Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:29

Yol layihəsinin güdazına gedən meyvə bağları


«Zəng vurub dedilər ki, bağ əldən getdi»
«Zəng vurub dedilər ki, bağ əldən getdi»
-
«12 illik məhsuldar bağımı dağıdıb tökdülər. Çox özbaşınalıq etdilər. 1 ildir məhkəmə gedir, hələ də məsələni bir tərəfə çıxara bilmir».

1 ilə yaxındır ki, Şabranın Ağalıq kənd sakini Gülhəsən Məmmədovun ruzisi kəsilib. Sahəsi 60 sot, bar verən meyvə ağaclarının sayı 124 olan bağ yol çəkilişinə görə yerlə-yeksan edilib. Deməsinə görə, keçən il oktyabrın 3-də «Azəryolservis» ASC-nin nümayəndələri ona bağ sahəsinin «Bakı-Rusiya yolu» layihəsinə düşdüyünü bildiriblər:

«Əvvəllər deyirdilər ki, yol bağın baş tərəfindən keçəcək. Bağ sahəsinə az müdaxilə edəcəklər. Sonra gördüm ki, nişanı bağın bir baş tərəfindən vurublar, bir də ayaq tərəfindən. Dedilər, bütöv bağ sahəsi plana gedir. Bildirdim ki, şəxsi mülkiyyətimdir, mənə və ailəmə məxsusdur. Yeganə qazanc yerimiz də bu bağdır. İkinci qrup əliləm, şəkərli diabetdən əziyyət çəkirəm. Zorla 12 ilə bağ eləmişəm».

«ZƏNG VURUB DEDİLƏR Kİ, BAĞ ƏLDƏN GETDİ»

Gülhəsən Məmmədov deyir ki, 10-20 ağac itirsəydi, vecinə də olmazdı. Birdən-birə bar verən 124 ağacın əlindən çıxmasıyla isə razılaşmayıb. Deməsinə görə, bu ağacın hər biri üçün ona vur-tut 4 manat təklif olunub. O isə hesab edir ki, bu qiymətləndirmə çox aşağıdır:

«Onlar özlərinin aldıqları rəydə göstəriblər ki, guya mövsümdə hər ağacdan 10 kiloqram meyvə götürülür. Ancaq mən mütəxəssisə müraciət etdim və rəy aldım ki, hər mövsümdə bir gilas ağacı 50-60, hər qaysı ağacı isə 70-80 kiloqram meyvə verir. Bundan başqa, təzə qələmi 10 manatdan aşağı almaq olmur. 4 manata ağac olar?
Foto: Arxiv
Foto: Arxiv
Elə oldu ki, sabahkı gün Bakıya müalicəyə getdim. Oktyabrın 5-də zəng vurub dedilər ki, bağ əldən getdi. Gecəylə bağı şumlamışdılar».

Gülhəsən Məmmədov əvvəl Bakıya üz tutub. Deməsinə görə, «Azəryolservis» ASC-də onu dinləmək həvəsində olan birisini tapmadıqda Şabrana qayıdaraq məhkəməyə iddia ərizəsi verib. Dəymiş zərərin üstünə meyvə ağaclarının dəyərini də gəlməklə «Azəryolservis»in ona 197 min manat kompensasiya ödəməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

«Azəryolservis» ASC isə Şabran rayon Məhkəməsində qaldırılmış iddiayla razılaşmayıb. ASC-nin nümayəndəsi Nicat Quliyev bildirib ki, Gülhəsən Məmmədova məxsus 32 sot bağ sahəsi Bakı-Rusiya yolunun mühafizə zolağına düşüb. Həmin ərazidə torpaq sahəsinin 1 hektarının orta bazar qiyməti 6 min manatdır. Gülhəsən Məmmədovun torpaq sahəsi 32 sot olduğundan təqribən 2000 manat dəyərində qiymətləndirib. Bar verən meyvə ağaclarından götürdüyü gəlir də üstünə gəlməklə ASC bağ sahibinə ümumilikdə 9 min manat ödəməlidir.
Manat
Manat

MƏHKƏMƏ NƏ DEYİB?

Məhkəmə isə nə Gülhəsən Məmmədovun, nə də «Azəryolservis»in dediyini götürüb. Torpaq sahəsinin dəyərini və meyvə ağaclarını ümumilikdə 34 min manat dəyərləndirib. Həmin pulun «Azəryolservis» tərəfindən bağ sahibinə ödənilməsi barədə qətnamə çıxarıb.

Gülhəsən Məmmədov qətnamə ilə razılaşmayaraq apellyasiya şikayəti verib.

Ancaq Bakı-Rusiya yolunun çəkilişindən zərərə düşdüyünü deyən təkcə Gülhəsən Məmmədov deyil. Onun həmkəndlisi Həsən Vəliyev də kompensasiya azlığından narazıdır. Deyir, «Azəryolservis» onun bağ sahəsini cüzi dəyərləndirib – cəmi 7 min manata. O da məhkəmə yollarındadır.

Şabran rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, Bakı-Rusiya avtomobil yolunun çəkilişi ilə əlaqədar məsələlərə yerli icra hakimiyyətinin qarışacağı yoxdur. Üstəlik, kənd sakinləri narazılıqlarını məhkəmə müstəvisinə çıxarıblar. Son sözü də məhkəmə deyəcək.
XS
SM
MD
LG