Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:30

Pərviz Cəbrayıl: «Köşə yazarlığının ümidinə qalmış ədəbiyyatçılardan inqilab gözləmək absurddur»


Mirmehdi Ağaoğlu və Pərviz Cəbrayıl
Mirmehdi Ağaoğlu və Pərviz Cəbrayıl
-
Azərbaycanda gənc yazarların çoxu qəzetlərdə, saytlarda köşə yazırlar. Bu, onları tükəndirib yazıçı kimi məhv edir, yoxsa əksinə yaşadır, yaradıcılıqla rahat məşğul olmaq üçün maddi cəhətdən təmin edir?

AzadlıqRadiosunun «Penklub» proqramındakı debatda iştirak etdilər: Pərviz Cəbrayıl, Azad Qaradərəli, Şərif Ağayar, Mirmehdi Ağaoğlu, Cəlil Cavanşir.


«YAŞLANMIŞ YAZIÇILARIMIZ VAR, MƏSƏLƏN, ƏKRƏM ƏYLİSLİ, KOBUD ÇIXMASIN, ALTLARINA VAR-YATIRDAN YIĞIBLAR...»

Pərviz Cəbrayıl:

- Mən yazıçılarımızın köşə yazmasının əleyhinə deyiləm. Bütün dünyada tanınmış yazıçılar köşə yazırlar. Amma məsələ bundadır ki, nə vaxt yazırsan. Bizdə bir kitabın çıxdı, müəyyən qədər səni tanıdılar, vəssalam, çağırırlar hansısa qəzetə. Bir kitabdan sonra yazıçı atılır köşə yazarlığı meydanına və başlayır onun sanki şirəsi sorulmağa. Drayzerin «Dahi» romanındakı rəssam Yucin kimi, potensialında dahilik olan adam sonucda sıfıra çevrilir. Köşə yazarlığı da bizi onda məhv edir ki, bizim dolanışığımızı təmin edir. Köşə yazısına gedən vaxt yazıçını tükədir. Yaşlanmış yazıçılarımız var, məsələn, Əkrəm Əylisli, o birisi-bu birisi. Kobud çıxmasın, altlarına var-yatırdan bir şey yığıblar, bunların yazmaq imkanları var. Köşə yazarlığı onlardan heç nə aparmayacaq. Amma biz yuvadan qalxmamış tullayırlar meydana.

Mirmehdi Ağaoğlu:

- Bazar böyük olmadığından onlara verilən qonorar da böyük deyil. Amma başqa dolanışıq yeri olmadığından məcburdur gənc yazar köşə yazmağa. Kitabdan zatən gəlir əldə edə bilmir. Buna məcburdur...

Ş.Bəylərqızı:

- Media bununla yazıçılara kömək etmiş olur, yoxsa ayı xidməti göstərmiş?

P.Cəbrayıl:

- Belə çıxır ki, kömək edir. Bəzi sayt, qəzet rəhbərlərinin doğrudan da, ürəyində xoş niyyət olur ki, kömək etsin. Ancaq özünü də düşünür təbii ki. Tanınmış imzanı öz qəzetinə cəlb etməklə oxucu qazanır. Bir yandan kömək edir, bir yandan suyun çıxarır, məhv edir. Faciə ondadır ki, köşə yazarlığı yazıçılarımıza peşəkar olmağa, ədəbiyyatın çörəyini yeməyə imkan vermir. Köşə yazarlığının ümidinə qalmış ədəbiyyatçılardan peşəkar ədəbiyyat və ümumiyyətlə, inqilab gözləmək absurddur. Mən ümid etmirəm ki, bizim ədəbiyyatda nəsə yaxşı bir şey çıxsın.
Mirmehdi Ağaoğlu
Mirmehdi Ağaoğlu

«YAZIÇILARIN KÖŞƏ YAZMAĞI ƏSİL İŞGƏNCƏDİR»

Cəlil Cavanşir:

