Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:32

«Stalin filmi bəyəndi və ona dalbadal 3 dəfə baxdı...»


.
Bu il oktyabrın 25-də, az qala, Azərbaycanın vizit kartına çevrilmiş «Arşın mal alan» operettasının 100 yaşı tamam olur.
Arşın mal alanın cümhuriyyət afişası
Arşın mal alanın cümhuriyyət afişası
Yubileyi UNESKO səviyyəsində keçirilən operettanın çox uğurlu səhnə həyatı var.
Təsadüfi deyil ki, biz «İz»çilər yubileylə bağlı hazırladığımız verilişə «Yolu işıq Arşınmalçı» adını verdik.
OLAY ŞUŞADA YAŞANIB...
Belə bir əhvalat, doğrudan da, Şuşada baş verib. Əfsanəvi müğənnimiz Rəşid Behbudovun atası Məcid Behbudov (1873-1945) Şuşanın varlı tacirlərindən birinin oğluydu. Gözəl səsli gənc, zamanı yetişəndə, görmədən- tanımadan baş tutan evliliklə qətiyyən barışmadığından, maraqlı bir yola əl atır: Arşınmalçı paltarı geyib həyətbəhəyət gəzir və parça satır. Bir dəfə...
BİR DƏFƏ...
Bu üsul işə yarayır. Məcid yarını-yarısını tapır. Həyətlərin birində çar ordusunun polkovniki Abbasqulu bəy Vəkilovun (Qazaxlı Vəkilovlar nəslindəndir-S.İ.) qızı Firuzəylə rastlaşır və ona bənd olur. Qız da arşınmalçını sevir. Abbasqulu bəy öz təhsilli qızını (Firuzə xanım Tiflisdəki Müqəddəs Nina Gimnaziyasını bitirmişdi-S.İ.) sadə arşınmalçıya ərə verərdimi? Bundan ehtiyatlanan Məcid və Firuzə qoşulub qaçırlar. O dövrdə Şuşada çox yayılmış bu əhvalat Üzeyir bəyin yaddaşına hopur. Ən maraqlısı, arşınmalçılar o dönəmin Şuşanı gəzərkən elə bu cür oxuyurmuşlar...
SƏNİ GÖRDÜM, BƏND OLDUM!
Və beləcə, XIX əsrin sonlarında, bəlkə də, Şuşada bu yolla evlənən ilk cavan olur Məcid Behbudov. Firuzə xanımla xoşbəxt ailə həyatı yaşayır. Dövrün tanınmış xanəndələrindən sayılır. Ən önəmlisi, gələcəyin əfsanəvi müğənnisinin atası olur. Yəqin ki, bu, bir başqa yazının mövzusu olacaq. Qayıdaq arşınmalçıya...
OPERETTANI TƏHSİLLİ BƏSTƏKAR YAZMIŞDI
Məcid Behbudov
Məcid Behbudov
Operettanı Üzeyir bəy Sankt-Peterburq konservatoriyasında təhsil alarkən yazıb. Ondan əvvəl Bakıda “Ər və arvad”, daha sonra «O olmasın, bu olsun»u yazmışdı. Amma “Arşın mal alan” bunların hamısından üstün idi. Çünki onu musiqi təhsilli bəstəkar yazmışdı. Operettanın yolunun işıqlı olmasına səbəb, yəqin ki, budur!
BELƏ DƏ FİLM OLAR?
Operetta Bakıda dəfələrlə tamaşaya qoyuldu. Daha sonra başqa şəhərlərdə müxtəlif dillərə tərcümə olunaraq oynandı. Hətta 1916-cı ildə, daha sonra 1917-ci ildə film də çəkildi. Amma verilişimizin qonağı Səadət Qarabağlının dediyinə görə, birinci film Üzeyir bəyin xoşuna gəlmədi. Film səssiz idi. Təsvirlər gedəndə usta xanəndə Cabbar Qaryağdıoğlu arxada oturub operettadan uyğun yerləri oxuyurdu. Bu da yaxşı qarşılanmırdı...
