Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:47

Qərbin Suriyaya müdaxiləsi reallaşır


Dəməşq
Dəməşq
-

SURİYA MƏSƏLƏSİ GERÇƏKLƏŞİR. LONDON MİLLƏT VƏKİLLƏRİNİ YAY TƏTİLİNDƏN GERİ ÇAĞIRDI

Britaniya mediası bunu Suriyaya zərbə məsələsinin təcili qaydada parlamentin müzakirəsinə çıxarılacağı ilə əlaqələndirir.

Əgər belədirsə, bu məsələ ciddidən də ciddi qəbul edilməlidir. Belə ki, millət vəkillərinin tətilinin başa çatmasına sayılı günlər qalırdı. İlk sessiya sentyabrın 2-də keçirilməli idi.

Müşahidəçilər hesab edir ki, Dəməşqə ilk zərbə artıq həmin günə qədər endirilə bilər.
Millət vəkillərini tətildən geri çağıran baş nazir David Cameron-un özü də məzuniyyətini yarımçıq qoyaraq Londona qayıdıb. Bu hadisə onun Barack Obama ilə 40 dəqiqəlik məxfi telefon söhbətindən sonra baş verib.

Xəbər verilir ki, London Suriyaya mümkün zərbənin qanuni tərəfini baş hüquq müşavirləri ilə müzakirə edir.

Barack Obama və David Cameron
Barack Obama və David Cameron
Mətbuat ehtimal edir ki, ABŞ və Britaniya, Liviya məsələsində olduğu kimi hərəkət edəcək və BMT Təhlükəsizlik Şurasında Suriyanıdəstəkləyən Rusiya və Çinlə diplomatik çənə-boğaza vaxt itirməyəcək.

Britaniya hökumətinə yaxın mənbələr bildiriblər ki, Suriyaya «məhdud zərbələrin» endirilməsi üçün BMT TŞ-nin sanksiyasına ehtiyac olmaya bilər.

HAGEL ALİ BAŞ KOMANDANIN ƏMRİNİ GÖZLƏYİR

BBC-yə müsahibəsində ABŞ Müdafiə naziri Chuck Hagel Suriya üzərinə zərbələr barədə daha əminliklə danışıb.

O deyib ki, Amerikanın hərbi qüvvələri mümkün zərbələr üçün artıq lazımi mövqelərə gətirilib.

Hagel bildirib ki, hələlik prezident Obama-dan hücum barədə əmr yoxdur, lakin ABŞ-ın «hərbi mülkiyyəti» bu əmrin icrasına artıq hazırdır.

Müdafiə naziri bildirib ki, Bashar al-Assad rejiminin öz xalqına qarşı kimyəvi silahlara əl atdığına dair artıq kifayət qədər «yaxşı kəşfiyyat dəlilləri» var.

Britaniyada isə ölkənin silahlı qüvvələrinin artıq «hər ehtimala qarşı planlar» üzərində işlədiyini deyiblər.

Chuck Hagel
Chuck Hagel
London bəyan edib ki, onun «hərbi mülkiyyəti» döyüş hazırlığı vəziyyətinə gətirilib.
Bununla belə, cənab Hagel vurğulayıb ki, əsas müttəfiqlər – Britaniya və Fransa mümkün zərbənin beynəlxalq qanunlara uyğunluğu məsələsini öyrənirlər.

O bildirib ki, BMT müfəttişləri çətin ki Suriyada kimyəvi silahlardan istifadəyə dair nə isə yeni, həlledici informasiya əldə etsinlər.

Cənab Hagelə görə, «kimyəvi silahların Suriya xalqına qarşı işlədildiyi tam aşkardır».
O həmçinin əmin olduğunu bildirib ki, «kəşfiyyat kimyəvi silahın üsyançılar tərəfindən yox, Suriya hökuməti tərəfindən tətbiq olunduğunu göstərəcək».

«VOT-VOT» ZƏRBƏ OLA BİLƏR VƏ YA QUMBARALI MEYMUN

Suriyaya qarşı hərbi hərəkət məsələsində Qərbin tam ciddiləşdiyini Rusiyanın reaksiyası da göstərir.

Moskva bildirib ki, müdaxilə Suriya, regionun başqa ölkələri və bütövlükdə Yaxın Şərq üçün fəlakətli nəticələrə səbəb olacaq.

Rusiya xarici işlər nazirinin müavini Dmitry Rogozin qeyd edib ki, «Qərb İslam dünyasına münasibətdə özünü əlində qumbara olan meymun kimi aparır».

