Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:29

Səməd Vurğun, Rəsul Rza kimi şairlər dərsliklərdən çıxarılmalıdır? (Debat)


İntiqam Qasımzadə və Tahir Cəfərli (sağda)
İntiqam Qasımzadə və Tahir Cəfərli (sağda)
-

Rasim Qaraca:

- Sovet ideologiyasına cani-dildən qulluq edən Səməd Vurğun, Rəsul Rza kimi şairlər dərsliklərdən çıxarılmalıdır.


İntiqam Qasımzadə:

- Rasim yenə köhnə bayatını çağırdı… Bu oyunu bizim başımıza çox açıblar.



Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim... Sovet dövründə Azərbaycanın nəhəng yazarları sayılanları müasir dərsliklərdə eyni qaydada - böyük yazarlar kimi təqdim etmək düzgündürmü? Yoxsa vaxtilə davamlı təbliğ edilmələrinin daha çox hakim ideologiyaya xidmət etmələri ilə bağlı olduğu ədəbiyyat tarixi dərsliklərində qeyd olunmalıdır?

Azadlıq Radiosunun “Pen klub” proqramındakı debatda iştirak etdilər: “Dil və Ədəbiyyat” beynəlxalq elmi-nəzəri jurnalının baş redaktoru, tədqiqatçı alim Tahir Cəfərli, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə və tənqidçi Rəhim Əliyev və şair Rasim Qaraca.

Şahnaz Bəylərqızı:

- Sizcə, Azərbaycan sovet ədəbiyyatı ilə bağlı “ideologiya və ya rejim yazarı” deyə təsnifat aparmaq lazımdırmı?

Tahir Cəfərli:

- Əlbəttə, belə bir təsnifat aparmaq lazımdır. Ancaq bu zaman yazıçıların, şairlərin qiymətini aşağı salmaq olmaz. Artıq Moskva Dövlət Universitetində Qorkinin, Tvardovskinin, Fedinin əsərlərini öyrətmirlər. Onlarda Rusiya dövlətçiliyi mövqeyindən bu yazarlara qarşı aqressiya var. Qorki kimi nəhəngi dərsliyə belə salmaq istəmirlər. Əlbəttə, Azərbaycanda belə olmamalıdır. Çox vaxt Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza haqda deyirlər ki, onların əsərlərini dərsliyə salmaq olmaz. Bu, düzgün fikir deyil. Onların lirikasında, əsərlərində böyük ustalıq var. Sovet dövründə ədəbiyyat ideologiya idi və yazarlarımız bu ideologiyaya xidmət edirdilər. Bundan kənarda qalmaq istəyənləri 37-ci ildə öldürülənlərin aqibəti gözləyirdi.

Ş.Bəylərqızı:

- O zaman təsnifat necə aparılmalıdır? Kimlər qalmalıdır?

T.Cəfərli:

- Məsələn, Cəfər Cabbarlının “Sevil” pyesini götürək. Əsərin məzmunundan belə məlum olur ki, Sevili ortaya çıxaran sovet dövrü idi. Əslində, əsərdə müəllif qadının, qızın irəli getməsini əsas götürür. Və ya Mir Cəlalın “Bir gəncin manifesti” əsərində gəncə nə deyir? Oxusun, inkişaf etsin.
Rəhim Əliyev
Rəhim Əliyev

Ş.Bəylərqızı:

- Amma əsərdə Müsavat hökumətini – ADR hökumətini tənqid də var.

T.Cəfərli:

- Müsavatın səhvi olmasaydı, hakimiyyətdən getməzdi. Müsavatın səhvləri olub.

İntiqam Qasımzadə:

- Müsavatın zəif cəhətləri olmasaydı, duruş gətirərdi. Bu günədək yaşayardı.

Ş.Bəylərqızı:

- Sizcə, bu mümkün idi?

İ.Qasımzadə:

- Mümkün idi. Əlbəttə.

Ş.Bəylərqızı:

- Niyə bunu Ermənistan, Gürcüstan bacarmadı o zaman?

