Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:31

Anar Məmmədli: «Bundan sonra ATƏT Azərbaycanda müstəqil addım ata bilməyəcək»


Anar Məmmədli
Anar Məmmədli
-
İyulun 26-da ATƏT-in Bakı ofisinin mandatı dəyişdirilib.

Bakı ofisi layihələrin əlaqələndiricisi statusunu alıb. Bu qərar ATƏT-in Daimi Şurasının iclasında təşkilatın üzvləri ilə konsensus çərçivəsində qəbul edilib. Yeni mandat 2014-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

Bu dəyişiklik nələrə səbəb olacaq? Suallarımızı Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli cavablandırır.

- Anar bəy, bu dəyişiklik nə vəd edir?

- ATƏT-in Azərbaycandakı missiyası diplomatik korpus missiyasına malikdir və onların hesabatlılığı Vyanada yerləşən qurumun Daimi Şurası qarşısında olur. Səlahiyyətlərin Layihə Koordinatoru mandatına endirilməsi ölkə daxilində bir sıra məsələlərin Xarici İşlər Nazirliyi ilə razılaşdırılmasını nəzərdə tutur. Bu, ATƏT kimi qurumun müstəqilliyi üçün mənfi haldır. Belə ki, Azərbaycanda insan hüquqları sahəsində, seçki ilə bağlı xeyli problemlər var. ATƏT son dövrlər Azərbaycanda aktiv olub, məhkəmə proseslərinin, aksiyaların monitorinqini aparıb, cəzaçəkmə müəssisələrinə girişlə bağlı müəyyən addımlar atıb. Bu qurumun Azərbaycanda mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyəti olub. Bu işləri ATƏT-in Bakı Ofisi daha çox müstəqil bir institut kimi həyata keçirirdi. Amma bu qurumun statusunun Layihə Koordinatoru səviyyəsinə endirilməsi o deməkdir ki, adıçəkilən qurum bundan sonra Azərbaycanda belə müstəqil addımlar ata bilməyəcək. Yəni, atılan addımlar daha çox Azərbaycan hökuməti ilə razılaşdırılmış olacaq.

- Bunun qarşıdan gələn prezident seçkiləri ilə bağlılığı ola bilərmi?

- Xeyr, bunun seçkilərə heç bir aidiyyəti yoxdur. Çünki bu layihənin fəaliyyəti seçkilərdən sonraya təsadüf edir. Həm də son illər onsuz da ATƏT-in Bakı Ofisinin seçkilərlə bağlı fəaliyyəti zəifləyib. Hakimiyyətin istəyi odur ki, Azərbaycanda insan hüquqları ilə bağlı çalışan beynəlxalq institutların fəaliyyəti yetərincə məhdudlaşsın və hakimiyyətdən asılı vəziyyətə düşsün. Niyyət budur ki, Avropa Şurasının Bakı Ofisinin fəaliyyəti nə qədər məhdudlaşdısa, ATƏT-in Bakı Ofisinin də fəaliyyəti bir o qədər məhdudlaşsın. Məncə, bu halda ATƏT-in statusu Avropa Şurasının informasiya ofisinin statusundan da aşağı olacaq. Yadınızdadırsa bu məsələ qaldırılanda, ABŞ-ın ATƏT-dəki missiyası hazırkı ofisin saxlanmasını məqsədəuyğun saymışdı. Mən bu məsələyə çox təəssüflənirəm. Amma bunu ciddi bir faciə də saymıram.

- Amma ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri bu qərarı alqışlayıb.

- Bu, gözləniləndir. Ukrayna demokratiya sahəsində problemləri olan bir ölkədir. Elementar bir məsələni deyim ki, Ukraynada Yulia Tymoshenko prezident Viktor Yanukovych-in əsas rəqibi olmasına baxmayaraq, o, hazırda həbsdədir. Onun tərəfdarları təqib olunmaqdadır.

- ATƏT-in Bakı Ofisinin mandatının dəyişdirilməsi o deməkdirmi ki, hakimiyyət beynəlxalq qurumları öz arqumentlərinə inandıra bilir?

- Yeni müstəqilik əldə etmiş ölkələrdə, o cümlədən Qırğızıstanda, Qazaxıstanda, Balkanlarda, Ukraynada ATƏT-in çox böyük missiyası fəaliyyət göstərir. Yanılmıramsa, keçmiş sovet ölkələrindən yalnız Rusiya və Belarusda bu, yoxdur. Bu qurumun fəaliyyətinin layihələr səviyyəsinə endirilməsi Azərbaycanı elə həmin iki ölkə ilə eyni yerə qoymaqdır. Hesab edirəm ki, müsbət imic yaratmaq üçün ölkənin qapıları beynəlxalq təşkilatlara açıq olmalıdır. Bundan öncə ABŞ-ın Milli Demokratiya İnstitutu və Norveç İnsan Hüquqları Evinin fəaliyyətinə yaradılan maneələr və s. - bütün bunlar ölkənin qapılarını beynəlxalq qurumların üzünə bağlamaq cəhdidir. Hakimiyyət unutmamalıdır ki, bu, Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun fəaliyyətinə də mənfi təsir göstərə bilər. ATƏT-in fəaliyyəti təkcə insan hüquqları və demokratiya ilə bitmir, bu qurum həm də münaqişələrin həlli ilə də məşğuldur. Hesab edirəm ki, Azərbaycanın özünü beynəlxalq təşkilatlarla belə şıltaq aparması sülh prosesinə mənfi təsir göstərə bilər.
XS
SM
MD
LG