Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:39

Coratlıların dəryada balıq sevdası...


Corat sahilləri
Corat sahilləri
-
Küləkli bir hava var... Xəzərin bir az kükrək, bir az dalğalı çağlarıdır. Üzü dənizə baxan yaşlı balıqçı narazı-narazı başını yellədir və dodaqaltı «Belə havada bir-iki balıq ola-olmaya» sözlərini mızıldayaraq deyir:
«Bizimki dənizin düz olması, yəni dalğasız vaxtlarıdır. Bax onda toru atırsan dənizə, hər nə olsa da, dəniz bizi ac qoymur. Heç olmasa bir-iki kilo çıxır».
«DÜNƏNDƏN BALIQ YOXDUR»
Balıqçı Əlmurad Babayev Xəzərin Corat sahillərində tor atır. Deyir, dan ağarandan köhnə qayığını, bir də torunu sürüyə-sürüyə sahilə gətirib. İndi, görəsən, bir balığı neçə saata tutacaq:
«Neçə saata? Neçə günə deyin. Neçə tor atırsan, bir gecə qalır. Ertəsi gün görürsən ki, beş tordan birində balıq var. Dünəndən bir dənə balıq yoxdur. Mən qocayam. Burda cavan balıqçılar çoxdur. Elə olur günlərlə gözləyirlər... Balıq yoxdur. Haradan olsun? Dənizi elə günə qoyublar ki, hardan balıq olsun? O qabaqlar idi, dəniz təmiz idi, bərəkətli idi».
«DƏNİZ 40 İL ƏVVƏLKİ DƏNİZ DEYİL»
Balıqçının torları
Balıqçının torları
Balıqçı Əlmurada nahar gətirən xanımı – Əminə belə deyir. Neçə gündür dənizdə balıq olmadığını da deyir: «Olsaydı, kişiyə nahara da balıq gətirərdim, kartof qızartması yox». Sonra da sanki xəyala dalır:
«Uşaqlıqda dəniz qırağında oynadığımız yerlər, sahil xırda balıqlarla dolu olardu. İndi günün günorta çağı əliçıraqlı gəz, balıq tapmazsan».
«BİZƏ XIRDA BALIQ TUTMAĞA DA İMKAN VERMİRLƏR»
Corat sahillərində, az qala, doğrudan-doğruya, əliçıraqlı balıq axtaran cavan balıqçılar danışmaq istəmir. Onlardan biri «Nə danışım?» deyib boş vedrəsini göstərir:
«Tutanda da xırda balıq tuturuq... Kefal-zad, qismətimizə nə çıxdı... Külək qalxdı, balıq olmur ki. Həm də imkan vermirlər. Mane olanlar çoxdur. Özü də bilmirsən, kimlərdir. Elə deyirlər, olmaz. A kişi, biz nərə tutmuruq e, uzaqbaşı xırda balıq tuturuq. İndi nə balıq? Qışda, heç olmasa, kütüm-filan olur».
ERKƏK BALIĞIN ƏTİ DAHA DADLI OLUR
Corat toy-bayramlarında balıq süfrələrin bəzəyi sayılır. Bu kəndin sakinləri balığı ətrindən tanıyırlar. Adilə Məmmədova deyir ki, balığa baxan kimi onun az qala hansı sahilin balığı olduğunu bilir:
Corat
Corat
«Toylarda, bayramlarda da bizdə balıq əsas yeməkdir. Süfrənin başında balıq olur. Bir dəfə bazardan balıq almışdılar. Yeyə bilmədim. Hiss elədim ki, dad gəlir. Sonradan bildim ki, çay balığıdır. Mən balığı əl vuran kimi tanıyıram. Hansı dişidir, hansı erkək, bilirəm. Erkək balığın əti didilmir, digərləri didilir. Erkək balığın əti daha dadlı olur. Ümumiyyətlə, balıq ağ və möhkəm olmalıdır. Qulağının arxasından iy gəlməməlidir, həm də qulağının arxası çəhrayı olmalıdır».
Adilə Məmmədovanın da əri balıq tutmağa getmişdi. Deyir, dəniz dalğalı olsa da, həyat yoldaşının evə əlidolu gələcəyini gözləyir:
«Çünki çıxanda mənə balıq söz verib».
«GƏRƏK BALIQ BAŞDAN İYLƏNMƏSİN»
Coratın dəniz sahilləri indi istirahət zonalarının, iri imarətlərin əhatəsindədir. Balıqçı xanımı Əminə imarətləri göstərib «Bunlar bizə yaddır»- deyir:
«Dəniz qırağında boş yer yoxdur. Hamı tutur, alır, tikir. Bəlkə biz yaşlılar, kasıblar öyrəşə bilmirik. Nə bilim... Ancaq nə olur olsun, gərək balıq başdan iylənməsin».
XS
SM
MD
LG