MAQALYANIN «ARŞIN MAL ALAN»I
Operetta erməni dilinə də çevrilir, gürcü dilinə də, hətta yəhudi dilinə də. Maraqlı bir fakt. Vaxtilə operettanı erməni dilinə çevirib Tiflisdə göstərən Maqalyan soyadlı bir nəfər sovetləşmədən sonra onu ABŞ-da tamaşaya qoyur. Hətta bu adda (“Arşın mal alan”) otel açır. Xəbər köhnə bakılı, indi orada yaşayan bir violonçelçalan vasitəsilə Üzeyir bəyə çatır. Yazır ki, Maqalyan operettanı öz adına çıxıb, bir etibarnamə göndərin, sübut edim ki, əsər sizindir, hələ sizə qonorar da versinlər. Sovetləşmənin ilk vaxtlarında əsərinin Amerikada özəlləşdirilməsinə Üzeyir bəy nə cavab verəcəkdi ki? Susmaqdan başqa çarə vardımı? Tuthatut, sürgünlər, qırğınlar... Cümhuriyyətin orqanı olan “Azərbaycan” qəzetinin keçmiş baş redaktorunun adı onsuz da güllələnənlər siyahısında idi. Üstəlik, qardaşı Ceyhun bəy Fransada mühacirət həyatı yaşayırdı…
«MAQALYANA ƏN YAXŞI CAVAB YENİ FİLM ÇƏKMƏKDİR!»
​40-cı illər gəlib çatır. Artıq Maqalyan “Arşın mal alan” adlı film də çəkir və filmdə özünü operettanın da yaradıcısı kimi tanıdır. 1942-ci ildə Sovet qoşunlarının tərkibində İrana gedən Azərbaycan mədəniyyət xadimləri təsadüfən həmin filmi görür və sarsılırlar – ekran əsərində Üzeyir bəyin adı yox idi! Qayıdan kimi Üzeyir bəyə xəbər verirlər. O da xəbəri öz növbəsində Mir Cəfər Bağırova çatdırır. Söhbət gedib Stalinə çıxır. SSRİ o dövrdə müəllif hüquqları konvensiyasına qoşulmadığından, qərara alırlar ki, ən yaxşı yol yeni film çəkmək və Üzeyir bəyin adını orada əbədiləşdirməkdir. Elə də davranırlar. Müharibənin ən qızğın çağında- 1942-43-cü illərdə filmi çəkməyə başlayırlar. Film 1945-ci ildə başa çatır.
BAŞ ROLDA RƏŞİD BEHBUDOV?!
Bu da, təsadüfən alınır. Məcid bəy Firuzə xanımı qaçıranda, yaşayış yeri kimi Tiflisi seçmişdi. Bu şəhərdə uğurlu xanəndələrdən sayılırdı. Oğlu Rəşidin yaxşı səsi vardı. Tiflisdə, İrəvanda, Bakıda konsertlər verirdi. Filmə aktyor seçimi aparılarkən rejissor Rza Təhmasib, təsadüfən, Rəşidin “Nizami” kinoteatrındakı konsertində olur və “tapdım!”- deyə qışqırır... Beləcə, Rəşid atasının həyatını anladan filmdə baş rolu oynayır.
FİLM BƏDİİ ŞURANIN XOŞUNA GƏLMİR!
İndiyədək çəkilən ən yaxşı “Arşın mal alan” sayılan film Moskvada bədii şura üzvlərini razı salmır. Suallar yağış kimi yağır: “Bu filmi çəkərkən siz hansı məqsədi güdürdünüz?”, “Siz demək istəyirsiniz ki, inqilabdan əvvəlki həyat ekranda göründüyü kimi gözəl idi?”, “Bu, burjua həyat tərzinin təbliği deməkdir!”. Deyilənə görə, ancaq dövrün adlı-sanlı rejissoru Sergey Eyzenşteyn: “Ciddi mühakimə etməyin. Film yaxşıdır, ya pis – bunu zaman göstərəcək” – deyir.
