Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:45

BMT: Bashar Assad bəşəriyyətə qarşı cinayət törədib


Ban Ki-moon
Ban Ki-moon
-
Birləşmiş Millətlər Təşkilatının baş katibi Ban Ki-Moon Suriya prezidenti Bashar al-Assad-ı bəşəriyyətə qarşı cinayət törətməkdə ittiham edib. Deyib ki, gələn həftə açıqlanacaq hesabat Suriyada kimyəvi silahdan istifadəni birmənalı şəkildə sübut edəcək.

Cənab Ban hələlik kimyəvi silahların hökumət tərəfindən işlədildiyini deməyib, lakin Suriya liderinin «bəşəriyyətə qarşı çoxsaylı cinayətlər törətdiyini» dilə gətirib.
O deyib ki, bütün bu hadisələr bitəndən sonra «heç şübhəsiz haqq-hesab sorma prosesi başlanacaq».

BMT baş katibinin bu bəyanatı Suriya rejimi üzərinə təzyiqləri son dərəcə artırır və potensial olaraq Suriyaya dair yüksəksəviyyəli danışıqları əngəlləyə bilər.

Suriyada 21 avqust kimyəvi silah hücumları barədə iddiaları araşdıran BMT müfəttişləri hazırladıqları hesabatı cənab Ban-a bazar ertəsi göndərəcəklər. Lakin baş katib indidən deyib ki, hesabatda kimyəvi silahlardan istifadənin inkarsız təsdiqi olacaq.

O həmçinin bildirib ki, BMT-nin hesablamalarına görə, Dəməşq yaxınlığındakı Quta məntəqəsində 1400 insanın öldüyü təxmin edilir.

ABŞ, Britaniya və Fransa da kimyəvi silah hücumuna görə Suriya liderini ittiham edirlər, lakin rəsmi Dəməşq və Rusiya zəhərli qazların müxalifət qüvvələri tərəfindən işlədildiyində israrlıdırlar.

«Human Rights Watch» təşkilatının cümə günü açıqladığı hesabatda kimyəvi silahdan istifadə edilməsində hökumət və hökumətpərəst qüvvələr ittiham olunur. Hesabatda deyilir ki, may ayında Aralıq dənizi sahili boyunca iki sünni şəhərində azı 248 nəfər öldürülüb.
John Kerry və onun rusiyalı həmkarı Sergey Lavrov Cenevrədə Suriya düyününü açmağa çalışırlar - 12 sentyabr 2013
John Kerry və onun rusiyalı həmkarı Sergey Lavrov Cenevrədə Suriya düyününü açmağa çalışırlar - 12 sentyabr 2013

Nyu-Yorkda mənzillənmiş təşkilat bildirir ki, mayın 2-də və 3-də hökumət qüvvələri əsasən sünnilər yaşayan Bayda və Baniyas şəhərlərində kütləvi qətllər törədiblər.

ABŞ-RUSİYA FİKİR İXTİLAFI AZALIR

Bu arada Rusiya və Birləşmiş Ştatlar bəyan edib ki, Suriyada kimyəvi silahlar məsələsi barədə danışıqların ikinci günündə tərəflər arasında fikir ixtilafı daralıb və bu danışıqların uğuru Suriyada vətəndaş müharibəsinə son qoyulması cəhdlərini canlandıra bilər.

ABŞ dövlət katibi John Kerry deyib ki, Suriyanın kimyəvi silah cəbbəxanasının beynəlxalq nəzarətə götürülməsinə dair Rusiya ilə danışıqlar «konstruktiv» olub.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və BMT-nin xüsusi elçisi Lakhdar Brahimi ilə görüşdən sonra cənab Kerry deyib ki, Suriya münaqişəsinə dair çoxdan gözlənilən «Cenevrə -2» danışıqlarının növbəti raundu sentyabrın 28-də Nyu-Yorkda keçiriləcək.

KİMYƏVİ SİLAHLARIN MƏHVİ İLLƏRLƏ DAVAM EDƏ BİLƏR

Bununla belə, Suriya rejiminin kimyəvi silahları təslim edəcəyinə dair ciddi şübhələr qalmaqdadır.

