Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:41

Rəşadət Axundovun babası intihara cəhd edib


NİDA-çıların həbsinə iki baxış...
Gözlə

No media source currently available

0:00 0:03:07 0:00

NİDA-çıların həbsinə iki baxış...

-
Həbsdə olan N!DA Vətəndaş Hərəkatı fəallarından Rəşadət Axundovun 75 yaşlı babası intihara cəhd edərək damarını doğrayıb. O, hazırda xəstəxananın reanimasiya şöbəsindədir.

«DEYİRDİM, HAQQ-ƏDALƏT YERİNİ TAPAR»

Hadisə sentyabrın 12-də, nəvəsinə qarşı irəli sürülən əlavə ittihamdan Əyanət kişi xəbər tutandan sonra baş verib. Rəşadətin atası Fikrət Axundov deyir ki, oğlu 2 yaşından 7-ci sinfədək babasının yanında qalıb. Həbsdən sonra babanı aylarla ovundurmağa çalışsalar da, kişi gün-gündən daha çox stressə düşürmüş:

«Onu tez-tez sakitləşdirirdim ki, haqq-ədalət yerini tapar. Bu beş ay yarım ərzində bircə istintaq hərəkəti də aparılmayıb. Hər görüşə gedib-qayıdanda da, yalandan deyirdim ki, gələn həftə, ya da o biri həftə olacaq».

Sentyabrın 12-də həbsdəki 8 gənc fəala əlavə ittiham irəli sürülüb. N!DA Vətəndaş Hərəkatının üzvləri Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı və «Azad Gənclik» Təşkilatının üzvü İlkin Rüstəmzadə iğtişaşların təşkilində günahlandırılırlar. Onlara Cinayət Məcəlləsinin 220.1-ci maddəsi ilə əlavə ittiham irəli sürülüb. Bu maddə zorakılıq, talan və yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşların təşkili və ya belə iğtişaşlara qatılmağı nəzərdə tutur.
Səkinə Qurbanova
Səkinə Qurbanova

«NARAHAT OLMAYIN, ANA»

«Nə deyim, nə? Gecə bu xəbəri oxuyub şoka düşdüm. Ombudsman müraciət etmişdi ki, əfv olsun. Sevinirdim, 2 gündür gözləyirdim ki, əfv olacaq. Belə bir ağır maddənin verilməsi nə dərəcədə düzgündür? Bu uşaqlar içəridə oturduqları yerdə nə edirlər, axı?». – Həbsdə olan gənc bloqqer Zaur Qurbanlının anası Səkinə xanım belə deyir. O, oğlunun səhhətindəki problemlərdən də söz açır:

«Ayağı yenə şişib. İki dəfə həkim gətiriblər. Biri iynə yazıb, digəri lazım olmadığını deyib. Öz həkimi deyir, hamısı durğunluqdandır. Həmişə deyirdi ki, «narahat olmayın, ana, bizi buraxacaqlar». Dünən bu şok xəbəri eşidib nə günə düşdüm... Nə deyim? Vallah, danışa bilmirdim...».

GÖZLƏNİLƏN İTTİHAM

N!DA-çılar bu ilin mart-aprel aylarında saxlanıblar. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi onları qanunsuz partlayıcı maddə əldəetmə, saxlama, daşıma və gəzdirmədə günahlandırır. İstintaqın iddiasına görə, gənclər martın 10-da Bakıda kütləvi aksiya zamanı «Molotov kokteyli»ndən istifadəyə hazırlaşıblar. Gənclərin bir neçəsinə qanunsuz olaraq narkotik vasitələri əldəetmə və saxlama ittihamı da verilib.

İlkin Rüstəmzadə isə mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında həbs olunub. Prokurorluq ona xuliqanlıq ittihamı irəli sürüb.
Xalid Bağırov
Xalid Bağırov

«BİR NEÇƏ AYDAN SONRA YADLARINA DÜŞÜR Kİ...»

İlkin Rüstəmzadə və Zaur Qurbanlının vəkili Xalid Bağırov yeni ittihamı gözlənilməz saymır. Onun dediyinə görə, gəncləri «Molotov kokteyli» hazırlamaqda ittiham edən hakimiyyət həmin hazırlığın da iğtişaş üçün olduğunu iddia etməliydi. Vəkil, sadəcə, bu ittihamın gecikməsinə təəccübləndiyini söyləyir və bunu istintaqın aparılmamasına bağlayır:

«Aprelin 1-dən bəri Zaur Qurbanlının yanına bir dəfə gəliblər. Bir dəfə də ekspert rəyinə görə gəliblər. Vəssalam. Bir neçə aydan sonra yadlarına düşüb ki, Zaur Qurbanlı ordadır, əlavə ittiham verək».

Xalid Bağırov həmin ittihamın İlkin Rüstəmzadəyə də şamil edilməsini anlamadığını deyir. Axı «Azad Gənclik» Təşkilatının üzvü Bakı bulvarında «Harlem Shake» rəqsinə görə saxlanıb:

«Hakimiyyət iddia edirdi ki, N!DA-çılar «Molotov kokteyli» hazırlayıblar və iğtişaşa hazırlıq görüblər. İlkin Rüstəmzadənin N!DA-ya nə aidiyyəti var? Ona belə ittiham verilməyib, axı».

«GÖZƏ KÜL ÜFÜRÜRLƏR»

Rəşad Həsənovun vəkili Əshabəli Mustafayev də istintaq hərəkətinin aparılmadığını deyir. O, gənclərə qarşı bundan əvvəlki ittihamların da əsassız olduğunu bildirir və heç bir istintaq aparılmadan əlavə cinayətə dair dəlillərin necə tapıldığını sual edir. İttihamların gənclərin saxlanmasından aylarca sonra irəli sürülməsinə gəlincə, Mustafayev məhkəmədən öncə bir neçə ittihamın verilməsi praktikasının geniş yayıldığını vurğulayır:
Əshabəli Mustafayev
Əshabəli Mustafayev

«Cəmiyyətdə xof yaradırlar. İttihamları artırmaqla gözə kül üfürürlər ki, guya onların hərəkətində doğrudan da cinayət tərkibi var. Halbuki indiki ittihamları əsaslandıracaq heç bir sübut yoxdur. Eşitdiyimizə görə tez bir zamanda məhkəməyə göndərmək istəyirlər. Ancaq işin bu şəkildə məhkəməyə göndərilməsi istintaqın biabırçılığı olardı».

«HƏYAT GÖZƏLDİR»

Vəkil Xalid Bağırov baş verənləri məşhur bir filmin süjetinə bənzədir:

«Federico Fellini-nin «Həyat gözəldir» filmində bezmiş, yorulmuş ziyalıların həyat tərzi təsvir olunub. Onlar həyatlarını maraqlı edəcək oyunlar fikirləşirlər. İstintaq eynən həmin formada gedir, kiminsə ağlından nəsə keçir, atır ortalığa, gedirlər onu etməyə».

Əlavə ittiham 12 ilədək həbs nəzərdə tutur. Ancaq 220.1-ci maddə tam verilmədiyi, yəni iğtişaş baş vermədiyi üçün maksimum cəza həddinin yarısı verilə bilər.

«Amnesty International» təşkilatı bu gəncləri «vicdan məhbusu» sayır. Beynəlxalq hüquq-müdafiə təşkilatları gənclərin siyasi fəaliyyətinə görə həbs edildiyini vurğulayır. Hakimiyyət təmsilçiləri isə ölkədə siyasi motivli həbslərin olduğunu yalanlayır.
XS
SM
MD
LG