Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:38

"Nərimanovun qəbri Azərbaycana gətirilsin, ya gətirilməsin" sualı yenidən aktuallaşır


Kamilə Hüseynova
Kamilə Hüseynova
-
Sovet Azərbaycanında hökumət başçısı olmuş və Moskvada müəmmalı şəkildə ölmüş Nəriman Nərimanovun qəbri Azərbaycana gətirilsin, ya gətirilməsin? Bir müddətdir mediada verilən yenidən gündəmə gəlməsi səbəbsiz deyil.

İş ondadır ki, Moskvada, N.Nərimanov da daxil, 116 nəfərin basdırıldığı məzarlıq Qızıl Meydandan köçürülür. Sovet dönəminin bir çox kommunist liderlərinin və dövlət xadimlərinin dəfn olunduğu bu məzarlığın Moskva həndəvərlərindəki yeni Federal Hərbi Memorial Qəbiristanlığa köçürülməsi nəzərdə tutulur.

NƏRİMANOVUN QOHUMU: «BU, DÖVLƏT SƏVİYYƏSİNDƏ HƏLL OLUNACAQ MƏSƏLƏDİR»

Nəriman Nərimanovun qohumu Kamilə Hüseynova babasının qəbrinin Azərbaycana köçürülməsini istəyir:

«Əlbəttə, hər hansı qohum öz yaxınının qəbrinin gətirilməsinin tərəfdarı olar. Ancaq bu, dövlət səviyyəsində görüləcək işdir. Yəni, dövlət qərar versə, həyata keçiriləcək. Mən başqa heç nə deyə bilmərəm».

Kamilə Hüseynova bu arzusunu rəsmi qurumların diqqətinə çatdırmadığını da söyləyir:

«Bu elə bir siyasi məsələdir ki, dövlət özü daha yaxşı bilir necə həll olunsun. Ona görə bizim müraciətimiz artıqdır. Bu, dövlət məsələsidir».

ŞƏMİSTAN NƏZİRLİ: «ARVADI GÜLSÜM XANIMIN DA MƏZARI GƏTİRİLSİN»

Tədqiqatçı, Nəriman Nərimanov haqqında «Heç kəs güllələnməsin» kitabının müəllifi Şəmistan Nəzirli də qəbrin gətirilməsinin tərəfdarıdır. Onun fikrincə, Nərimanov Azərbaycan qarşısında böyük xidmətləri olan dövlət xadimi və yazıçıdır:
Şəmistan Nəzirli
Şəmistan Nəzirli

«Mütləq qəbri gətirilsə yaxşıdır. Gec-tez, onu ordan çıxaracaqlar. Ölkəyə gətirilsə, daha yaxşı olar. Ona Fəxri Xiyabanda yer verilər. Biz ayrı dövlətik. Sabah onu qaldırıb Rusiyanın hansı məzarlığında dəfn edəcəklər? Dəfn edib-etməyəcəklərini də təkcə Allah bilir. Onun arvadı Gülsüm xanımın məzarı da gətirilsin. Kim deyirsə orda qalsa yaxşıdır, səhv edir. Nərimanovun qəbri Məkkə, Mədinədə olsaydı, deyərdim lap yaxşı, şeyx Şamilin, bizim Abbasqulu ağa Bakıxanovun məzarı da ordadır...».

NƏSİB NƏSİBLİ: «RƏSULZADƏNİN, XOYSKİNİN MƏZARLARININ GƏTİRİLMƏSİ DAHA ANLAŞILANDIR, NƏİNKİ NƏRİMANOVUN»

Azərbaycanda Nəriman Nərimanova birmənalı yanaşmırlar. Onu sovetlərə işləməkdə günahlandıranlar da var, sovet hökumətinin mahiyyətini anlayaraq vəzifəsindən istefa verdiyini söyləməklə haqq qazandıranlar da. Nərimanovun yazar və maarifçi kimi önəmini, rolunu danmamağı xatırladanlar da.

