Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:45

MSK İlqar Məmmədova «hə», Rüstəm İbrahimbəyova «yox» dedi


Rüstəm İbrahimbəyov və İlqar Məmmədov
Rüstəm İbrahimbəyov və İlqar Məmmədov
-
Avqustun 27-də Mərkəzi Seçki Komissiyası (MSK) «ReAL» hərəkatının sədri İlqar Məmmədovun prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib.

MSK katibi Arifə Muxtarova MSK-nın avqustun 27-də keçirilən iclasında deyib ki, İ. Məmmədovun namizədliyinin qeydə alınması ilə bağlı MSK-ya daxil olan sənədlər araşdırılıb və hüquqi əsasların olduğu müəyyən edilib. Qərarı MSK üzvləri qəbul edib.

İclasda o da bildirilib ki, « ReAL» hərəkatının sədri İlqar Eldar oğlu Məmmədovun namizədliyi öz təşəbbüsü ilə irəli sürüb.

İlqar Məmmədov bu ilin yanvarında İsmayıllı hadisələrinə görə saxlanıb. Hazırda həbsdə olan «ReAL» sədri ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilir.

Avqustun 14-də İlqar Məmmədov haqqında həbs-qətimkan tədbiri daha 2 ay uzadılıb.

Bu günə kimi MSK 16 nəfərin prezidentliyə namizədliyini təsdiqləyib.

RÜSTƏM İBRAHİMBƏYOVUN NAMİZƏDLİYİ TƏSDİQLƏNMƏDİ

MSK Milli Şura seçicilərinin Təşəbbüs Qrupu tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Rüstəm İbrahimbəyovun namizədliyini təsdiqləməyib.

MSK katibi Arifə Muxtarova bildirib ki, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Darokhin MSK-nın sorğusuna cavab olaraq bildirib ki, R. İbrahimbəyov 28 noyabr 1991-ci il tarixdən Rusiyanın vətəndaşıdır.

MSK katibi Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınması ilə bağlı MSK-ya daxil olan sənədlərin araşdırıldığını və hüquqi əsasların olmadığını müəyyən edib:

«Bu qərarın verilməsində Rusiya qarşısında vətəndaşlığı və öhdəliyinin olması əsas götürülməlidir».

İclasda Azərbaycan və Rusiyanın müvafiq qurumlarına ünvanlanan sorğular barədə də məlumat verilib.
Eldar Namazov
Eldar Namazov

Rüstəm İbrahimbəyovun 74 il ərzində yalnız 1163 gün Azərbaycanda yaşadığı da bildirilib.

MSK bunları əsas gətirərək, açıq səsvermə yolu ilə R. İbrahimbəyovun namizədliyinin təsdiq olunmaması haqda qərar verib.

RÜSTƏM İBRAHİMBƏYOV MSK-NI MƏHKƏMƏYƏ VERİR

Bunu AzadlıqRadiosuna Milli Şura aparatının rəhbəri Eldar Namazov deyib.

O bildirib ki, MSK-nın Rüstəm İbrahimbəyovun namizədliyini təsdiqləməməsi üçün gətirdiyi əsaslar qanunsuzdur:

«Çünki R.İbrahimbəyovun namizədliyinin qeydə alınması üçün son tarix sentyabrın 9-dur. Bizsə namizədliyin təsdiqi üçün sənədlərini təqdim etmişdik. MSK namizədlərə sənədlərini toplamaq üçün möhlət verməli idi. Biz MSK-nın bu qərarını qanunsuz sayırıq və hüquqşünaslarımız məhkəməyə müraciət edəcəklər».

Eldar Namazov əlavə edib ki, R.İbrahimbəyovun namizədliyinin təsdiqi üçün mübarizə hüququ müstəvidə davam etdiriləcək:

«Milli Şura eyni zamanda Cəmil Həsənlinin namizəd kimi qeydə alınması yönündə də çalışacaq».

Mübariz Qurbanlı
Mübariz Qurbanlı
«SİYASİ ŞOU YARATMAQ MİLLİ ŞURANIN ŞAKƏRİDİR»

YAP icra katibinin müavini Mübariz Qurbanlı MSK-nın bu qərarını tam qanuni sayır:

«Deyəsən, Milli Şurada təmsil olunanlar bircə dəfə də olsun Azərbaycanın Seçki Məcəlləsini, onun tələblərini oxumayıblar. Elə oxumadıqlarına görə də bu vəziyyətə gəliblər. May ayında özlərinə bir namizəd seçdilər. Amma birinin ağlına gəlmədi ki, seçdikləri namizədin sənədlərinə baxsınlar. Görsünlər ki, R.İbrahimbəyovun sənədləri namizədlik üçün lazım olan tələbləri ödəyirmi? MSK sənədləri səhv olan, Seçki Məcəlləsinin tələblərini ödəməyən birinin namizədliyini necə təsdiqləyə bilər. Siyasi şou yaratmaq, özlərini gündəmə gətirmək Milli Şura adlanan qurumun şakəridir».

M.Qurbanlı bəzi namizədlərə sənədlərini düzəltmək üçün vaxt verildiyini xatırladıb və əlavə edib ki, sənədlər MSK-ya tam şəkildə təqdim edilməlidir.
XS
SM
MD
LG