Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:38

Ya tələbə var, yataqxana yoxdur, ya da...


Bakı Dövlət Universitetinin yataqxanalarından məcburi köçkünlərin köçürülməsinə başlanılıb.
Bakı Dövlət Universitetinin yataqxanalarından məcburi köçkünlərin köçürülməsinə başlanılıb.
-
«Yataqxanada qalmaq istərdim, ancaq orada yer yoxdur. Kirayə evə də ailə büdcəmiz uyğun deyil...». – Bu il tələbə adını qazanan Gülnar Məmmədli belə deyir. O, uğurlu qəbul imtahanından sonra yataqxanada qalacağını düşünürmüş, axı həm kirayəpulu ödəməklə ata-anasına yük olmazdı, həm də özü kimi tələbələrlə bərabər, gerçək tələbə həyatı yaşayardı. İndi fikrini dəyişib və özünə nisbətən ucuz qiymətə kirayə mənzil axtarır.

Gülnar kimilər az deyil. Azərbaycanın ali məktəblərində təhsil alanların çoxu yataqxana problemi ilə üzləşir. Bəlkə Gülnar kimi onlar da Maliyyə naziri Samir Şərifovun 2 il öncə parlamentdə söylədiklərinə arxayınmış. Nazir o vaxt – «Əminliklə deyə bilərəm ki, 2012-ci ildə ilk yataqxanalar və ya yataqxana kompleksi istifadəyə veriləcək» – demişdi.

Ancaq o vəd elə vəd olaraq qalıb və tələbələrin yataqxana problemi hələ də çözülməyib.

BDU: «KİRAYƏDƏ QALAN TƏLƏBƏMİZ OLMAYACAQ»

Durum yaxşılığa doğru dəyişə bilər. Bu ildən Bakı Dövlət Universitetinin yataqxanalarından məcburi köçkünlərin köçürülməsinə başlanılıb. Dağlıq Qarabağ münaqişəsinə və torpaqların işğalına görə yurd-yuvalarını tərk edən və artıq 21 ildir universitetin, nə az-nə çox – 9 yataqxanasında məskunlaşan insanlar Müşfiqabad qəsəbəsində məxsusi onlar üçün tikilən mənzillərə yerləşdirilirlər. Beləcə, tələbələrin yataqxana müşkülünü çözməyə real imkan yaranır:

«İndi yataqxanalar sökülür. Artıq 2-3 korpus sökülüb. Digərləri də tezliklə söküləcək və onların yerində böyük bir tələbə şəhərciyi salınacaq. Bu minvalla BDU-nun bütün tələbələrini orada yerləşdirmək mümkün olacaq.
Azərbaycan Texniki Universitetinin yataqxanası
Azərbaycan Texniki Universitetinin yataqxanası
Layihə hazırdır. Çox gözəl, müasir bir yataqxana kompleksi olacaq. Nə vaxt tikilib istifadəyə veriləcəyi bəlli deyil, amma hazır olandan sonra, demək olar, kirayə mənzil tutan BDU tələbəsi qalmayacaq» – Sözügedən universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimovanın sözləridir. O, yeni yataqxanaların çoxmərtəbəli olacağını da vurğulayır.

ADNA-NIN YATAQXANASINDA YALNIZ ƏCNƏBİ TƏLƏBƏLƏR QALIR

Bu il söküləcək yataqxanalar arasında Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanası da var. Akademiyanın inzibati-təsərrüfat işləri üzrə prorektoru Nuhbaba Şıxıyevin dediyinə görə, 3 min yerlik yataqxanada illərdir ki, məcburi köçkünlər məskunlaşıbmış. Həmin yataqxana binasının söküləcəyini və yerində müasir tələbə yataqxanasının ucaldılacağını deyən prorektor sözlərinə bunu da əlavə edir:

«Orada bizim tələbələrimiz qalmırdı. Qalanlar məcburi köçkünlər idi. Üç min yerimiz vardı. Korpuslardan birində hələ də 300-400 civarında xarici tələbə qalır».

MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİNİN YATAQXANASINDA QEYDİYYAT BAŞLAYIB

Memarlıq və İnşaat Universitetinin yataqxanası, rəsmi dillə desək, təyinatı üzrə fəaliyyət göstərir. Universitet Tələbə Həmkarlar Təşkilatı sədrinin müavini Tural Əliyevin dediyinə görə, yataq yeri istəyən bütün tələbələr yerləşdirilir:
Memarlıq və İnşaat Universitetinin yataqxanası
Memarlıq və İnşaat Universitetinin yataqxanası

«Müraciət edən hər bir tələbəni yerləşdirmişik. Bizdə yer problemi yoxdur. Üç-dörd min tələbənin hamısı yataqxanada qalmır, axı. İstəyən hər kəs yerləşdirilir. Xeyli müraciət var. Boş qalan otaqlar varsa, yataqxanaya yenidən giriş elanı veririk. Daha sonra gələnlər dərs semestrinin ortalarında yerləşdirilir. Bir sözlə, ilk semestrin axırınadək yataqxana başdan-ayağa dolur. Şərait gözəldir. Artıq qeydiyyata başlamışıq. Dərslər başlananda orderlər də təhvil veriləcək».

Memarlıq və İnşaat Universitetinin yataqxanasında qalanlar hər ay üçün 20 manat ödəməlidirlər.

Azərbaycan Dövlət Pedaqoji və Bakı Slavyan universitetlərinin yataqxanaları, hələ ki, tələbələrin deyil, məcburi köçkünlərin istifadəsindədir.

PROBLEM 4-5 İLƏ ARADAN QALXACAQ?

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) sədri Asif Əsgərli deyir ki, məcburi köçkünlər üçün yeni şəhərciklər tikilib başa çatdırılandan sonra ali məktəb yataqxanalarının hamısı boşaldılacaq:

«Artıq bir neçə ali məktəb yataqxanası boşaldılır. Bu proses 2014-cü ildə başa çatdırılacaq. Problemin həlli istiqamətində atılan addımlar tələbələrin oxumaq həvəsini artırır. Üstəlik, əlavə maddi vəsait tapmaq haqqında da düşünməyəcəklər. 2014-cü ildə bu proses başlansa, problemin yaxın 4-5 ildə tam aradan qaldırılması real görünür».

O vaxtadək Gülnar Məmmədli ali məktəbi bitirəcək. O vaxtadək Gülnar da, onun tələbə həmkarları da kirayəpulunu ödəmək üçün hər ay ata-analarına maddi yük olacaqlar. Pul tapılmazsa, mənəvi yük də ortaya çıxacaq...
XS
SM
MD
LG