Tarixçi Nəsib Nəsibli birincilərin sırasındadır. O, Nəriman Nərimanovun məzarının Azərbaycana gətirilməsinin əleyhinədir, buna zərurət görmür. Tarixçi-alimin fikrincə, Nərimanovun Azərbaycana xidmətləri qədər ziyanı da dəyib:
Nəsib Nəsibli
Nəsib Nəsibli

«Gətirib neynəyəcəklər? Gətirib onu Fəxri Xiyabanda dəfn edəcəklər? Orda o qədər müxtəlif insanların məzarı var ki, ora da öz funksiyasını itirməyə başlayıb. Nərimanovun xidmətləri ilə bağlı mübahisələr olub, yenə olacaq. Onun həyatı birmənalı deyil. Onun Azərbaycana xeyri, yoxsa ziyanı çox olub? Bu suala cavablar çox fərqlidir. O, yazıçı kimi dərsliklərə salınır. Nərimanovun «Nadir şah»ı da örnək əsər deyil».

Nəsib Nəsibli mühacirətdə ölən Məmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin və başqalarının məzarlarının Azərbaycana köçürülməsini istəyir. Onun fikrincə, həmin insanlar Azərbaycan üçün canlarından keçiblər, Nəriman Nərimanovun deyil, onların ruhuna minnətdarlıq, xidmətlərini qiymətləndirmək baxımından qəbirlərinin gətirilməsi daha anlaşılandır.

NİZAMİ CƏFƏROV: «BİZ, ƏLBƏTTƏ, BU İŞƏ NƏZARƏT EDƏCƏYİK»

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bu haqda fərqli düşünür. O deyir ki, tarixi şəxsiyyətlərin məzarı haradadırsa, orda da qalmalıdır. Axı bütün tarixi şəxsiyyətlərin qəbirlərinin Azərbaycana gətirilməsi mümkün deyil. Nizami Cəfərova görə, məzarlar o halda gətirilə bilər ki, baxımsızdır və ya Azərbaycan hökumətinin həmin məzara nəzarəti mümkün deyil.

Nizami Cəfərov
Nizami Cəfərov
Nəriman Nərimanovun qəbrinin Moskvada başqa məzarlığa köçürülməsindən rahatsız olanlara gəlincə, Komitə sədri düşünür ki, buna ehtiyac yoxdur:

«Rusiya ilə münasibətlərimiz yüksək səviyyədədir. İkincisi, bu ölkədə çoxlu dəyərli adamımız dəfn olunub. Biz, əlbəttə, bu işə nəzarət edəcəyik. Baxımsız buraxılmayacaq. Əminəm ki, Rusiya da buna diqqətlə, qayğıyla yanaşacaq. Allah etməmiş, Nərimanova bərabər şəxsiyyətlərə lazımi hörmət göstərilməzsə və lazımi şəkildə dəfn olunmazsa, onda qəbri gətirəcəyik. Biz, əlbəttə, gözləməliyik və nəzarətdə saxlamalıyıq. Səfirlik də, hökumət də bu yöndə bəzi işləri görəcək».

Nəriman Nərimanov Azərbaycanın görkəmli yazıçısı və dövlət xadimidir. Bir yazıçı və həkim kimi bütün müsəlman Şərqində, eləcə də türk dünyasında adı sayqı və sevgi ilə anılır. O, SSRİ-nin ilk dövlət başçılarından biri olub. Azərbaycana sovetlərin gəlişinə dəstək verən Nərimanov Cümhuriyyət dönəmində sovet Rusiyasının Xarici İşlər Komissarlığında Şərq məsələləri üzrə xalq komissarının müavini çalışıb. Siyasi bioqrafiyası ziddiyyətli olsa da, Nərimanov eyni zamanda o dövrdə varlığını qorumağa can atan Türkiyə Qurtuluş Savaşına verdiyi dəstəklə, Azərbaycandakı maarifçiliyi və bir çox ziyalını «qırmızı terror»un caynağından qurtarması ilə yadda qalıb.
XS
SM
MD
LG