Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:45

Mübariz Qurbanlı: «İstəyirəm müxalifət elə həmişə bataqlıqda qalsın»


Mübariz Qurbanlı
Mübariz Qurbanlı
-
Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı AzadlıqRadiosuna müsahibə verib.

- Mübariz müəllim, müxalifət seçkinin vaxtının bir həftə ertələnməsini iqtidarın Milli Şuraya zərbəsi sayır. Deyirlər ki, bu, Rusiya vətəndaşlığına hələ də xitam verilməyən Rüstəm İbrahimbəyovun şansını daha da azaldır. Siz necə fikirləşirsiz?

- Milli Şuranı əfsanəyə çevirmək, onun arxasında güclü sosial dayağın olduğunu iddia etmək istəyənlər var. Milli Şura deyəndə, orda Müsavat üstəgəl AXCP, üstəgəl kənardan gəlmiş bir-iki adamdır. Bu radikal qanadın sosial dayağı yuxarı-aşağı heç 2 faiz də deyil. İstəyirsən ora təzədən bir-iki adam da gətirsinlər, xeyri yoxdur. Başqa bir tərəfdən, onlar müxalifətin vahid namizəd adını öz üzərilərinə götürmək istəyirlərsə, yanlışlığa yol verirlər. Azərbaycanda başqa müxalifət partiyaları da var, onlar deməlidirlər ki, «radikal qanadın vahid namizədi». «Vahid namizəd bizik» demək anormaldır. Siz də sıradan bir namizədsiniz. Tbilisidə toplaşmaq məsələsi - mən əvvəl də demişəm, yenə də deyirəm: istəyir lap Parisdə toplaşsınlar, nə dəyişir? Tbilisidə toplaşmaq şou məqsədi daşıyırdı. Rüstəm İbrahimbəyovun Tbilisidə işi var idi, həm ziyarət, həm ticarət deyib, onları da çağırdı. Rüstəm İbrahimbəyov həmin vaxt Bakıya da gələ bilərdi. Vergi istintaq idarəsi də bəyan elədi ki, ona qarşı hər hansı cinayət işi qaldırılmayıb. Kinematoqrafçılar İttifaqına açılan cinayət işi ilə bağlı söhbət üçün onu da çağıra bilərlər. Burda nə var ki? Sadəcə, Rüstəm İbrahimbəyov özü Azərbaycana gəlmək istəmir. İttifaqa cinayət işi açılandan sonra o, dəfələrlə Azərbaycana gəlib-gedib. Hökumət ona niyə təzyiq etməlidir ki? O, sıradan bir namizəddir. Biz heç vaxt narahat deyilik. Mən hər dəfə deyirəm - Rüstəm İbrahimbəyov, İsa Qəmbər, Eldar Namazov - hansı istəyir radikal qanadın namizədi kimi seçkidə iştirak etsin. Bunlar əfsanələrlə yaşayırlar. Elə bilirlər ki, onlar müxtəlif manevrlər edəndə, öz fəaliyyətlərinin üzərinə sehr pərdəsi çəkəndə, camaat deyəcək ay haray, baxın bunlar nədir, kimdir. Bir müddət istədilər özlərini ayrı-ayrı dövlətlərin müdafiə etdiyi şəxslər kimi göstərsinlər, amma bu da boşa çıxdı. Biz narahat deyilik. Sabah Rüstəm İbrahimbəyov namizəd olsa, seçki kampaniyası aparanda biz onunla müxtəlif səviyyələrdə üz-üzə gəlib sözümüzü deyəcəyik.

- Milli Şuranın üzvü, hüquqşünas Vidadi Mirkamal «Bizim yol»a müsahibəsində deyib ki, Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşı olmasını onun namizədliyini irəli sürəndən 3 gün sonra biliblər.

