Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:31

«Oğruları tapın...»


Arxiv foto
Arxiv foto
-

«Dəyəri 9 min manat civarında olan qır-qızıllarımız gedib. 2 il 8 aydır ki, oğruları tapa bilmirlər. Çünki axtarmırlar».

Bunu AzadlıqRadiosunun «Qaynar xətt»inə İmişli sakini Fatma Əliyeva deyir. Onun sözlərinə görə, 2011-ci ilin yanvar ayında yaşadığı ünvanda baş vermiş oğurluq cinayətinin üstü hələ də açılmayıb.

Şikayətçi bildirir ki, hadisə baş verən gün yaxın qohumlarından birinin evində qonaq olublar. Evə dönərkən qapının sındırıldığını, mənzildə olan qızılların aparıldığını görüblər:

«Elə həmin anda rayon polisinə zəng vurub, xəbər verdik. Gəldilər, baxdılar, qeydlər götürsələr də, əl izlərini götürmədilər. Oğurluq cinayətinin açılması üçün ən vacibi əl izləridir. Buna görə bizdən rüşvət istədilər».

«OĞURLUĞUN ÜSTÜ AÇILMIRSA... »

Fatma Əliyeva deyir ki, İmişlidə oğurluq cinayətləri artdıqca, başlarına gələn oğurluq hadisəsinin üstünün açılacağına ümidləri də azalır. Onun fikrincə, polis oğruları axtarmırsa, cinayətdə polisin öz izini axtarmaq lazımdır.

Orxan Mansurzadə
Orxan Mansurzadə
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bu məsələ ilə bağlı bildirib ki, Fatma Əliyevanın yaşadığı mənzildə baş vermiş oğurluq faktı ilə əlaqədar zəruri istintaq hərəkətləri, əməliyyat-axtarış tədbirləri keçirilib. Araşdırma nəticəsində mənzildən 5 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi başlanıb. Cinayətin açılmasında polisin rüşvət marağı olmasını isə DİN-in şöbə rəisi yalanlayıb:

«Oğurluğun üstü açılmırsa, o demək deyil ki, burada hansısa polis əməkdaşının marağı var? Polisin birbaşa marağındadır ki, bütün cinayətlər, o cümlədən bağlı qalmış faktlar açılsın».

Orxan Mansurzadə onu da bildirib ki, cinayət işinin istintaqı baş prokurorluq və rayon prokurorluğu tərəfindən nəzarət qaydasında bir neçə dəfə öyrənilib.
XS
SM
MD
LG