Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:30

Ə.Əhmədov: «Rüstəm İbrahimbəyovdan prezidentliyə namizəd çıxmaz»


Əli Əhmədov
Əli Əhmədov
-

Azərbaycan və Rusiya arasında müxtəlif sahələri əhatə edən əlaqələr mövcuddur. İki ölkə arasında münasibətlər normaldır və bunun inkişaf etdirilməsinə hər iki tərəf səylərini göstərir. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Rusiya Prezidenti Vladimir Putin-in Azərbaycana səfərinin yekunlarını şərh edərkən hakim Yeni Azərbaycan Partiyasının Sədr müavini, icra katibi Əli Əhmədov deyib.

«YAP İLHAM ƏLİYEVƏ DƏSTƏYİ...»

Ə. Əhmədov bildirib ki, iki ölkə arasında münasibətlərin inkişaf etməsi hər iki dövlətin mənafeyinə uyğundur: «Putin-in səfəri çərçivəsində aparılan danışıqlar, imzalanan sənədlər gələcəkdə iki dövlət arasında iqtisadi, siyasi və digər sahələrdə olan münasibətlərin yüksək səviyyəyə qaldırılması üçün etibarlı hüquqi baza yaradıb».

Mediada Putin-in səfərinin guya prezident seçkilərində İlham Əliyevə dəstək kimi təqdim olunmasına münasibət bildirən Ə. Əhmədov deyib ki, Azərbaycan prezidentini qarşıdan gələn seçkilərdə dəstəkləyən yeganə qüvvə Azərbaycan xalqıdır, seçiciləridir: «Ölkədə keçirilən müşahidələr, sorğular nümayiş etdirir ki, Azərbaycanda keçirilən prezident seçkilərində əhalinin mütləq əksəriyyəti prezident İlham Əliyevin namizədliyini dəstəkləyir. Yeni Azərbaycan Partiyası İlham Əliyevə dəstəyi müxalifətdən fərqli olaraq Azərbaycandan kənarda deyil, Azərbaycanın içərisində əldə edib, ölkə vətəndaşları tərəfindən dəstəklənir. Bu dəstək İlham Əliyevin qarşıdan gələn prezident seçkilərində uğur qazanması üçün kifayət edir. Başqa dəstək Azərbaycana lazım deyil».

Əli Əhmədov Milli Şura barədə də danışıb. Onun sözlərinə görə, Milli Şuranın seçkilərə start verildiyi bir dövrdə namizəd axtarışına çıxması ondan xəbər verir ki, müxalifət seçkilərə hazır deyil, özünə inamını tamamilə itirib, Azərbaycan vətəndaşları müxalifət təmsilçilərini dəstəkləmirlər.

«ÖLKƏ PREZİDENTİ SEÇİLMƏK ÜÇÜN KİNOREJİSSOR OLMAQ KİFAYƏT DEYİL»

Ə. Əhmədov bildirib ki, Rüstəm İbrahimbəyovdan prezidentliyə namizəd çıxmaz:

«Onun nə yaşı, nə siyasi təcrübəsi, nə ümumiyyətlə məsuliyyətsizliyi ciddi seçki kampaniyasında iştirak etməyə imkan vermir. Bu qədər hüquqi cəhətdən problemləri olan bir insanın seçki kampaniyasına qoşulmaq haqqında fikirləri ortaya qoyması elə onun məsuliyyətsizliyindən xəbər verir. Görünür ki, müxalifət seçkiyə qatılmaq üçün öz arasında namizəd tapa bilmir. Bilirlər ki, Azərbaycan vətəndaşları onlardan olan bir namizədi dəstəkləməyəcək. Düşünürdülər ki, bəlkə Rüstəm İbrahimbəyovu kinorejissor olmağına görə dəstəkləsinlər. Amma ölkə prezidenti seçilmək üçün kinorejissor olmaq kifayət deyil».

YAP rəsmisi bildirib ki, ölkə prezidenti seçilmək istəyən şəxs insanların etibarını qazanmalıdır, siyasi səriştəsi olmalıdır, insanlar onun gələcəkdə ölkəyə rəhbərlik etmək bacarığına malik olduğunu görməlidirlər: «Bütün bu parametrlərdən məhrum olan bir insanın seçki kampaniyasına qoşulmaq iddiası insanları aldatmaqdan başqa bir şey deyil».
XS
SM
MD
LG