Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:48

Rəsmi Bakı ATƏT-in seçki qurumu ilə əməkdaşlığı dayandıra bilər


ATƏT müşahidəçiləri
ATƏT müşahidəçiləri
-
«Mərkəzi Seçki Komissiyası ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun prezident seçkilərinə dair ilkin hesabatını Azərbaycan seçicilərinin iradəsinin təhqiri kimi qiymətləndirir və qəbul etmir».

MSK-nın oktyabrın 12-də yaydığı bəyanatda belə deyilir:

«Azərbaycanda keçirilən prezident seçkilərinə oktyabrın 10-da ATƏT/DTİHB-in verdiyi qiymət bu seçkiləri müşahidə edən digər 20 beynəlxalq təşkilatın mövqeyindən kəskin surətdə fərqlənir. Bu cür hesabatı qəbul etməklə ATƏT/DTİHB özünü təcrid vəziyyətinə salmış olur».

MSK bildirir ki, adıçəkilən qurumdan fərqli olaraq Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti seçkilərinin azad, şəffaf və ədalətli keçdiyini bəyan ediblər:

«Lakin ənənəvi olaraq yalnız bir qurum - ATƏT DTİHB Azərbaycanda keçirilən seçkilərə qarşı yenə də qərəzli, ümumi müşahidə ab-havasında xüsusi qeyri-obyektivliyi ilə fərqlənən mövqe tutub. Qonşu ölkələrdə keçirilən seçkilər zamanı kobud qanun pozuntularına, o cümlədən insan həyatına qarşı sui-qəsdlərə göz yuman ATƏT DTİHB uydurulmuş iradları Azərbaycana qarşı irəli sürməkdədir».

MSK məntəqələr üzrə ATƏT/DTİHB-in müşahidə qruplarının rəylərinin qurumun internet səhifəsində açıqlanmasını və MSK-ya təqdim edilməsini israrla təkid edir.

Mərkəzi Seçki Komissiyası «qərəzli mövqe» nümayiş etdirən ATƏT/DTİHB ilə əməkdaşlıq məsələsinə yenidən baxılması üçün Azərbaycan hökumətinə müraciət edəcəyini bildirir.
XS
SM
MD
LG