Moskvanı narahat edən digər məsələ isə çərşənbə axşamı Haaqada keçirilməli olan ABŞ-Rusiya görüşünün Vaşinqton tərəfindən ləğv olunmasıdır.

Bununla belə, Amerika Dövlət Departamentinin sözçüsü Moskva ilə məsləhətləşmələrin davam edəcəyini bildirib.

Rusiya xarici işlər nazirinin müavini Gennady Gatilov deyib ki, BMT Təhlükəsizlik Şurasının avqustun 28-də keçiriləcək yığıncağından əvvəl bu görüşün ləğv olunmasına yalnız təəssüf etmək olar.

Rusiya parlamentinin xarici əlaqələr komitəsinin rəhbəri Alexey Puskov isə bəyan edib: «Adamda belə bir təsəvvür oyanır ki, Ağ Evdə hələ də Bush, Cheney və Rumsfeld oturublar, Downing Street-də isə hələ də Tony Blair yaşayır».

RUSLAR EVAKUASİYA EDİLİRLƏR

Suriya qaçqınları
Suriya qaçqınları
Rusiya sərt bəyanatlar verməklə yanaşı öz vətəndaşlarının Suriyadan evakuasiyasına başlayıb.

Rusiyanın Fövqəladə Hallar Nazirliyinin təyyarəsi artıq Latakiya hava limanında yerə enib.

İl-76 təyyarəsi Suriyaya 20 tonluq humanitar yardım gətirib. Təyyarə geriyə qayıdan zaman Rusiya və MDB vətəndaşlarını evakuasiya etməli idi.

Təyyarənin 180 sərnişin götürdüyü xəbər verilir. Onlardan 100-ü Rusiya vətəndaşıdır.
Rusiya bildirir ki, özünün müdafiə heyətini Suriyadan hələ iyun ayında çıxarıb, lakin ölkədə hələ də 30 minədək Rusiya vətəndaşı var.

MÜSƏLMAN DÜNYASI DA SURİYAYA QARŞIDIR

Britaniya mətbuatının yazdığına görə, İstanbul görüşü zamanı Qərb diplomatları Suriya üsyançılarına hərbi zərbələrin bir neçə gün ərzində endirilə biləcəyini söyləyiblər.

Bu arada Suriya xarici işlər naziri Walid Moualem mətbuat konfransında kimyəvi silahdan istifadəyə dair ABŞ-ın qəti əminliyini inkar edib və deyib ki, zərbə endirildiyi təqdirdə Dəməşq əlindəki bütün imkanlarla müdafiə olunacaq.

Cənab Moualem deyib ki, Qərb zərbələrlə Suriyadakı qüvvələr balansını dəyişməyə ümid edirsə, bu, səhv yanaşmadır. Onun fikrincə, indiki halda zərbələr yalnız Əl-Qaidəyə xidmət edəcək.

ABŞ, Britaniya və Fransanın ardınca Türkiyə də Suriyaya qarşı qətiyyətli tədbir görülməsini dəstəkləyib.

Ahmet Davutoglu
Ahmet Davutoglu
Türkiyənin xarici işlər naziri Ahmet Davutoğlu jurnalistlərə deyib ki, bəşəriyyətə qarşı cinayət cavabsız qala bilməz. Ankaranın kimyəvi silahın Assad rejimi tərəfindən işlədildiyinə şübhəsi yoxdur.

İran rəsmiləri isə mümkün zərbələrdən çəkindirməyə yönəlik çağırışlar edirlər.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Aragchi xəbərdarlıq edib ki, Suriya üzərinə həmlə «təhlükəli nəticələrə» səbəb olacaq.

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Saud al-Faisal isə deyib ki, beynəlxalq birlik prezident Bashar al-Assad hökumətinə qarşı «qətiyyətli və ciddi» mövqe nümayiş etdirməlidir.

Britaniya telekanallarında iki fikir tez-tez səslənir: «Britaniya baş naziri parlamenti toplasa da, Suriyaya zərbə endirmək üçün ona parlamentin icazəsi lazım deyil».

İkinci fikir isə bundan ibarətdir ki, «İraq müharibəsindən bəri beynəlxalq qanunlar xeyli genişlənib və Suriyaya qarşı mümkün hərbi əməliyyat üçün BMT Təhlükəsizlik Şurasının sanksiyası icbari olmaya bilər».
XS
SM
MD
LG