- Yazıçıların köşə yazmağı əsil işgəncədir. Bizim qazanacağımız başqa sahə yoxdur. Ya tərcümə, ya redaktə, ya da jurnalistika ilə məşğul olmalıyıq. Köşə yazmaq enerjini tükədir. Mənə elə gəlir ki, bədii əsər yazmaq üçün nəşriyyatlar sifariş etməlidirlər. Heç olmasa yazıçının dolanışığını bir il təmin edəcək qonorar verilməlidir. Amma bu gün bizim nəşriyyatların imkanları məhduddur. Yazıçıya o qiyməti verə bilmirlər. Ona görə də hamımız məcburuq mediada çalışaq, o qiymətə razılaşıb, yazılarımızı yazaq. Başqa yol yoxdur. Bu şərtlər altında xariqələr yaratmaq mümkün deyil. Minimum şərtlərlə yaşayırıq. Bəzən ailə şərtləri aylarla üzərində işlədiyin əsərin mövzusunu darmadağın edir və sən onu yazmaqdan bezirsən.

«PEŞƏNƏ SADİQSƏNSƏ MƏHRUMİYYƏTLƏRƏ DÖZMƏLİSƏN»

M.Ağaoğlu:

- Bizdə bir az tənbəllik də var, gözləyirik bizə şərait yaradılsın. Sovet dövründə yazıçılara çox gözəl şərait yaradılmışdı. 15 respublikadan istedadlı adamları aparırdılar Qorki adına Ədəbiyyat İnstitutuna, təhsil verir, elm öyrədirdilər ki, yazıçı olsunlar. Amma sovet hökuməti 70 ildə dünyaya nə qədər yazıçı verə bildi? Azərbaycandan gedən o gənclərdən nə qədəri dünyaya çıxa bildi? Yəni yüzlərlə yazıçı çıxmadı, yenə 5-10 yazıçı çıxdı. Dünyanın hər yerində yazıçılıq zəhmət, fədakarlıq tələb edir. Məsələn, Folkner bir romanı yazdı uğur qazanmadı, ikinci uğur qazanmadı, kasıblıq çəkdi, sonra Hollivud üçün ssenarilər yazdı, qanqsterlər, fahişələr haqda publikaya hesablanmış bir roman yazdı, sonra da ondan imtina etdi. Yəni o romanı pul qazanmaq üçün yazırdı. Məhrumiyyətlər hər yerdə var. Peşənə sadiqsənsə məhrumiyyətlərə dözməlisən. Kim sənə buna görə pul verməlidir?

«BİZDƏ BU MƏHRUMİYYƏTLƏRİN PERSPEKTİVİ YOXDUR»

P.Cəbrayıl:

- Bizdə sadəcə, bu məhrumiyyətlərin perspektivi yoxdur. Amerikada, Avropada adam fikirləşir ki, yazıçı ömrümün 15-20 ilini məhrumiyyətlərə birtəhər dözəcəm, amma bir məqamda tutandan sonra şöhrət, para gələcək. Bizdə bu perspektiv yoxdur. İstəyirsən min il bu məhrumiyyətə döz, bugünkü siyasi-iqtisadi həmin reallıqla perspektiv yoxdur. Ən yaxşı halda nəşriyyat sənin kitabını çap edib pul verməyəcək, uzaqbaşı 100 manat verəcək, halbuki onu yazmağa 3-4 min manat pul xərcləmisən.
Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı

«O QƏLPƏLƏR HƏM ŞƏRİFƏ DƏYİR, HƏM ƏDƏBİYYATA»

Azad Qaradərəli:

