Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:35

İsmayıllı olayları: Sözdə açıq, amma qapalı məhkəmə [Video]


-

Noyabrın 4-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələri ilə bağlı məhkəmənin hazırlıq iclası başlanıb. Səhər saatlarından məhkəmə binasının ətrafında çox sayda polis əməkdaşı və post-patrul xidməti maşınları dayanıb.

Məhkəmədə iştirak etməyə İsmayıllı və Bakıdan çoxlu adam gəlib. İttiham olunanların yaxınlarının və jurnalistlərin, hüquq müdafiəçilərinin və siyasi partiya fəallarının zala daxil olmalarına polis mane olub.

Məhkəmə zalına buraxılmayan jurnalistlərdən birinin – bu yazının müəlliflərindən Elçin İsmayılın sözlərinə görə, polis onlara deyib ki, həm yer yoxdur, həm də yuxarının göstərişi var:

«Heç bir əsas göstərmirlər, deyirlər yuxarının göstərişi var. Guya jurnalistlər prosesə mane ola bilərlər. Biz dedik, avadanlıqlardan istifadə etməyək, ancaq yazaq, ona da icazə vermədilər. Ancaq içəridə kifayət qədər yer var. Mülkigeyimli polisləri oturdublar, yerlər tutulub. Valideynlər narazılıq elədilər, etirazlarını bildirdilər, qapıdakı polislə valideynlər arasında yüngülvarı qarşıdurma da oldu. Ərazidə 100-ə yaxın polis var. Bütün yollar bağlanıb, polis maşınları ilə əhatəyə alınıb».

«AÇIQ MƏHKƏMƏ BİLİB ŞƏKİYƏ GƏLSƏK DƏ...»

Məhkəməyə buraxılmayanlar arasında valideynlər də var. İttiham olunanlardan Xəyal Şaranovun atası Sergey Şaranov deyir ki, aylardır bu günü – oğlunun məhkəməsini gözləyib. Ancaq indi qapı arxasında qalıb:

«Bu, haqsızlıqdır. Nə valideynləri içəri buraxırlar, nə də jurnalistləri. Mən 9 aydır oğlumun üzünü görmürəm. İsmayıllıdan «açıq məhkəmə» bilib Şəkiyə gəlsək də, qapıda qalmışıq. Valideyni gərək içəri buraxsınlar ki, o da nəyin məhkəməsinin getdiyini bilsin, ancaq bizi buraxmırlar. Oğlumun günahı yox idi, haqsız yerə tutub salıblar içəri. Haqsızlıq baş alıb gedirsə, məhkəmədən nə gözləyək».
Məhkəmədə iştirak etməyə İsmayıllı və Bakıdan çoxlu adam gəlib.
Məhkəmədə iştirak etməyə İsmayıllı və Bakıdan çoxlu adam gəlib.

«DEDİM, HEÇ OLMASA, UŞAĞI QAPIDAN GÖRÜM...»

İttiham olunanlardan Elşən İsmayılın atası Səməd İsmayılov da açıq məhkəmənin qapalı keçirilməsindən həm özünün, həm də başqa valideynlərin hiddətləndiyini bildirib:

«Bayaqdan ayaq üstəyik. Hərdən yerdə otururuq. Polisə dedim, köhnə hərəkatçıyam, heç olmasa, uşağı qapıdan görüm, dedilər olmaz, göstəriş belədir. Elşənin iki uşağı, yoldaşı da mənimlədir. Heç kimə içəri qoymurlar, deyirlər məhkəmə açıqdır. Hökumət dünyaya humanitar moizələr oxuyur, ancaq öz camaatına belə zülm eləyir. Camaat hamısı çöldədir, burda yüzlərlə adam var».

Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev də məhkəmə prosesini izləmək üçün Şəkidədir. Onun sözlərinə görə, adamların qapalı qapılar arxasında qalması məhkəmənin ədalətliliyinə birbaşa təsir edir:

«Azərbaycan o ölkələrdəndir ki, məhkəmələrin hansı qərar verəcəyini hakimlər həll eləmir. Bu ölkədə siyasi xarakterli işlərdə qərarlar siyasi səviyyədə verilir. Buna görə də medianın, ictimaiyyət nümayəndələrinin zala daxil olmasının qarşısı alınır. Məhkəmənin Şəkidə keçirilməsinin də məqsədi budur.
İntiqam Əliyev
İntiqam Əliyev
Hamı bilirdi ki, Şəkidə məhkəmə zalı kiçikdir. Azərbaycan hakimiyyəti prosesin siyasi xarakterli olduğunu bilir. Bilir ki, ictimaiyyət nümayəndələri prosesə qatılsa, ifşa olunacaq. Bu anlamda qarşısını kəsib. Təkcə bu faktın özü göstərir ki, məhkəmə zalında baş verənlər ədalət mühakiməsi standartlarına cavab vermir».

ÜÇNƏFƏRLİK QƏFƏSDƏ 18 NƏFƏR

Vəkillər jurnalistlərə bildiriblər ki, 4 saatdan çox sürən prosesdə təqsirləndirilənlər məhkəməyə təqdim olunub. Onların sözlərinə görə, prosesin özü, təqsirləndirilən şəxslərə yaradılan şərait biabırçı adlandırıla bilər – təkcə bir faktı demək yetər ki, üçnəfərlik qəfəsə 18 nəfər yerləşdirilmişdi. Vəkillər bu şərait dəyişməzsə, prosesə qatılmaqdan imtina edəcəklərini vurğulayıblar.

Hazırlıq iclası sabah – noyabrın 5-də saat 11-də davam edəcək.

Məhkəmə önünə 18 nəfər çıxarılıb. Onların arasında REAL Hərəkatının lideri İlqar Məmmədov və Müsavat başqanının müşaviri Tofiq Yaqublu da var.

«HUMAN RIGHTS WATCH»: İLQAR MƏMMƏDOV VƏ TOFİQ YAQUBLU AZAD EDİLMƏLİDİR

İlqar Məmmədov və Tofiq Yaqublu
İlqar Məmmədov və Tofiq Yaqublu
«Human Rights Watch» beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycan hökumətini İlqar Məmmədov və Tofiq Yaqublunu dərhal azadlığa buraxmağa çağırır.

Noyabrın 4-də təşkilatın yaydığı məlumatda belə deyilir.

İğtişaşların təşkilində təqsirləndirilən bu şəxslərin ya azad olunması, ya da həbsdə saxlanmalarına tutarlı əsasların təqdim edilməli olduğu vurğulanır:

«Azərbaycan hökuməti tənqidçi insanlara qarşı misligörünməyən hərəkətlər etdi. İlqar Məmmədov və Tofiq Yaqublunun da həbsi Azərbaycan hökumətinin müxalifəti susdurmaq cəhdidir» – «Human Rights Watch»un Mərkəzi Avropa və Asiya üzrə nümayəndəsi Rachel Denber belə deyib.

Məlumatda bildirilir ki, prezident seçkiləri ərəfəsində saxta ittihamlarla onlarca siyasi fəalın həbsi ölkədə azad sözə qarşı yönələn siyasətin bir hissəsidir.

OLAY BELƏ BAŞLAMIŞDI

Bu il yanvarın 23-də «Çıraq» otelinin inzibatçısı Emil Şəmdinov və onun tanışı Elməddin Məmmədov yerli sakinləri təhqir etmişdilər.
Etirazçılar «Çıraq» otelini yandırıblar - 25 yanvar 2013
Etirazçılar «Çıraq» otelini yandırıblar - 25 yanvar 2013
Bundan sonra bir qrup sakin oteli və onun həyətində olan xarici markalı maşınları yandırmışdı.

Yanvarın 24-də isə yerli sakinlər rayon icra başçısının istefası tələbilə etiraz aksiyasına başlamış və olay təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya çevrilmişdi.

İlqar Məmmədov və Tofiq Yaqublu yanvarın 24-də vəziyyətlə tanış olmaq üçün İsmayıllıya getmişdilər. Sonra onlar həbs edilmişdilər. İsmayıllı hadisələrinə görə tutulanlar «külli miqdarda əmlakı məhvetmə», «kütləvi iğtişaşlar təşkiletmə, bu cür hərəkətlərdə fəal iştiraketmə» və «hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiqetmə» maddələri ilə suçlanırlar. Müdafiə tərəfi ittihamları qəbul etmir.

Bu maddələrin hər biri üzrə 2 ildən 7 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.
XS
SM
MD
LG