STALİN FİLMİ SEVDİ...
Stalin
Stalin
Mübahisələrə Stalin son verib. O, filmə 3 dəfə baxıb, doyunca gülüb və deyib: “Çox yaxşı, xalqa lazım olan filmdir, qəhrəmanları da gözəldirlər”. Film SSRİ-nin ən nüfuzlu mükafatı olan Stalin Mükafatına layiq görülür. Aktyorların təltif siyahılarında Rəşid Behbudovun adını görməyəndə Stalin soruşur: “Bəs o yaraşıqlı oğlanın adını niyə görmürəm?”. “Ellər atası” özü onun adını təltif siyahısına yazır...
HÖKMDARLARA LAYİQ FİLM...
Film ekranlara çıxınca, ay-yarım ərzində ona SSRİ-də 16 milyon tamaşaçı baxır. Azərbaycan və rus versiyasıyla cəmi 6 milyon rubla başa gələn film, 1946-1948-ci illərdə ölkə büdcəsinə 5 milyard rubl gətirir! Filmin qazandığı valyutanın qədəri dövlət sirri kimi gizli saxlanır. Film dünyada da əks-səda doğurur. “Arşın mal alan” 86 dilə dublyaj olunur, 136 ölkədə nümayiş etdirilir. Filmə Çin lideri Mao Tsedun da baxır və çox bəyənir. O dərəcədə xoşlayır ki, filmin baş rol oyunçusu Rəşid Behbudovu Çinə dəvət edir. Mao Tsedun bir az da irəli gedir və... “Arşın mal alan” filminin Çin variantını çəkməyi əmr edir və film “Örpək altında məhəbbət” adı ilə çəkilir. Film son dəfə 1965-ci ildə “Azərbaycanfilm” kinostudiyasında rəngli variantda ekranlaşdırılır. 1995-ci ildə dünya kinosunun 100 illiyi ilə bağlı keçmiş SSRİ məkanında keçirilən sosioloji sorğuda 1945-ci ildə çəkilən “Arşın mal alan” filmi SSRİ tamaşaçılarının “Ən sevimli 100 film”indən biri kimi ilk yerlərdən birini tutur.
MÖHTƏŞƏM TAMAŞA MÖHTƏŞƏM GÜNDƏ OYNANDI
“Arşın mal alan”ın tarixə düşmüş bir tamaşası da var. Bu da onun 1919-cu il mayın 27-də Azərbaycan Xalq Cümhuriyyətinin ildönümü münasibəti ilə Bakıda oynanılmasıdır. Tamaşanın proqramı Milli Tarix Muzeyində qorunur. Müstəqilliyin 1 illiyinə həsr olunmuş tədbirlər sırasına bu operetta da salınmışdı...
ONUN ZƏFƏR YÜRÜŞÜ...
100 yaşlı “Arşın mal alan”ın zəfər yürüşü davam edir! Xoşbəxt operettadır “Arşın mal alan”! 2006-cı ildə Vyana teatrında tamaşaya qoyuldu. Elə bu il ABŞ-da. Hər il onun müxtəlif yerlərdə səhnəyə qoyulduğu barədə neçə-neçə xəbərlər yazırıq. Amma yorulmuruq. Amma doymuruq. Nə yazmaqdan, nə də baxmaqdan! Bütün dialoqlarını əzbər bilsək də, yenə ona təkrar-təkrar baxmaqdan usanmırıq. Bu nə sirdir? Bu nə möcüzədir? Anlaya bilmirik!!! Ən yaxşısı, operettanın 100 yaşına həsr etdiyimiz “Yolu işıq Arşınmalçı” dastanına qulaq asın. Bəlkə o, bu sirri çözməkdə yardımçı olar...
XS
SM
MD
LG