- Bu, bizim 15 il əvvəlki dərdimiz deyil. Ədəbiyyatımız 15 il əvvəlki mərhələdən yaxşı mənada sıçrayıb çıxıb. Bu nə 60-cıların, nə biz 80-cilərin hesabına olub, gənclərin hesabına olub. Gənclər cəsarətli oldular, sipərləri dağıtdılar. Dağıtdıqları sipərlərin biri də köşəydi. Köşəylə halal pul qazanmağın yolunu tapdılar. Amma nə yazıq ki, köşə yazmaq qələm adına pul qazandırır, hörmətə mindirir, ədəbiyyata isə zərər vurur. Üç köşə ən azı bir hekayə aparır. Ədəbiyyatda deyəcəyi sözü burda deyir. Mən bu yaxınlarda bir yazı yazmışdım: «Rafiq Tağıdan Ağ Şərifəcən». Orda Şərifin «Xanım T» kitabı haqda da fikrimi demişdim, çox maraqlı, hekayəyə bənzər, janrı bilinməyən yazılardır. Köşənin başına əlini çəkib onları hekayələşdirməyə çalışıb. Amma bunlar romanın qəlpələridir, o qəlpələr həm Şərifin özünə dəyir, həm də ədəbiyyata. Köşə yazmaq yazıçılığa mane olur.

Ş.Bəylərqızı:

- Bəs siz nə təklif edirsiz?

A.Qaradərtəli:

- Bu, bir mərhələdir, ağrılı mərhələdir. Yəqin bundan da çıxış yolu tapılacaq. Zaman özü hər şeyi tənzimləyəcək. Narahat olmağa, pessimist olmağa dəyməz. Amma ədəbiyyatdan çörək qazanmaq da hər yazıçının işi deyil. Bir yazıçı məşhur olar, «Nobel» alar. Yazıçılar həmişə əzab çəkiblər. Mənə elə gəlir, çox əndişələnmək lazım deyil.

P.Cəbrayıl:

- Azad bəyin pozitiv danışığı mənə də ləzzət etdi. Amma arada bir nəsil, bəlkə iki nəsil itiriləcək. Düzdür, mən inanıram ki, bu əzabların, işgəncələrin, çətinliklərin içindən aramızdan bir, iki nəfər sıyrılıb çıxacaq, köşə yazmayacaq, dəlicəsinə roman yazacaq, hətta ailəsini dağıdacaq. Məni kimi adam bunun içindən çox çətin çıxa. Elə dəli adam lazımdır ki, ailəni də tullasın, məsuliyyətə də tüpürsün.
Şərif Ağayar
Şərif Ağayar

«AZƏRBAYCAN ƏDƏBİYYATINI NƏ AZƏRBAYCAN DÖVLƏTİNƏ, NƏ DƏ AZƏRBAYCAN CƏMİYYƏTİNƏ TAPŞIRMAQ OLAR»

Şərif Ağayar:

