Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:38

Əli Həsənov Orxan Zeynalov məsələsi haqda danışır...


Əli Həsənov
Əli Həsənov
-
«Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən qeyri-adekvat tədbirlər, yerli KİV-lərin qızışdırıcı mövqeyi bumeranq effekti verə bilər».
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Moskvada Orxan Zeynalovun törətdiyi hadisəyə və bunun ətrafında cərəyan edən məsələlərə münasibətini bildirərəkən deyib.
Şöbə müdiri deyib ki, kimin tərəfindən törədilməsindən asılı olmayaraq istənilən cinayət ölkə qanunvericiliyi cərçivəsində araşdırılmalı, onu törədən şəxs məsuliyyətə cəlb olunmalı və müvafiq cəzasını almalıdır:
«Ancaq bu proses həmin ölkədə yaşayan, qanuni şəkildə əmək fəaliyyəti ilə məşğul olan digər xarici vətəndaşların, hansısa xalqın nümayəndələrinin hüquqlarının, biznes fəaliyyətinin məhdudlaşdırılmasına, yerli ictimaiyyətdə onlara qarşı mənfi rəy formalaşdırılmasına təkan verməməlidir.
Dərin təəssüf hissi ilə bildirirəm ki, Moskvada bir nəfər ehtimal edilən qatilin tapılması üçün bu məsələyə aidiyyəti olmayan çoxsaylı miqrantın saxlanılması, onların incidilməsi, yaranmış vəziyyətin süni şəkildə şişirdilməsi halları baş verir ki, bu da çoxmillətli və çoxkonfessiyalı Rusiya cəmiyyətində milli ayrı-seçkiliyin, ksenofobiyanın, irqçilik meyllərinin güclənməsinə xidmət edir, diskriminasiya xarakteri daşıyır və yeni qanun pozuntularına yol açır.
Bu məsələyə aidiyyəti olmayan çoxsaylı miqrantın saxlanılması Rusiya cəmiyyətində milli ayrı-seçkiliyin, ksenofobiyanın, irqçilik meyllərinin güclənməsinə xidmət edir, diskriminasiya xarakteri daşıyır və yeni qanun pozuntularına yol açır
Əli Həsənova görə, hüquq-mühafizə orqanlarının fəaliyyəti, amiranə ritorikası, cinayətkar olduğu ehtimal edilən şəxsin saxlanması zamanı yol verilmiş zorakılıq, onun sonradan açıq şəkildə internetdə və KİV-lərdə nümayiş etdirilməsi sağlam məntiq nöqteyi-nəzərindən izah oluna bilməz».
Ə.Həsənov deyib ki, digər tərəfdən, Moskva böyük meqapolisdir, orada hər gün onlarla cinayət hadisəsi baş verir. Belə olan halda konkret bir cinayət hadisəsinin xüsusi qaydada seçilməsi və onun ətrafında xoşagəlməz süni ajiotajın yaradılması və qızışdırılması olduqca düşündürücü faktdır.
«Ümid edirik ki, Rusiya xalqı və hökuməti müəyyən maraqlı dairələrin belə təhlükəli təxribatlara yol verməsinin qarşısını alacaq və bu tipli milli ayrı-seçkilik meylləri Rusiya cəmiyyətinin dərin qatlarına ayaq açmayacaq».
XARİCİ İŞLƏR NAZİRLİYİ MÜNASİBƏT BİLDİRİR...
Elman Abdullayev
Elman Abdullayev
Orxan Zeynalovla bağlı baş verən hadisələrə Azərbaycanın xarici işlər nazirliyi də münasibət bildirib. Nazirliyin sözçüsü Elman Abdullayev jurnalistlərə açıqlamasında deyib ki, məhkəmə olmadan Orxan Zeynalovu cinayətkar adlandırmaq və onunla kobud rəftar etmək təqsirsizlik prezumpsiyasının pozulmasıdır.
Elman Abdullayev bu məsələnin hüquq çərçivəsində həll olunmasının vacibliyini bildirib.
«Azərbaycan və Rusiya arasında konsulluq konvensiyası var və bütün məsələlər bu sənəd əsasında tənzimlənməlidir».
E.Abdullayev qeyd edib ki, XİN Orxan Zeynalova zəruri konsulluq dəstəyi göstərməklə bağlı Moksvadakı diplomatik missiyaya müvafiq tapşırıq verib.
O, səfirliyin Rusiya tərəfinə Orxan Zeynalovla görüşün təşkil edilməsi ilə bağlı müraciət edib və cavab gözləyir: «Mövcud insident məişət zəminində törədilib və Rusiya KİV-də bu məsələnin şişirdilməsi də təqsirsizlik prezumpsiyasının pozulmasıdır».
Onun sözlərinə görə, Rusiyadakı səfirlik bu günlərdə Moskvada Azərbaycan vətəndaşı Ruslan Qaraxanlının qətlini də araşdırır.
XS
SM
MD
LG