki, hökumət Britaniyanın 4 əsas internet provayderi ilə birlikdə işləyir ki, internetə daxil olmağa “ailə filtri” yaradılsın. Bu filtr uşaq pornoqrafiyasına çıxışı avtomatik bağlayacaq.

Cameron deyib ki, ilin sonuna bu provayderlər Britaniyada internetə çıxışı olan 19 milyon ev sahibinə müraciət edəcək ki, belə bir filtr istəyirlərmi.

Yeni internet istifadəçilərinin isə belə filtri avtomatik olacaq.
İstəyən bu filtri bağlaya bilər.

Cameron təklif edir ki, uşaq pornoqrafiyası yayan internet şirkətlərinin “qara siyahısı” hazırlansın. İnternet axtarışı şirkətləri bunları axtarış siyahısından çıxarsın.

Cameron: “Mənim Google, Bingo, Yahoo və başqalarına mesajım aydındır: bu istiqamətdə işləmək sizin borcunuzdur, bu, mənəvi vəzifədir. Mən bu şirkətlərin bəzilərinin arqumentini qəbul edə bilmirəm ki, indiki axtarışa ona görə icazə verilir ki, bu, söz azadlığıdır.”

Cameron deyir ki, bu sahədə görülən işlərin hesabatına oktyabr ayında baxacaq. Əgər axtarış şirkətlərinin işi onu qane etməsə,
məcbur etmək üçün qanunvericiliyə əl atacaq.

SÖZ AZADLIĞI TƏRƏFDARLARININ NARAHATLIĞI

Söz azadlığı tərəfdarlarının bu təklıiflərə bir neçə iradı var.

Əvvəla, onların fikrincə, uşaq pornoqrafiyasını müəyyən etməyin özü çətindir və mümkün deyil. Buna görə qoyulacaq filtr qanuni informasiyaları da blok edə bilər.

Senzura İndeksi adlı təşkilatın baş təhlilçisi Padraig Reidy deyir ki, filtr Britaniyada senzura deməkdir.

Təklif olunan yollar uşaqları pornoqrafiyadan qoruya biləcəkmi? Buna da şübhə edənlər var.

Cameron deyir: “Dövlətin uşaqları qorumaqda valideynlərə kömək etmək vəzifəsi var. İnternet pornoqrafiyasına gələndə, valideynlərin öhdəsinə çox şey buraxılıb.Mən bunu yoluna qoyacam”.

Reidy isə hesab edir ki, yeni addımlar yalançı təhlükəsizlik təəsüratı yaratmaqla uşaqları doğrudan da qorumaqda valideynləri çaşdıra bilər.

Reidy:”Valedeynlər fikirləşəcək ki, filtr bütün mənfi informasiyaların qabağını alır. Vebdə indi hər şey təhlükəsizdir.Ona görə narahat olmağa dəyməz”

Söz azadlığı tərəfdarları Britaniya hökumətinin bu sahədə presedent yaratmağından da narahatdırlar.

Reidy: “Londonda 2011-ci ildə nümayişlər olanda Cameron təklif etdi ki, Twitteri, Blackberry Messengeri bağlasınlar. Onda Çin hökuməti dedi ki, bu, elə biz elədiyimizdir, bu, düzgündür, indi siz başa düşürsünüzmü ki, biz niyə belə edirik”

Reidy-nin fikrincə, indi Britaniya internetdə senzura qoysa, onda bu, bütün dünyaya siqnal olacaq ki, internetdə bəzi senzura yol veriləndir.

Reidy hesab edir ki, bu, Qərb ölkələrinin mövqeyini zəiflədəcək.
Onda onlar başqa ölkələrdə senzuranı əvvəlki kimi tənqid edə bilməyəcək.

XS
SM
MD
LG