Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:44

Gülər Əhmədova: İntihara cəhd etdim... [Video]


Gülər Əhmədova: İntihara cəhd etdim...
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

Gülər Əhmədova: İntihara cəhd etdim...

-
«Elşad Abdullayev mənimlə bağlı videonu yayandan sonra vəziyyətim çox pis oldu. İnsult keçirdim, intihara cəhd etdim. Hər gün dərman atıb yatırdım. Ailəm məni internetdən uzaq saxlayırdı ki, yazılanları görməyim».

Bu sözləri oktyabrın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə sabiq deputat Gülər Əhmədova deyib.

O, daha sonra Gürcüstana getmək cəhdi ilə bağlı məsələlərə aydınlıq gətirib:

«Mən insult keçirmişdim, bir çox xəstəxanaya getdim, mənə dedilər sizi qəbul edə bilmərik, etsək, jurnalistlər tökülüb gələcəklər. Elə bu səbəbdən məni müalicə etməkdən imtina etdilər. Ona görə də Gürcüstana, tanıdığım kardioloqun yanına getmək istəyirdim. Üzərimdə sərhəddən çıxışa qadağa olduğunu bilmirdim. Uşaq deyiləm ki, bilsəydim belə bir şey var, getməzdim».

Gülər Əhmədova sərhəddə saxlanıb Bakıya gətiriləndən sonra dekabrın 17-də psixoloji təzyiq altında verdiyi ifadədən imtina etdiyini bildirib.

«QORXURDUM Kİ, BU DA GEDİB ELŞADA QOŞULAR»

Gülər Əhmədova Sevinc Babayevanın Türkiyəyə getmək istəməsindən xəbərdar olduğunu bildirib. O, Babayevanın Türkiyədə hansı ad altında yaşadığından xəbərsiz olduğunu deyib. Lakin Sevinc Babayevanın istintaqdan yayınacağından və şahidinin əlindən çıxacağından qorxduğu üçün hara və kimin yanına gedəcəyini araşdırıb:

«Türkiyədə olanda Sevinc mənimlə bir neçə dəfə əlaqə saxlayıb. İki dəfə müalicəsi üçün pul göndərmişik. Onun müalicəsi mənim üçün ən vacib məsələ idi. Sevincin bacısı, anası, oğlu mənim evimə gəldilər, 20 min pul istədilər. Mən də yarısını bacımdan, yarısını da qaynımdan alıb verdim. İstintaq zamanı müstəntiqə dedim ki, imkan ver gedib Fransadan Elşadı gətirim. Onu videoya görə Fransada məhkəməyə verib həbs etdirə bilərəm. O, şərəf və ləyaqətimə zərbə vurub. Müstəntiq bunu ciddiyə almadı. Biz o videoda 3 nəfər olmuşuq. Ona görə Sevinci əlimdən buraxmaq istəmirdim. Qorxurdum ki, bu da gedib Elşada qoşular».

Məhkəmədə 6 şahid dindirilib.

«ELŞAD HEÇ KİMƏ PUL VERMƏZDİ. O, PULU ÖZÜNDƏN DƏ ÇOX SEVİRDİ»

Şahid Tavat Şirinova məhkəmə zalında istintaqa verdiyi ifadəsindən imtina edib. O, ifadəsini oxumadan imzaladığını, orada qeyd edilən əksər fikirlərin özünün söyləmədiyini bildirib. Məhkəmədə bildirib ki, Sevinc Babayeva Gülər Əhmədovaya kömək üçün müraciət edib:

«Biz Sevinclə bərabər Elşad Abdullayevin deputatlığa namizədliyi zamanı onun təbliğat kampaniyasında iştirak etmişik. Elşad məni ziyana salıb. Universitetə düşmələri üçün üstünə yolladığım adamlar sonra pullarını məndən tələb etdilər. Sevinc də deyirdi ki, Elşada pul verib, ancaq geri ala bilmir. Onun Gülər Əhmədova ilə münasibətləri yaxşı olub. Buna görə də kömək üçün Gülər Əhmədovaya müraciət edib. Elşad Abdullayev heç kimə pul verməzdi. O, pulu özündən də çox sevirdi».

Şahid qismində dindirilən Səadət İmranova məhkəmə zalında ifadəsini təsdiqləyib. Sevinc Babayevanın Elşad Abdullayev üçün Gülər Əhmədovaya müraciət etdiyini deyib:

«Sevinc mənə demişdi ki, o, Elşad Abdullayevin deputat olmasına kömək etməsi üçün Gülər Əhmədovaya müraciət edib. Bununla bağlı 500 min, 1 milyon dollar söhbətlərini edirdi. Ancaq Sevinc bir az yalançı idi. Bilmirəm doğru deyirdi, ya yox».

Dindirilənlər arasında Elşad Abdullayevin sürücüsü olmuş Şamil Hüseynov, Gülər Əhmədovanın köməkçisi olmuş Əhməd Şahidov, hüquqşünas Ruslan Əfəndiyev, Gülər Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədov, Nurullayev Niyaməddin və qardaşı Ülvi Nurullayev olub.

Məhkəmə noyabrın 4-ü davam edəcək.

Gülər Əhmədova hazırda fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevin baş prokurora yazdığı ərizə əsasında bu ilin fevralında həbs olunub. Keçmiş rektor iddia edir ki, Gülər Əhmədova ona 1 milyon dollara deputat mandatı vəd edərək pulu alsa da, vədinə əməl etməyib.

İşdə vasitəçi kimi adı keçən Sevinc Babayeva ötən il dekabrın 27-də Türkiyədəki hospitallardan birində müəmmalı şəkildə ölüb.

Elşad Abdullayev özü barədə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi qaldırılıb.

Gülər Əhmədova fevralın 13-də həbs edilib.

O, Cinayət Məcəlləsinin «etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə» və «ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə» maddələri ilə təqsirləndirilir.
XS
SM
MD
LG