Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:31

Astarada Stalin sürgününün izi ilə...


Astara rayonu, İran sərhədi
Astara rayonu, İran sərhədi
-
ASTARADA STALİN SÜRGÜNÜN İZİ İLƏ...

Astara rayonun dağlıq ərazisində, İranla sərhəd boyunca yerləşən Anbaran, Baxçalı, Armudu, Çayağzı, Unuz, Təngəov, Növüştərü, Dilmədi və Siyov kəndlərinin sakinləri hələ də didərgindir. Stalin represiyası dövründə, 60 il bundan əvvəl həmin kəndlərdə yaşayan adamları Azərbaycan və keçmiş SSSRi-nin digər ərazilərinə köçürdüblər. Əhalinin həmin ərazidən köçürmə prosesi 1953-cü il yanvarın 27-dən başlanıb, Stalinin ölümündən iki gün sonra-yəni martın 7-də başa çatdırılıb. Salyanın Sarvan və Qaraqaşlı və Zaqatalanın kəndlərində indi də həmin ərazilərdən didərgin salınmış adamlar və onların övladları yaşayır.

Sərvəz Tarverdiyev
Sərvəz Tarverdiyev
O dövrün canlı şahidi, 94 yaşlı, Armudu kəndində anadan olmuş, ikinci cahan müharibəsi iştirakçısı Sərvəz Tarverdiyev ata-baba yurdlarının hələ də həsrətini çəkir. O həmin dövrü o belə xatırlayır:

“BƏHANƏ O OLDU Kİ, BURDA YAŞAYANLAR İRANA GEDİR”

“İranlı adı qoydular bizə, İrana gedib-gəlirsiz. Bizi 53-də köçürdülər. Bəhanə o oldu ki, burda yaşayanlar İrana gedir. Camaatı Salyana tökdülər. Ağsaqqalı-qarasaqqalı apardılar.”

Unuz kəndində anadan olmuş Məmməd Şərbətov isə deyir ki, köç vaxtı 14 yaşı olub. Onun sözünə görə, adamların köçürülməsinə bir sərhədçi zabit rəhbərlik edib:

“53-cü ilin əvvəllərində gəldilər. Baxdılar gördülər ki, faktiki sərhəd-filan, heç nə yox idi. Mart ayında gəldilər, Əliağa Məmmədov icra komitəsinin sədri idi, Şahağacılı. Başladılar əvvəl kolxozun yükünü daşıdılar. Camaatı gətirib tökdülər Bəndəsərə, Bəndəsərdən də apardılar tökdülər Salyana.”

M. Şərbətov sözlərinə görə, köç vaxtı vəfat edənlər də oldu. O deyir ki,dağ şəraitndə yaşayanların aran zonasına gətirlməsi problemlər yaratdı:

“BURDAN GEDƏN HEYVANIN HAMSINI QIZDIRMA TUTDU ÖLDÜ”

“3 yerə böldülər camaatı. Kolxozun heyvanını da 3 yerə böldülər. Burdan gedən heyvanın hamsını qızdırma tutdu öldü. 12 günə Salyana gedib çıxdıq. Şahağacıya qədər polis qoydular. Axşam Şahağacıda qaldıq.”

M.Şərbətovun gözləri dolur. Bir anlıq fikrə gedir. Sonra deyir ki, onları ata-baba yurdlarından köçürərkən heç kimdən heç nə soruşmayıblar. Sadəcə bildiriblər ki, Stalinin əmridir. 1947-ci ildən sərhəd boyunca yaşayanlar başqa yerlərə köçürülür. O Azərbaycanın iki yerə bölünməsini böyük faciə hesab edir. M. Şərbətovun sözlərinə görə, iki işğalçı ölkə arasında müəyyən edilən sərhəd həmin ərazidə olan Baxçalar kəndinin ortasından keçirdi. Buna görə kəndi yerlə yeksan ediblər:

BAXÇALAR KƏNDİNDƏ SƏRHƏD DİRƏKLƏR...

