Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:37

Sel qurbanlarının şikayətləri bitib-tükənmir…


Vaqif Savalanovun evi
Vaqif Savalanovun evi
-
Azərbaycan hökuməti 2010-cu ildə Kür-Araz ovalığında baş verən sel və daşqınların nəticələrinin tam aradan qaldırıldığını bəyan edir. Zərərçəkmiş vətəndaşların isə təbii fəlakətlə bağlı dövlət orqanlarına müraciəti səngimək bilmir. Təkcə İmişli rayonunda belə müraciət sahiblərinin sayı mindən çoxdur. Onların bir qismi tez-tez rayon icra hakimiyyəti başçısının qəbulunda olur, yüzlərlə adam isə mütəmadi olaraq prezidentə və Fövqəladə Hallar Nazirliyinə (FHN) yazılı formada müraciət göndərir. Hökumətə qarşı məhkəmə davası açanlar, abrına qısılıb səsini çıxarmayanlar da var ki, onlar da nə vaxtsa dövlət hesabına yeni evlə təmin olunacaqlarına ümid edirlər…

«YATMAQ OLMUR GECƏLƏR»

İmişli rayonunun Göbəktala kəndində yaşayan Vaqif Savalanov hər gecə səksəkə içərisində yatdıqlarını deyir:

«Bu evi 1994-cü ildə tikmişəm. Gücüm buna çatıb. Yağıntılı günlərdə otaqda hər yerə vanna qoyuruq. Şiferin üstündən klyonka çəkmişəm, amma külək onu da cırıq-cırıq edib. Atmaya dörd yerdən dirək vermişəm ki, evin damı başımıza uçmasın. İnanın ki, gecə rahat yata bilmirik. Bəlkə 300 dəfə icra başçısının qəbulunda olmuşam, yalvarmışam ki, heç olmasa, mənə 8 atma, 12 şifer almaqda kömək edin. Deyir, bu məsələlərə mən baxmıram, özün öz başına çarə qıl. Mən I qrup əliləm, həyat yoldaşım isə II qrup. Pensiyamız heç müalicə xərclərimizə çatmır. Bu vəziyyətdə bizi qoruya bilməyən hökumət oğlumu əsgər aparmaq istəyir ki, vətəni qorusun».

«SELDƏN SONRA EVDƏ İLANLAR YAŞAYIR»

İmişli rayonunun Bəcirəvan kəndində yaşayan Atabala Nurullayev bildirir ki, seldən sonra qızı öz oğlu ilə birgə evi tərk etmək məcburiyyətində qalıb:

«Qızımın həyat yoldaşı vəfat edib. Bu evi mənim köməyimlə tikiblər. Sel-sudan sonra ilanlar zirzəmidə məskən salıb, hərdən otaqlara da girirlər. Qızımın ailəsi qorxudan gecələr burada qala bilmir, gəlib mənim evimdə yatırlar. Yerli icra hakimiyyətindən də, Fövqəladə Hallar Nazirliyindən də gəlib evə baxıblar, amma bizə konkret söz deyilməyib. Mehriban Əliyevaya müraciət etmişik. Məktubumuzun çatdırılması barədə xəbərnamə almışıq, amma ondan cavab gəlməyib».

«FHN TƏQSİRİ YERLİ İCRA HAKİMİYYƏTLƏRİNİN ÜZƏRİNƏ ATIR»

FHN-in internet səhifəsində yerləşdirilən məlumatda bildirilir ki, müxtəlif nazirliklərin nümayəndələrindən ibarət yaradılmış sahə komissiyaları tərəfindən ərazilərə baxış-müayinələr həyata keçirilib. Amma İmişli şəhərinin Ə.Qurbanov küçəsindəki 8 saylı evdə yaşayan Gülnarə İbişova iddia edir ki, dövlət komissiyasının rayona ezam etdiyi nümayəndələr qəzalı evlərin hamısına baxmayıb:
İmişli sakini Məhəmməd Xəlilov: «Torpaq kərpicdən tikilmiş, özülü, döşəməsi, möhkəm dam örtüyü olmayan, divarları çat verən evin harasını təmir edəydim?»
İmişli sakini Məhəmməd Xəlilov: «Torpaq kərpicdən tikilmiş, özülü, döşəməsi, möhkəm dam örtüyü olmayan, divarları çat verən evin harasını təmir edəydim?»

«Nazir K. Heydərova göndərdiyim şikayətə FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən cavab verilib. Həmin məktubda deyilir ki, fərdi yaşayış eviniz haqqında heç bir məlumat olmadığından tərəfimizdən hər hansı tədbirin görülməsinə əsas yoxdur. Bu, aşkar surətdə dövlət orqanlarının qanunsuz hərəkətlərinin, vətəndaş müraciətlərinə sayğısız yanaşmağının təsdiqidir. Bizim günahımız deyil ki, yerli icra hakimiyyəti qəzalı vəziyyətdə olan evimizlə bağlı dövlət komissiyasını məlumatlandırmayıb. Yazılı surətdə müraciət edəndən, qəzalı evin ünvanını və fotoşəkillərini göndərəndən sonra da belə cavab verilməsi bürokratiyadan və məmur özbaşınalığından başqa bir şey deyil».