Xəbər verilir ki, Bashar al-Assad hökuməti silahların təslimindən yan keçmək üçün 1000 tona yaxın kimyəvi və bioloji maddələri böyük anbarlardan 50-dək müxtəlif kiçik məkanlara daşıyıb.

BMT müfəttişləri Suriyada kimyəvi silahın işlənib-işlənmədiyini araşdırırlar, 28 avqust 2013
BMT müfəttişləri Suriyada kimyəvi silahın işlənib-işlənmədiyini araşdırırlar, 28 avqust 2013
ABŞ rəsmiləri «Wall Street Journal» qəzetinə bildiriblər ki, silahların gizlədilməsi Suriyanın məxfi hərbi birləşməsi olan «Unit 450»yə əmr edilib.

Ekspertlər deyirlər ki, müharibə zonasında kimyəvi silahların məhv edilməsi bahalı prosesdir və illərlə davam edə bilər.

«Hotzone Solutions» şirkətinin direktoru, keçmiş silah müfəttişi Dieter Rothbacher bildirib ki, kimyəvi silahları məhv etmək onları istehsal etməkdən qat-qat bahalı prosesdir.

Son məlumatlara görə, Fransa prezidentinin administrasiyası elan edib ki, ABŞ, Britaniya və Fransa xarici işlər nazirləri bazar ertəsi Suriyanı müzakirə etmək üçün Parisdə bir araya gələcəklər.

«ƏL-QAİDƏ»NIN QƏDDAR EDAMLARI

Bu arada prezident Assad-a qarşı vuruşan silahlıların törətdikləri zorakılıqlar barədə də məlumatlar yayılır.

Hələb şəhərindən əldə olunmuş fotoşəkillərdən hökumətyönlü təşkilatın üzvü olduqları söylənən 4 nəfərin mülki vətəndaşlar qarşısında qəddar edamı görünür.

Hazırda Suriyada baş verən zorakılıq, işgəncə, edam və qətlləri əks etdirən çox sayda foto və video materiallar az qala gündəlik olaraq «YouTube» kimi saytlarda yerləşdirilir və onların həqiqiliyini müəyyənləşdirmək çox çətindir.

Terrorçu «Cəbhət ən-Nusra» təşkilatının döyüşçüləri
Terrorçu «Cəbhət ən-Nusra» təşkilatının döyüşçüləri
Lakin Hələbdə çəkilmiş və Fransanın «Paris Match» jurnalında dərc olunmuş fotoları müstəqil jurnalist çəkib, ancaq şəxsi həyatına təhlükə mülahizələri ilə onun adı gizli saxlanır.

Fotolarda «əl-Qaidə»yə bağlı üsyançı qrupların ağlasığmaz zorakılıqları əks olunub.

Mətbuat yazır ki, Şəriətin «əl-Qaidə» versiyası Suriyanı orta əsrlərə sürükləyir.
Sələfi qruplaşmaları nəzarətlərində olan ərazilərdə şallaqdan tutmuş boynun vurulması ilə edam kimi müxtəlif cəzaları tətbiq edirlər.

KOMANDANLARIN QƏTLİ

Bu qruplaşmalar hələlik anti-Assad cəbhəsində azlıq təşkil edirlər, lakin onlar daha yaxşı silahlanıblar və daha yaxşı təlim görüblər.

Hökumət qüvvələrinə ən ağır zərbələri endirən də bu qruplaşmalardır.

Vəziyyəti mürəkkəbləşdirən budur ki, ölkənin neft, qaz və taxıl sahələrinin əsas obyektlərinin yerləşdiyi ərazilər «əl-Qaidə»yə bağlı «Cəbhət ən-Nusra» ilə «İraqın və Suriyanın İslami Dövləti» kimi qruplaşmaların nəzarətindədir.

Cümə günü «əl-Qaidə» lideri Ayman al-Zawahiri yaydığı audio müraciətdə bu qrupları daha mötədil üsyançılarla əməkdaşlıqdan çəkindirən bəyanat verib.

Ötən aylar ərzində «əl-Qaidə»yə bağlı qruplaşmalar Azad Suriya Ordusunun bir sıra komandanlarını qətlə yetirərək üstünlük qazana biliblər.
XS
SM
MD
LG