İ.Qasımzadə:

- Obyektiv, subyektiv səbəblər var. Onlar zamanın özünü, qanunlarını nəzərə alsaydılar, həddən artıq demokratik münasibətlərə və fikirlərə yol verməsəydilər daşnaklar və s. onları ala bilməzdilər. Demək, ölkəni qurmaq üçün əvvəlcə onu möhkəmləndirmək, sementləmək, sonra demokratik təsisatlara imkan vermək lazımdır. O ki qaldı, təsnifata, onu etmək vacibdir. Və həmişə etmək lazımdır. Hətta bundan sonra da. Dövrün, zamanın tələbinə uyğun etmək lazımdır. Amma bu təsnifatı aparanda çox ehtiyatlı olmaq lazımdır. Süleyman Rüstəmin “Çapayev” şeirində sənətkarlıq o qədər yüksəkdir ki, Çapayevin hansı hakimiyyət uğrunda mübarizə aparması qalır qıraqda. Və ya “Zəncirləri qırmaq, haqq yolu bulmaq, üsyanladır, üsyanladır, üsyanladır ancaq” deyir. Nə gözəl ahəng, ritmika var.

T.Cəfərli:

- Ona görə Süleyman Rüstəmlə bağlı təsnifat aparanda deməliyik ki, ideoloji şeirləri və lirikası. Səməd Vurğunun poemalarını da eynilə bölüşdürməliyik. “26-lar” poemasını oxuyanda gözəlliyinə heyran olursan. Ancaq 1988-ci ildə biz biləndə ki 26-lar kimdir, başqa fikrə düşürük.

Rəhim Əliyev:

- İdeologiya ədəbiyyata zidd deyil. Hər böyük yazıçının bir əqidəsi olur. Ona görə ideologiyaya xidmət edən bütün yazıçıları dərslikdən çıxarmaq ədəbi məntiqə sığmır. Yazıçının mətnləri yaşayır. İndi Azərbaycanda murdar bir millətçilik var. Biz yazıçıların bədii dəyərinə qiymət verməliyik. Süleyman Rüstəm, Səməd Vurğun böyük şairlərdir. O əsərlər özünü müdafiə edir, onlar incilərdir. Meyar ideologiya deyil, meyar mətndir. Füzuli də sufidir, mistikdir, amma nə boyda qiyməti var. İdeologiya ədəbiyyata zidd deyil. Din kimidir, bir əqidənin, inamın, etiqadın, əxlaqın məhsuludur. “Gələcək gün” kimi əsəri yalançı millətçilər proqramdan çıxarmışdılar. Bundan yaxşı əsər ola bilər?
Rasim Qaraca
Rasim Qaraca

Ş.Bəylərqızı:

- Əsərdə tarixi faktlar təhrif olunursa, onda yanaşma necə olmalıdır? Məsələn, Vurğunun “Vaqif” pyesi və ya “26-lar”da olduğu kimi...

R.Əliyev:

- Bədii həqiqət anlayışı marksist estetikadan gəlir. Yazıçının ixtiyarı var ki, tarixi bildiyi kimi yazsın. “Vaqif”də Səməd Vurğun Azərbaycan xalqının taleyini yazdı.

T.Cəfərli:

- “Vaqif”də Qacar farspərəst, İranpərəst, türkü, Azərbaycan dilini sevməyən biri kimi verilir. Amma bu belə deyil. Bu əsər ideoloji əsərdir. Bir adam soruşmur ki, niyə Yekaterina Vaqifə əsa bağışlamışdı? Bu, rus dövləti qarşısında xidmətlərinə görə idi və ona görə onu ideallaşdırırdılar. Bizim ədəbiyyatda böyük ağ ləkələr var.

Rasim Qaraca:

- Bir şeyi etiraf etmək lazımdır ki, sovet dövründə Azərbaycan ədəbiyyatı çiçəklənib, inkişaf edib. Bunun əsasında yeni Azərbaycan ədəbi dili formalaşıb. Burda paradoksal məqamlar çoxdur. Rejimin təsiri altında yazan dəyərli yazıçılarımız da az deyil. Öz sözlərini deyiblər, roman, hekayə ənənəsi inkişaf edib. İndi də Azərbaycan ədəbiyyatı aşağı-yuxarı dünya ədəbiyyatı ilə ayaqlaşmaq iddiasındadır. Biz buna görə Rusiyaya, sovet dövrünə minnətdar olmalıyıq. Bizi Şərq bataqlığından qoparıb Avropa mədəniyyətinə calamaq yönündə rus isitilasının müəyyən pozitiv təsiri olub. Amma paradoks ondadır ki, bu son nəticədə istila idi, Azərbaycan əsarətdə idi. Sovet dövrünə qiymətdən danışırıqsa, bu, əsarət ədəbiyyatı idi, yazıçılar azad deyildilər, yaradılan əsərlərin də mahiyyətində əsarət elementləri, ideologiya dururdu. Elə “Vaqif” dramında da həmin şeylər vardı, tarix saxtalaşdırılırdı. İndi bilmirəm dərsliklərdə bu nə dərəcədə əks olunur. Ancaq görünür, bunlara yenidən baxılmalıdır. Sovet ideologiyasına cani-dildən qulluq edən Səməd Vurğun, Rəsul Rza kimi şairlər dərsliklərdən çıxarılmalıdır. Bəlkə də Səməd Vurğundan bir-iki lirik şeir saxlamaq olar. Amma ideolojik insanlar olduqları üçün onlar mənim nəzərimdə xüsusi hörmətə layiq deyil. Onlara şəhərin mərkəzində heykəl qoyulmasına, küçə adı verilməsinə də neqativ hal sayıram. Bunlar xalqın mədəniyyətini dəyişdirən, dilini ruslaşdıran, əsarət ənənəsinə xidmət edən adamlardı.

