Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:37

Dünyanın o biri tərəfi (Seçmə hekayələrdən)


-

Ürəyimdən qapqara qanlar axmağa başladı və damcılar yerə düşməmiş əcaib varlığa çevrilib yox olurdular...


Bu hekayə son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilib. 17 hekayə və 8 şairin şeirləri imzası göstərilmədən Münsifə göndərilib. Onun çapa münasib bildiyi əsərləri yaxın günlər ərzində "Oxu zalı"nda oxuyun.


Əbil Həsənov


DÜNYANIN O BİRİ TƏRƏFİ


Axşam düşürdü. Qaranlıq qara pərdələrini yavaş-yavaş şəhərin üzərinə çəkirdi. Şəhər sakinləri qaranlıqdan qorxaraq evlərinə qaçırdılar. Onlardan biri mənə:

- “Nə durmusan? Qaç canını qurtar! Görmürsən qaranlıq gəlir?!” – deyərək yox oldu.

Bayaqkı səs-küydən əsər-əlamət qalmamışdı. Təkcə küləyin vıyıltısı eşidilirdi. Məni vahimə bürümüşdü. Birdən kimsə arxadan amiranə səslə mənə:

- “Dayan” dedi.

Mən arxaya baxdım. Bir nəfər mənə yaxınlaşaraq özünü təqdim edib sənədlərimi istədi.

Onun adı və soyadı mənimki ilə eyni idi. Sənədlərimi təqdim edib diqqətlə ona baxdım və özümü görüb qorxdum. O, “mən” idi.

Sənədlərimə diqqətlə baxıb dedi:

- Mənimlə getməlisən

- Hara? Axı mən evə tələsirəm.

- Hara lazımdırsa ora. Düş qabağıma , az danış – deyərək qollarımı qandalladı.

Mən mübahisənin əbəs olduğunu görüb «Mən»in əmrinə tabe oldum. Biz dar küçələrlə irəliləyib , pilləkanlarla aşağı düşüb bir zirzəminin qabağında dayandıq. O, qapını açıb mənə : “Keç içəri” – dedi.

Məni dəmir barmaqlıqlar arasına salıb qapını bağladı. Qorxu içində idim.

- “Bura haradır? Məni niyə bura gətiriblər?” – deyə fikirləşirdim ki, birdən zirzəmidə zəif işıq yandı. İçəriyə bir neçə nəfər də daxil olub yerlərində oturdular. Qəribəsi o idi ki, onlar da “mən” idilər.

“Mən”lərdən biri ayağa qalxaraq uzun-uzadı danışıb mənim günahlarımı saymağa başladı. Bu qədər günahımın olduğunu heç özüm də bilmirdim. Sonra başqa “mən” məni müdafiə etmək üçün ayağa qalxdı , çox qısa danışıb oturdu.
Bayaqdan “mən”lərə qulaq asan “Mən” məndən soruşdu:

- Deyilənlərlə razısınızmı?

Mən cavab vermək istəyirdim ki, yerdən səslər ucaldı:

- Bəli , bəli , bəli.

Mən səs gələn tərəfə baxdım , onlar da “mən” idilər. “Mən” “mən”i çağırıb məni öldürməyi əmr etdi. “Mən” əlindəki xəncəri bir neçə dəfə ürəyimə sancdı. Ürəyimdən qapqara qanlar axmağa başladı və damcılar yerə düşməmiş əcaib varlığa çevrilib yox olurdular. Həmin o əcaib varlıqlar da “mən” idilər.

Mən gözlərimi açanda hava işıqlanırdı. Günəş üfüqdən boylanıb şüaları ilə məni salamlayırdı.
XS
SM
MD
LG