Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:34

Gömrük İttifaqında Ermənistanı gözləyən risklər


İlham Şaban
İlham Şaban
-

Ermənistan prezidenti Serzh Sarkisian sentyabrın 3-də bildirib ki, ölkəsi Gömrük İttifaqına qoşulmaq qərarını verib. Avropa Birliyi xəbərdarlıq etmişdi ki, Ermənistan həm onunla sıx əməkdaşlıq haqda saziş bağlaya, həm də Gömrük İttifaqına qoşula bilməz. Avropa Parlamentinin üzvləri Ermənistanın qərarından təəssüfünü bildirib

İqtisadçı-ekspert İlham Şaban AzadlıqRadiosuna müsahibəsində Avropa Birliyinə inteqrasiya ilə Gömrük İttifaqına üzvlük arasındakı uyğunsuzluğu belə izah edir:

– Gömrük İttifaqının üzvlərinin öz aralarında razılığa gəldikləri bir sıra məqamlar var.

Əsas məsələ Gömrük İttifaqı üzvlərinin maraqlarının təmin olunması, onlar arasında qarşılıqlı ticarətin tənzimlənməsidir. Son məqsəd bu üzv dövlətlərin birləşdiyi məkanı vahid bir iqtisadi zonaya gətirib çıxarmaqdır.

Yəni, bu, siyasi baxımdan son məqsəddir.

Avropa Birliyi ilə imzalanması gözlənən sənədin, Avropa ilə iqtisadi inteqrasiyanın məqsədi isə AB ilə özünün bütün normativ hüquqi sənədlərini eyni bazaya gətirmək, öz bazarlarını onların üzünə açmaq, Avropa ilə ticarət əlaqələrini genişləndirmək və inteqrasiya etməkdir. Hər iki qurum, son məkanı göstərən kompas əqrəbləri kimi üst-üstə düşmür.

–Yəni, Gömrük İttifaqının Avropa Birliyi məkanına qarşı yaradılmış bir qurum olduğunu demək olarmı?

– Strateji baxımdan, uzunmüddətli perspektivdən, həqiqətən belədir. Maraqları zidd olan siyasi-iqtisadi qurumlardır.

– Gömrük İttifaqının üzvü olub Avropa Birliyi ilə əməkdaşlıq etmək mümkün deyilmi?

–Məncə, mümkün olmayacaq. Sarkisian-ın Moskvaya qəfil səfəri və bütün şərtlərlə razılaşması o deməkdir ki, faktiki olaraq yay aylarında Ermənistanla Moskva arasında müəyyən narazılıqlar, fikirlər aradan qaldırıldı. Ermənistan faktiki özünün hərbi-strateji tərəfdaşını uzun müddətə dəyişmək fikrindən vaz keçir.

– Avropa Birliyinin assosiasiya sazişi və Gömrük İttifaqının ziddiyyət təşkil edən şərtləri hansılardır?

– AB-nin əsas prinsipi azad ticarətdir. Ancaq Gİ-də azad ticarət məsələsi yoxdur, hər şey tənzimlənəndir. Qazaxıstanla Belarusun son bir ildəki əlaqələrinə baxaq. Çindən daxil olan məhsullara tətbiq olunan və Belarusda çıxılan vergilər, neft və neft məhsullarının bu ölkələr arasındakı daşınması, idxal-ixracı tənzimlənir. Ancaq AB-də bizimki kimi Tarif Şurası deyil, hökumətə tabe olmayan Tənzimləyici Orqan var.

– Yəni, Gömrük İttifaqı ərazisində eyni tarif, eyni vergi rüsumu tətbiq olunur?

– Hətta eyni olmasa da, bir-birilə uzlaşdırılır. Buna görə də Qazaxıstan kimi böyük neft istehsalçısı olan ölkədə neft məhsullarının qıtlığı yaranıb. Çünki Rusiyadan idxal var.

Eyni bazarda olduğu Rusiyada da neft məhsulları ucuz olduğundan, ordan idxal edirlər. Özündə isə neft məhsulu istehsalına stimul yaranmır.

Ancaq qurumda konfliktlər də yaranıb. Belarus Rusiyadan idxal olunan donuz ətinə qadağa qoydu. Mövcud Gİ qanunvericiliyinə görə, buna ixtiyarı yoxdur. Prezident Alexander Lukashenko da hirslənib ağlına gələni edir. Çünki Rusiya neft verir, Belarus böyük neftayırma zavodlarında emal etdiklərinin bir qismini Rusiyaya verir, bir qismini də satır, ancaq bəzən normadan çox satır.

Rusiya bunu bildiyindən arada qiyməti qaldırır. Lukashenko da hirslənir, sentyabrın 1-dən işığın qiymətini qaldırıb. Maraqların toqquşması yenə qalır. Gİ yarananda deyirdilər Sovet İttifaqı kimi bir qurum yaranır, ancaq ondan çox-çox uzaqdır. Çünki maraq toqquşması qalmaqdadır, ümumi ittifaq üzrə bunu nəzarətdə saxlayacaq orqan da yoxdur.

– Bu zaman Gömrük İttifaqının ömrünü necə proqnozlaşdırmaq olar?

– Çox inkişaf etmiş AB-ni nəzərə alsaq, 16 üstəgəl yeni qəbul olunmuş 13 üzvü götürəndə, görərik ki, hətta belə birliklərin özündə də maraqlar toqquşur, buna uzun zaman gərəkdir.

Gİ yeni addımlar atır, mərkəzi gücə çevrilməsi üçün vaxt lazımdır. Rusiya da əvvəlki Rusiya deyil ki, özünə arı pətəyi kimi nəyisə cəlb etsin. Öz nefti-qazını satmaqla siyasətini yaxın çevrəsinə belə yeridə bilmir.

Sentyabrın 3-də Türkmənistan və Çin liderləri cəmi 4 ilə Türkmənistanın ən böyük, dünyada ikinci qaz yatağının 2-ci fazasının işlənməsi layihəsini imzaladılar. Cəmi 4 ilə bunu həyata keçirdilər. Rusiya isə vurnuxur, «Cənub axını» layihəsini iki dəfə baha qiymətə həyata keçirib-keçirməyəcəyi belə bəlli deyil.

Bu mənada Gömrük İttifaqının gələcəyinə böyük şübhəylə baxıram. Belarus və Ermənistanın, yəni daimi Rusiyaya bağlı ölkələrin adi məişət konflikti səviyyəsində burunlarını sallayıb digər səmtə üz tutmalarını müşahidə etməyimiz onu göstərir ki, strateji bir birliyin əsası qoyulmayıb. Sadəcə, müəyyən məqsədləri var. Onlar da alınmayanda həmin milli, lokal maraqlar Gİ maraqlarına üstün gəlir.
XS
SM
MD
LG