Ş.Bəylərqızı:

- Amma sizdən öncə danışanlar deyirdi ki, mühüm olan yazarın qoyduğu bədii mətndir.
Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı

R.Qaraca:

- Yazıçının bir balaca cəsarəti yoxdursa, müstəqil fikri yoxdursa, tutaq iki, İntiqam Qasımzadə jurnal redaktorudur, o, əlbəttə orda böyük süzgəc quracaq, ütülənmiş əsərləri dərc edəcək, bu ədəbiyyatın inkişafına xeyir yox, ziyan gətirir. O insanlar ki, ölçülü-biçilidir, ideologiyaya bağlıdırlar, onlar, əlbəttə, cəsarətsizdir. Onların buraxdığı jurnalın və ya başçılıq etdiyi yazıçılar qurumunun funksional əhəmiyyəti ola bilməz.

İ.Qasımzadə:

- Rasim yenə köhnə bayatını çağırdı. “Azərbaycan” jurnalı kosmosdan mətn götürmür. Bu jurnal müasir ədəbiyyatımızın güzgüsüdür, hamı orda çap olunur, hamıya qapı açıqdır. O ki qaldı, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza dərslikdən çıxarılmalıdır fikrinə, bu oyunu bizim başımıza çox açıblar. Bolşeviklər də gələndə Füzulini, Nizamini çıxarırdılar. Gəlin qüsurları, eyib sayılan şeyləri təkrar etməyək. Belə getsə, sabah ədəbiyyat dərsliklərimiz tam çılpaq qalar.

T. Cəfərli:

- Təsnifat o demək deyil ki, yazarlarımızı kənara atmalıyıq. Müasir dövlətçilik ideologiyası baxımından o dövrün yazarlarına yenidən baxmalıyıq. Xalqın fikrini ifadə edən təsnifatımız olmalıdır, yəni Tahirin, Rəhimin təsnifatı olmamalıdır.

R.Qaraca:
İntiqam Qasımzadə və Tahir Cəfərli (sağda)
İntiqam Qasımzadə və Tahir Cəfərli (sağda)

- Din dövlətdən ayrı olduğu kimi görünür, ədəbiyyat da dövlətdən ayrı olmalıdır. İntiqam bəy dövlətin maliyyələşdirdiyi və onun nəzarətində olan bir qurumun rəhbəridir. Bizim dərsliklər bərbad gündədir. Qohumbazlıq, yerlibazlıq əsasında müəllifləri ora doldurublar. Balaca uşaqlara soyqırım, şəhidlik haqda mənasız şeirlər əzbərlətdirirlər. Halbuki o uşağın təfəkkürü o cür abstrakt şeyləri dərk etmək üçün formalaşmayıb. Orda müxtəlif korporativ maraqlara görə çox lazımsız imzalar yer alıb. Bunun başında parlamentin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov durur. Hanı bizim müasir gəncliyin əsərləri haqda məlumatlar? Bu böyük ədalətsizlikdir, tərəfgördülükdür, qeyri-demokratikdir.

T.Cəfərli:

- Dərsliklərə yerlibazlıqla, qohumbazlıqla əsərlərin salınması pis tendensiyadır. İnanmıram prezidentin ürəyincə olan, Azərbaycan dövlətçiliyinin xeyrinə tendensiyadır. Bundan uzaqlaşmalıyıq.

R.Əliyev:

- Rasim bəylə Səməd Vurğun məsələsində razı deyiləm. Ədəbiyyat tarixinin işi yaxşı nə var ora yığmaqdır, ideologiyaya baxmaq lazım deyil.


tam izlə
XS
SM
MD
LG