- Mənim bildiyimə görə, orda bir neçə hüquqşünas var, Əli Kərimli də hüquqşünasdır, deyəsən, Əvəz Temirxan da həmçinin. Bunlar yığışıb vahid namizəd müəyyən edirlər, bəs bilmirlərmi ki, bu, kimdir? Mən hərdən təəccüblənirəm, bu adamlar dövlət idarə etmək iddiasındadırlar. İrəli sürdüyünüz adamla bağlı niyə araşdırma aparmırsınız ki, bu kimdir, bunun hansı problemi var? Gələcəkdə seçkiyə gedəcək, bunun üçün hansı sənədlər lazımdır? Bilirsinizmi ki, bu sənədlərin yığılması nə qədər vaxt tələb edir. Mən deyərdim Rüstəm İbrahimbəyov bir az da özünü siyasətdə tanıtmaq istəyir. Mənə elə gəlir ki, bu onları aldadıb. Yoxsa namizədlik məsələsini eşidən kimi deyərdi ki, mənim belə bir problemim var. Yoxsa bu adamlar yığışıb danışırlar, əsas mövzu qalır kənarda. Normal siyasətçilər oturanda, hədəfləri və o hədəflərə gedən yollardakı maneələri müəyyən edirlər. Özləri bilər. Amma sabah yenə də hakimiyyəti günahlandırmaq üçün bəhanə axtaracaqlar. Pasport məsələsinin hakimiyyətə nə dəxli var axı? Özlərini alçaldıb Putinə müraciət edirlər. Axı, Rusiyanın bu məsələləri tənzimləyən qanunları var, özünüzü niyə aşağılayırsınız? Niyə Milli Şuranın tarixdə olan adını istismar edirsiniz? O Milli Şuradakılar istiqlaliyyət uğrunda vuruşurdu, siz nə uğrunda vuruşursunuz ki? Başqa ölkəyə deyirsiniz ki, namizədimizin pasport məsələsini həll et. Pasport məsələsi tezləşsə, nə olacaq ki? Möcüzə baş verəcək? Ya Rüstəm İbrahimbəyov bunları aldadır, ya da İsa Qəmbər bilib ki, belə bir məsələ var, deyib qoy elə belə qalsın və sonra özü vahid namizəd olsun.

- Zənn edək ki, Rüstəm İbrahimbəyovun pasport məsələsi həll olunub, qeydiyyatdan da keçib. Onun qələbə qazanmaq şansı necədir?

- (Gülür) Mən bunu fantastik bir şey sayardım ki, Rüstəm İbrahimbəyov Azərbaycana gəlsin və prezident seçkisində qələbə çalsın. Gedin rayonlara. Birincisi, Rüstəm İbrahimbəyovu adamlar tanımır, ikincisi, Rüstəm İbrahimbəyov siyasi seçki kampaniyası aparmaq iqtidarında deyil. O, rejissor kimi yaxşı filmlər çəkə, səhnəyə tamaşalar qoya bilər, amma siyasət incə məsələdir. «Səhranın bəyaz günəşi» filmində yaxşı deyir: «Vostok - delo tonkoye». Gərək Rüstəm İbrahimbəyov o sözü hər dəfə özü-özünə təkrar eləsin. Bu, çox incə məsələdir. Burda Rüstəm İbrahimbəyov üçün meydan yoxdur. Gəlməyinə gəlsin, o, bizim üçün sıradan bir namizəddir. Ad çəkmək istəmirəm, Milli Şurada başqaları ondan yaxşı təbliğat aparar, nəinki o. Gəlsin, pasport da alsın, qeydiyyatdan da keçsin. İndi pasport ala bilməsə, deyəcəklər ki, Rusiya qoymadı. Biz seçkiyə alnıaçıq, meydanı açıq gedirik. Hədəfimiz bəlli, liderimiz bəlli. Biz belə gedirik, heç nədən də çəkinmirik.

- Deyirsiz ki, kimsə kimisə aldadıb. Sizcə, kim kimi aldadıb?

- Bunu gələcək göstərəcək, Rüstəm İbrahimbəyov müxalifəti aldadıb, yoxsa onlar bunu. Bunun bizə aidiyyəti yoxdur. Mən onlara rəqib sayılıram. Siyasətdə isə rəqiblər bir-birinə yol göstərmir. Hakim partiya müxalifəti düşdüyü bataqlıqdan çıxarmır, ona əlini uzatmır. Mən baxıram müxalifət ki, bataqlıqdadır, istəyirəm elə o bataqlıqda da qalsınlar. Mən bataqlıq deyəndə, Kürün qırağındakı bataqlığı demirəm, söhbət siyasi bataqlıqdan gedir.

- Sonuncu məlumat odur ki, Mehman Əliyevi Milli Şuranın ehtiyat vahid namizədi kimi irəli sürmək istəyirlər. Mehman Əliyevin namizədliyinə necə baxırsınız?

- Kimin namizədliyini verirlər versinlər, bunun bizə təsiri yoxdur. Biz kampaniyamızı aparırıq, prezidentimizin də gördüyü işlər bəllidir.

- Rəsul Quliyevin də adı çəkilir.

- Mənə elə gəlir ki, Rəsul Quliyevin Azərbaycanda seçkiyə qatılmaq şansı yoxdur. Çünki o, 10 ildən çoxdur Azərbaycanda yaşamır. Qanun da buna imkan vermir.

- Bir də İlham Əliyevin seçki qərargahının olmayacağı barədə məlumatlar var. Bu, nə qədər doğrudur?

- Seçki Məcəlləsində nə nəzərdə tutulubsa, Yeni Azərbaycan Partiyası onların hamısını həyata keçirəcək.
XS
SM
MD
LG