«MƏSULİYYƏTİ KİM DAŞIYACAQ?!»

İmişli şəhərinin Mikayıl Müşfiq küçəsində yaşayan Sədi Fərmanov deyir ki, FHN müraciətləri «başından» rədd edir:

«Təbii fəlakət baş verən vaxtlar ölkə başçısına və FHN-ə etdiyimiz müraciətə cavab verilməyib. Sonrakı ərizələrimizi isə «araşdırılıb müvafiq tədbir görülməsi üçün» yerli icra hakimiyyətinə göndərib, sonuncu isə yazılı cavab verməyib. Gedib maraqlananda deyirlər: «Bizlik burada bir iş yoxdur, çox da ki, FHN bunu üstümüzə atır». Beləcə «ötür-ötür» oyunu oynayırlar. Evim elə vəziyyətdədir ki, istənilən vaxt uça bilər. Allah eləməmiş, bu hadisə baş versə və insan tələfatı olsa, məsuliyyəti kim daşıyacaq?!».

BİR EVDƏN ÖTRÜ 63 MƏHKƏMƏ İCLASI KEÇİRİLİB?!

Təbii fəlakətin təsirinə məruz qalanlar bildirir ki, baxış keçirilməli olan evləri yerlərdəki icra nümayəndələri müəyyən ediblər ki, bu da onlara vəziyyətdən sui-istifadə imkanı qazandırıb. İmişlinin Ağaməmmədli kəndində yaşayan Əsəd Xəlilov deyir ki, evinə baxış keçirilməsindən ötrü düz bir il inadlı mübarizə aparıb:

«İcra nümayəndəsi siyahıya öz qohum-qardaşını daxil etmişdi, komissiya da məhz həmin evlərə baxdı və onlardan 7-sinin tikilməyi barədə qərar çıxardı. Dəfələrlə FHN-də qəbulda olandan sonra yalnız 2011-ci ilin noyabrında gəlib evimə baxdılar. Evimin qəzalı olmağı aktda qeyd edilib. O vaxtdan bəri məhkəmə qapılarındayam, iştirakımla 63 dəfə proses keçirilib, hələ ki, bir nəticə yoxdur».

SALYAN SAKİNİNİN EVİ BƏNDLƏ ÇAY ARASINDA QALIB

Salyan şəhərində yaşayan Cəfər Hüseynov isə iddia edir ki, yaşayış evinə zərəri təbii fəlakət deyil, onun nəticələrini aradan qaldıran dövlət komissiyası vurub:

«2010-cu ildə daşqından sonra Kür çayının Salyan ərazisindən keçən hissəsinin kənarından növbəti bənd çəkildi. Bu zaman mənim hasarımı uçurdular, həyətyanı sahəmin bir hissəsi bəndin altında qaldı. O vaxtdan evə gələn qazı, işığı, suyu kəsiblər. İndi bəndlə çay arasında qalmışıq, həyətə daxil olmaq üçün avtomobil yolu yoxdur. Evin birinci mərtəbəsinin pəncərələrini aça bilmirik, içəri toz-torpaq dolur.
Salyan sakini Cəfər Hüseynov iddia edir ki, evinə zərəri təbii fəlakət deyil, dövlət komissiyası vurub.
Salyan sakini Cəfər Hüseynov iddia edir ki, evinə zərəri təbii fəlakət deyil, dövlət komissiyası vurub.
Bu bənd vətəndaşların təhlükəsizliyi üçün çəkilibsə, mənim evim niyə təhlükəli zonada saxlanılıb? Bəlkə, mən vətəndaş deyiləm?».

«KİMİN Kİ EVİ UÇUB, ONUN ŞƏRAİTİ YAXŞILAŞIB»

«Bir məsələ də vardır. O da bilirəm ki, müəyyən suallar doğurur. Uçmuş evləri, yəni çiy kərpicdən tikilmiş evləri biz yeniləri ilə əvəz edirik. Gözəl daş evlərdir, möhkəm evlərdir. Amma uçmamış evlər, çiy kərpicdən tikilmiş evlər necə var idi, elə də qalmışdır. Burada müəyyən mənada ədalətsizlik yaranır. Kimin ki evi uçub, onun şəraiti yaxşılaşıb. Kimin ki evi uçmayıb, o elə köhnə evdədir».

Bu sözləri 2011-ci ilin mayın 5-də Saatlı rayonuna səfəri zamanı bir qrup ictimaiyyət nümayəndəsi ilə görüşdə prezident İlham Əliyev deyib.