“Baxçalar sərhəddə idi. Sovet hökməti təzə gələndə o Baxçalarda yaşayanlar sərhədə yaxın olduğu üçün Armudu kəndində onlara yaşaış yeri verdilər. Baxçaları hökmət köçürtdü Armuduya. Baxçalar oldu sərhəd.”

M. Şərbətov deyir ki, dağ kəndlərində yaşayanlar hevandarlıq, taxılçılıqla məşqul olurdular. Təkcə Unuz kəndində 22 ailə yaşayırdı. Həmin kəndlər aclıq bilməyiblər. Münbit torpağın, təsərrüfatın hesabına çörəkləri olub. Kənd əhalisi sərbəstliyi saxlayıb. M.Şərbətov deyir ki, o vaxta kimi ciddi sənədləşmə getməmişdi.

“Məktəbdə oxuyurduq. Günortaya yaxın gördüm 3-4 nəfər gəldi, milis geymində. Hamıya “metirka” yazdılar, mənə çatmadı. 25 manat maya qoydum, “metirka” ala bilmədim. ”

Məmməd Şərbətov
Məmməd Şərbətov
SÖZDƏ İCAZƏ VƏ YA GENERALLARIN OV YERİ...

M.Şərbətov doğum haqqında şəhadətnaməsini 10 ildən sonra ala bilir. 1956-cı ildə sakinlərin öz kəndlərinə qayıtmalarına icazə verilir. Bu da yalnız kağız üzərində qalır. Həm yerli dövlət orqanları, həm də sərhədçilər onların öz doğma kəndlərinə qayıtmasına maneələr yaradırlar. Sonralar həmin yerlər sovet generalların ov yerinə çevrilir. Azərbaycan müstəqillik qazanandan sonra həmin yerlərə bir neçə ailə köçür, sovxoz yaradılır. Lakin bu kəndlərə nə işıq nə də yol çəkilir. M.Şərbətov sözünə görə rayon mərkəzindən oraya 40 kilometr dağ yoludur. Gedib –gəlmək olmur. Bu baxımdan da Unuzlular rayon mərkəzində məskunlaşmağa üstünlük verirlər. O deyir ki, hələ də doğma kəndinə qovuşa bilmir:

“Gözəl yerlərdir. Onu deyim ki, həmişə yağış idi, axrıncı gün hava açıldı, İran görünürdü, Astara görünürdü, dağ belə hündürdür. Dedim, vay bu gözəl yerdən köçürük...”

“İKİ YERƏ BÖLÜNƏN QƏBİRSTANLIQ”

Tarixçi Tarif Əliyev deyir ki, Türkmənçay müqaviləsindən sonra Astara çayın tən ortası sərhəd götürülb. Elə kəndlər var ki, sərəhədə görə yox olub və yaxud başqa yerlərə köçürülüb. Astaranın Unuz deyilən ərazisndə olan kəndlər də belə tale yaşayıblar. Onun sözlərinə görə iki yerə bölünən qəbirstanlıq da var. T.Əliyevin fikrincə müstəqillik dövründə bu kəndlərin bərpası üçün iş görülməli idi. Lakin bunu etməyiblər. İlk illərdə insanlara öz doğma yurdlarına getməyi icazə versələr də sonradan bu qayda sərtləşdirlib. Həmin ərazinin bir hissəsi Hirkan Milli parkın ərazisinə daxil edilib, digər hissəsini isə dövlət yasaq ərazisi hesab edib. Ora getmək çətinləşib. Gediş gəlişə həm sərhədçilər, həm də Milli parkın nümayəndələri mane olurlar. O deyir ki, həmin ərazidə bir neçə ailə məskunlaşıb. Onlar təsərrüfatla məşğuldurlar. Lakin ora nə yol, nə də işıq çəkilib.

Ən qəribəsi budur ki, yerli rəsmilər də bu barədə danışmaq istəmirlər. Açıq şəkildə bildirirlər ki, bu məsələ qapanıb.

Lakin M. Şərbətov hələ də ümidini üzməyib. O deyir ki, nə vaxtsa onları doğma kəndlərinə qaytaracaqlar.
XS
SM
MD
LG