- Mən bir müddət dövlətin mədəniyyət siyasətini həyata keçirən sahədə işləmişəm, «Kino» qəzetində redaktor olmuşam. O vaxt inkişaf etmiş ölkələrdən kino layihələr üçün Bakıya gəlmişdilər. Onlar yerli əhalinin sayını və maraq dairəsini öyrənib Azərbaycanı tərk etdilər. Məlum oldu ki, burda bazar yoxdur, burda nəsə çəkmək istəmədilər. Bu mənada götürəndə bizim cəmiyyətimiz mağmın cəmiyyətdir. Müsəlman Şərqində bizim kimi mağmın cəmiyyətlər çoxdur. Qəribədir ki, bu ölkələrin də çoxunun büdcəsində xeyli pul var. Bu mağmın cəmiyyətlər ki, öz dəyərlərinə sahib çıxa bilmir, öz ayaqları üstündə dayana bilmir, orda tutalım, ədəbiyyatın, klassik musiqinin, ciddi kinonun oxucusu, dinləyicisi, tamaşaçısı yoxdur. Bu cür mağmın cəmiyyətlərdə hökmən lazımdır ki, dövlət hansısa xətlə dotasiya ayırıb həmin sahələri məhv olmağa qoymasın. Çünki gələcək üçün əlimizdə başqa sərvət yoxdur. Yəni bir gün neft tükənəcək. Roma papası Azərbaycana gələndə Nizamidən misal çəkdi. Demədi ki, bu ölkədə çalıb-çapanlar kim olub, dağıdanlar, korrupsionerlər kim olub. Yəni biz yenə dəyərlərlə fəxr edəcəyik. Bunu başa düşən dövlət dotasiya ayırır və bu sahənin məhvinə imkan vermir. Bu baxımdan qismən kinoya dotasiya ayrılıb, müstəqil prodüser mərkəzləri qeydiyyatdan keçir, onlar azad layihələr verilir. Düzdür, onlara da ağır şərtlər qoyulur, torpaqların 20 faizi işğal altındadır, deyirlər ki, nikbin filmlər çəkilməlidir. Ədəbiyyatda daha böyük problemlər var. Dövlətin ədəbiyyatın inkişafı üçün ayırdığı vəsait birmənalı şəkildə monopoliya altındadır. Bu mənada dostlarımızın da dediyi kimi yaxın gələcəkdə Azərbaycanda ciddi perspektiv görünmür. Azərbaycan ədəbiyyatını nə Azərbaycan dövlətinə, nə Azərbaycan cəmiyyətinə tapşırmaq mümkündür. Bunun heç biri Azərbaycan ədəbiyyatına yiyə durmur. Belə vəziyyətdə yazıçı hara getməlidir? Yazıçı birhüceyrəli amöb deyil ki, ot kökü-zad yesin. Buna görə də köşə yazarlığı həmin ehtiyacı qarşılamasa belə yazıçı məcburdur ki, bu sahəyə getsin. Amma müəyyən dövrdən sonra ədəbiyyatdan kənar yazılar vaxt və enerji itkisidir. Eləcə də mövzu itkisidir. Köşənin insanı tükəndirməyi də var.

«BU PULU ANCAQ KÖŞƏLƏRƏ VERİRLƏR, HƏMİN KÖŞƏLƏRDƏ SIRF HƏQİQƏT YAZILMADIĞI ÜÇÜN ÇOX ADAMA SƏRF EDİR»

Ş.Bəylərqızı:

- Siz özünüzdə bunu hiss edirsiz?

Ş.Ağayar:

- Əlbəttə... Bir dəfə Orxan Pamukun romanlarının işarə sayını götürdük və bizdə köşələrə verilən orta qiymətlə hesabladıq. Təsəvvür edin, 30-40 min manat pul etdi. Azərbaycanda elə uşaqlar var ki, 30-40 min pul versən ciddi roman ortaya qoyarlar, dünyaya səs salarlar. Təəssüf ki, bu mümkün deyil. Bu pulu ancaq köşələrə verirlər. Həmin köşələrdə sırf həqiqət yazılmadığı üçün çox adama sərf edir. Ciddi ədəbiyyat Azərbaycanda heç kimə lazım deyil. Ciddi ədəbiyyat, Azərbaycan xalqının iradəsini, istedadını ifadə edən həqiqi ədəbiyyat bu gün yalnız fədakarların ümidinə qalıb... Bu xalq ədəbiyyatı istəmir, səni oxumur ki, ona söykənəsən. Dövlət tərəfindən ayrılan dotasiya da AYB nəzarətindədir, monopoliyasındadır... Amma mən nikbinəm. Sabiri təpikləyə-təpikləyə Bakıdan qovan, Şamaxıda başına oyun açan yenə bu millət olub. Amma əvvəl-axır ondan dəyər kimi yapışdı. Bizim narahatlığımız odur ki, bu günün reallıqlarının əzib-məhv etdiyi istedadlar var. Bu gün də sabirlər, müşfiqlər yetişə bilər. Azərbaycanda ciddi imzalar olub, olacaq. Yenə bu sərvət bu xalqa qalacaq..

XS
SM
MD
LG