«FHN-DƏN GƏLƏN MƏKTUBLARI YANDIRMIŞIQ»

İmişli rayonunun Rəsullu kəndində yaşayan Məhəmməd Xəlilov isə bildirir ki, evləri uçandan sonra da yaşayış şəraitləri yaxşılaşmayıb:

«Evim qəzalı vəziyyətdə olsa da, onu təmirə yazmışdılar, əvvəlcə 1000, sonrakı sərəncamla 400 manat verdilər. Torpaq kərpicdən tikilmiş, özülü, döşəməsi, möhkəm dam örtüyü olmayan, divarları çat verən evin harasını təmir edəydim? Belə rəy verənin nəinki mütəxəssis, hətta şüurlu olmağına şübhə edirik. Ötən qış evin otaqlarından birinin divarı uçdu. Gəlib heç baxan da olmadı. Dedilər aldığın pulla özün tik. O vaxtdan daha heç yerə müraciət etmirəm. Köhnə məktubları, poçt qəbzlərini təndirə atıb yandırmışıq. Məcbur olub öz qüvvəmlə təzə ev tikintisinə başlamışam. Mən çəkməçi işləyirəm, himayəmdə xəstə uşaq var. İndiki qazancımla evin tikintisini başa çatdırmağa illər lazımdır. Bilmirəm buna ömür çatacaq, yoxsa yox?..».

«HƏLƏ 5 MİLYON MANAT XƏRCLƏNMƏYİB»

FHN-in açıqlamasına görə, 2010-cu ilin may-iyun aylarında Kür və Araz çaylarında baş verən daşqınlar nəticəsində respublikanın 11 rayonu ərazisində subasmaya məruz qalan fərdi yaşayış evlərinin və sosial obyektlərin bərpası məqsədilə büdcədən 323 557 200 manat vəsait ayrılıb. Onun 207 439 440 manatı 4226 evin tikintisinə sərf edilib, əhaliyə 27 788 650 manat yardım göstərilib. Məlumatda o da bildirilir ki, ayrılmış vəsaitin 5 374 014 manatından istifadə olunmayıb.

FHN Kür-Araz ovalığında bir evi təxminən 50 min manata tikdiyindən, ehtiyatda qalan vəsait 107 evin tikintisinə çata bilər.

«HEÇ KƏS DÖVLƏT YARDIMINDAN KƏNARDA QALMAMALIDIR»

Bu bölgədən Milli Məclisin deputatı Çingiz Qənizadə də özlərini təbii fəlakətin qurbanı hesab edən seçicilər tərəfindən tək-tək müraciətlər aldığını deyir:

«Mən nə evtikənəm, nə də ev sökən. Bu məsələləri araşdıran müvafiq qurumlar var, dövlət komissiyası yaradılıb və bütün suallar da ona ünvanlanmalıdır. Şikayətçilərin haqlısı da olur. Amma bəzən elə adamlar olur ki, çox illər əvvəl tikilən və fiziki cəhətdən köhnələn evinin yararsız vəziyyətə düşməyini sel və daşqınlarla bağlayır. Mən vəsaitlərin ayrılmasını, həcmini və onun xərclənməsini ardıcıl olaraq izləməmişəm. Təbii fəlakətdən zərər çəkən adamlardan kimsə kənarda qalıbsa, onlara yardım etmək üçün ayrılmış vəsait qurtarıbsa, bu iş yarımçıq saxlanılmamalı, əlavə vəsait ayrılmalıdır».

Natiq Əliyev
Natiq Əliyev
«HÖKUMƏT NÖVBƏTİ FƏLAKƏTİ GÖZLƏMƏMƏLİDİR»

Nə qədər qəribə səslənsə də, təbii fəlakətin baş verməyini təbiətin zavallı ölkə vətəndaşlarına rəhmi kimi qəbul edənlər də var. «Fərdi təşəbbüslərin dəstəklənməsi və ünvanlı hüquqi yardım» İctimai Birliyinin həmtəsisçisi, iqtisadçı Natiq Əliyev hesab edir ki, təbiət hadisəsi hökumətin paxırlarını ortaya çıxarıb:

«Əhalinin böyük bir qismi on illər boyu qarğıdan, qamışdan, torpaq kərpicdən tikilmiş, elementar sanitar normalara cavab verməyən, istismar müddəti çoxdan ötmüş evlərdə yaşayıb. Bu evlərin çoxu elə əvvəldən qəzalı olub. Ümumiyyətlə, bu ölkə üçün zəlzələ, daşqın qalsın bir yana, qar da, yağış da, külək də fəlakət hesab olunmalıdır. Çünki minlərlə ev var ki, uçması bir «him»ə bənddir. Şəraitləri dözülməz olduğundan və imkansızlıqları nəzərə alınaraq, bir çox ailə təbii fəlakətin qurbanı kimi qəbul edilib və onlara dövlət hesabına ev tikilib. Həmin yaşayış yerləri selə qərq olmasaydı, ölkədəki bu vəziyyətlə onların sahibləri heç vaxt özlərinə yeni ev tikə bilməyəcəkdi».

Natiq Əliyev vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşmasını hökumətin bundan sonra atacağı addımlarda görür:

«Bundan ötrü növbəti fəlakəti gözləmək lazım deyil. Hökumət sözdə yox, əməldə elə şərait yaratmalıdır ki, ölkə insanı əmək haqqı, qazancı ilə özünə ev tikə bilsin. Bunu edə bilmirsə, onların mənzil-məişət şəraitini yaxşılaşdırmalıdır. Çünki vətəndaşlarının layiqli həyat səviyyəsini təmin etməklə bağlı dövlətin öhdəliyi var».
XS
SM
MD
LG