Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:36

Suriyada vuruşan azərbaycanlılar


Suriyadakı azərbaycanlı döyüşçülər
Suriyadakı azərbaycanlı döyüşçülər

_

İnternetdə yayılan bir müraciətdə görüntülərin 2 may 2013-cü ildə çəkildiyi bildirilir. 6 dəqiqəyə yaxın bu videoda azərbaycanlı burada çoxlu azərbaycanlının cihada qatıldığını, aralarında ölən və yaralıların olduğunu deyir. Çıxışçı digərlərini də Suriyaya gəlib vuruşmağa, cihada qatılmağa çağırır və Suriyaya getməyin elə də çətin olmadığını deyir.


SURİYADA ÖLDÜRÜLƏN AZƏRBAYCANLILAR

İnternetdə Suriyada vuruşan azərbaycanlılarla bağlı bir çox videolar yer alsa da, son 2 ildə Suriyada vuruşan azərbaycanlılar məsələsi Azərbaycanın özündə bir neçə dəfə medianın gündəminə gəlib. Hər dəfə də Suriyadakı islamçı qrupların tərəfində Bashar Assada qarşı vuruşan azərbaycanlıların ölməsi haqda xəbərlər yayılandan sonra.
Son olaraq 2013-cü ilin iyulunda Tərtər rayon sakini Ənvər Zeynalovun Hələb yaxınlığında döyüşlərdə həlak olduğu və orada dəfn edildiyi qeyd olunur.


AZƏRBAYCAN DÖVLƏTİ ONLAR HAQDA NƏ BİLİR?

Azərbaycan Xarici İşlər nazirliyinin sözçüsü Elman Abdullayev dəfələrlə məsələ ilə bağlı mövqeyini açıqlayarkən Suriyadakı səfirliyin bağlandığını və konflikt hələ qızışan vaxt orada rəsmən olan azərbaycanlıların ölkəni tərk etdiyini bildirib. MTN isə azərbaycanlıların cihada qoşulması haqda müraciəti ilə bağlı profilaktik tədbirlərin görüldüyünü acılamaqla kifayətlənib.


SURİYADA NƏ QƏDƏR AZƏRBAYCANLI VURUŞUR?

Azərbaycanlıların sayına gəldikdə isə, ANS Suriyada 60-a yaxın, İrana yaxın İslamTimes saytı isə 270 azərbaycanlının vuruşduğunu bildirir. APA agentliyi son olaraq Suriyadakı müxaliflərin saytlarına istinadən bu günə qədər vətəndaş müharibəsində 30 azərbaycanlının öldüyünü xəbər verib. Xəbərlərə görə, Suriyaya gedən azərbaycanlılar həm Azərbaycanın özü, həm də Türkiyə, Əfqanıstan və Şimali Qafqazdan olanlardır.

İnternetdə suriyalı müxaliflərin saytları və sosial şəbəkələrdəki məlumatlara görə, azərbaycanlılar əsasən «Ceyş əl-Mühacirin vəl-Ənsar» qrupunda cəmləşir və onlara Əbu Yəhya adlı azərbaycanlı rəhbərlik edir.
İnternetdə həmin şəxsin tank əleyhinə komplekslərdən uğurla istifadəsi və vurduğu tanklarla bağlı görüntüləri var.


SURİYAYA AZƏRBAYCANLILAR NECƏ GEDİR?

İslamTİmes iddia edir ki, azərbaycanlılar Suriyaya Mehman adlı şəxsin yardımı ilə gedirlər. Bu il həlak olan Tərtər sakinin yaxınları isə yas mərasimində bildirmişdilər ki, oğullarının Türkiyədə işlədiyini güman edirdilər.

Suriyadakı islamçı yaraqlılar haqda məlumatlar yayan saytlardan birində isə qeyd olunur ki, istənilən videomüraciətə baxandan sonra altındakı forumda onlara qoşulmaq istəyənlər şərhlərini yaza bilərlər və sonradan email yoluyla onlarla əlaqə yaradılacaq.


YARAQLILARI SURİYADA NƏ GÖZLƏYİR?

Elə həmin saytda silahlı dəstələrdən birinin rəhbəri əmir Salahaddinlə müsahibədə də bu məsələyə toxunulur. Əmir deyir ki, “Suriyaya gələnlər öncə sənədlərini bazanın əmirinə təhvil verməlidirlər. Bu əmanət etibarlı şəkildə qorunur. Sonra onlar döyüşmək istədikləri dəstəni seçə bilərlər. 30-45 günlük hərbi hazırlıqdan sonra döyüşlərdə iştirak edəcəklər. 4 ay müddətində Suriyanı tərk edə bilməzlər. 4 aydan sonra isə vuruşanlar öz ailələrini görməyə gedə bilər. 6 ay Suriyada vuruşan yaraqlılara ailələrini gətirməyə icazə verilir. 1 ildən sonra isə evlənməyə”.


SURIYAYA GEDƏNLƏR PUL ALIRMI?

Özünü Əmir Salahaddin kimi təqdim edən şəxs bildirir ki, ailəli şəxslərə Beytul-Maldan xüsusi maddi və ərzaq yardımları da edilir ki, ailələri onlar olmayanda əziyyət çəkməsinlər.

Müxtəlif internet resurslarındakı məlumatlara görə isə, Suriyaya döyüşməyə gedənlərə əvvəlcədən 50 min dollara qədər maddi vəsait ödənir, həlak olduqları təqdirdə ailələri eyni məbləği alır.

Ancaq internetdə yayılan bəyanatlarında Suriyadakı Azərbaycan və Qafqazdan olan başqa rusdilli yaraqlılar Suriyaya pul üçün yox, ancaq din naminə gəldiklərini iddia edirlər.

XS
SM
MD
LG