Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:44

Bakının Vaşinqton Muzeyində verdiyi ziyafətə xarici reaksiyalar...


-
Son zamanlar Azərbaycan haqqında müsbət bir xəbər oxumusunuzmu? Burda təsadüf yoxdur. AzadlıqRadiosunun müxbiri Robert Coalson Bakının xaricdəki imicini yaxşılaşdırmaq üçün uzunmüddətli, məşəqqətli səylərindən söhbət açır:

Təxminən 50 il bundan əvvəl «Beatles» qrupu «Sevgi pulla alınmaz» mahnısını oxumuşdu. Lakin uzun müddətdir prezident olan İlham Əliyevin 2005-ci ildə Bakı-Tbilisi-Ceyhan kəmərinin işə salındığı vaxtdan neft pullarını səpələyən hökuməti «Beatles» qrupunun yanıldığını isbat etməyə çalışır.

Son illərdə Bakı Avropa və ABŞ siyasətçilərini neftlə zəngin Qafqaz ölkəsinin etibarlı partnyor olduğuna inandırmaq və təməl insan haqlarına hörmət etməyən avtoritar rejimi tənqiddən yayındırmaq üçün milyonlarla dollar pul səpələyib.

Oktyabrın 30-da Azərbaycan-Amerika Alyansı Milli Muzeyin sütunlu divarları arasında 600 adlı və sanlı insan üçün 5 kurslu şam ziyafəti verirdi. Ziyafətin ev sahibliyini ABŞ Konqresmeni Dan Burton edirdi. Bu məclisin «fəxri ev sahibləri komitəsinə» 4 senator və 13 konqresmen daxil idi.

Vaşinqtonda keçirilən məclisin iştirakçılarından biri də «The Conway Bulletin» məcmuəsinin Azərbaycan üzrə şərhçisi Joshua Noonan olub:

«Düşünürəm ki, bu onlar üçün faydalı bir tədbir idi. Çünki orada çox sayda keçmiş konqresmen, Vaşinqtonun media qurumlarının nümayəndələri və onlar üçün lobbiçilik edən kalan adam var idi. Maraqlı idi. Yaxşı təşkil etmişdilər».

Bu dəbdəbəli tədbir hədiyyələrdən, ləziz taamlardan və başqa lütfkarlıqlardan istifadə edərək siyasətçilərin rəylərini Azərbaycanın xeyrinə dəyişmək istəyən Bakının aqressiv «kürü diplomatiyası»nın bir təzahürüdür.

«DEMOKRATIYANI QORUMALI OLAN AVROPA ŞURASININ SƏSİ YAVAŞ-YAVAŞ ALÇALIR»

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard Kauzlarich AzadlıqRadiosuna bildirib ki, belə tədbirlər yalnız və yalnız Azərbaycan reallığı və uydurması arasındakı ziddiyyəti qabardır.
Gerald Knaus
Gerald Knaus

«Kürü diplomatiyası» termini ilk dəfə olaraq Cənub-Şərqi Avropa və Avropanın genişlənməsi məsələlərini işıqlandıran Avropa Stabillik Təşəbbüsünün (AST) 2012-ci il may hesabatında işlənib.

AST-nin sədri və Azərbaycan hesabatının müəllifi Gerald Knaus AzadlıqRadiosuna bunları bildirib:

«Azərbaycanda demokratiya və insan haqları ilə bağlı vəziyyət pisləşdikcə, Avropa insan haqları və demokratiyasının standartlarını qorumalı olan Avropa Şurasının səsi yavaş-yavaş alçalır. Təşkilat tənqid səsləndirmək əvəzinə getdikcə daha çox susurdu. Mən seçkiləri, siyasi məhbusları və Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü insan haqları öhdəliklərinə əməl etməsinin monitorinqini nəzərdə tuturam. Odur ki, biz bu təsisatın susdurulması mexanizminin necə işlədiyini başa düşməyə və izah etməyə çalışırdıq».

Londonda yaşayan insan haqları fəalı və ABŞ-ın Azərbaycandakı keçmiş diplomatlarından biri Rebecca Vincent deyir ki, Bakının bu sayaq «fəal» ictimai münasibətləri onun işini xeyli çətinə salırmış:

«İnsan haqları fəalları kimi bu, bizim bəzi Avropa təsisatlarında, xüsusən də Avropa Şurasında, eləcə də Avropa Parlamentindəki fəaliyyətimizi son dərəcə çətinləşdirir. Biz oralara gedib insan haqları məsələlərini qaldıranda görürük ki, oradakı siyasətçilərin fikrini artıq bizdən əvvəl əks istiqamətə yönəldə biliblər».

AST-nin rəhbəri Knaus əlavə edir ki, Bakının səyləri «sistematik» və «aqressiv» xarakter daşıyıb:

«Kürü diplomatiyası dostların əldə edilməsi üçün sistematik təmasları, çox sayda insanları iştiraka dəvəti nəzərdə tutur. Avropa Şurası Parlament Assambleyasının onlarca üzvü hökumətyönlü QHT-lər və ya birbaşa hökumətin özü tərəfindən Bakıya qonaq kimi dəvət olunur. Burada lobbiçiliyin çox aqressiv formalarından istifadə olunur. Avropa Şurasında bir vaxtlar mühüm postlar tutmuş şəxslərə lobbiçilik təklifləri edilir və belə bir mesaj verilir ki, «bizim tərəfimizdəsənsə, bizim yaxşıca mükafatlandırılan lobbiçimiz olmalısan».

«MÜŞTƏRİLƏRİN EHTİYACLARINA UYĞUN HESABATLAR...»

AST hesabatında başqaları ilə yanaşı, Almaniyanın xristian-demokrat millət vəkili, AŞPA-nın keçmiş üzvü Eduard Lintner-in də adı çəkilir. Lintner Azərbaycanda prezidentlik müddətləri üzərindən məhdudiyyəti qaldırmış və İlham Əliyevin qeyri-müəyyən müddətə prezidentliyinə yol açmış 2009-cu il referendumunu müşahidə edən AŞPA nümayəndə heyətinin üzvü olub.

Eduard Lintner
Eduard Lintner
AŞPA-nın həmin nümayəndə heyətinin hesabatında deyilirdi ki, referendum «Azərbaycan xalqının daha geniş stabillik və demokratikləşmə elementləri üçün arzularını» nümayiş etdirib. 2009-cu ildə Lintner AŞPA-nı tərk edib və əslində, Bakını lobbi edən Almaniya-Azərbaycan Münasibətlərinin Təbliği Cəmiyyətinin sədrinə çevrilib.

Ötən ay Azərbaycanda keçirilmiş və İlham Əliyevə üçüncü prezidentlik müddəti vermiş seçkilərdə Almaniya-Azərbaycan Cəmiyyəti Belçikada qeydiyyatdan keçmiş bir QHT-nin monitorinq missiyasını maliyyələşdirib. Həmin missiya seçkinin «ədalətli, demokratik və şəffaf» olduğunu elan edib.

Bakının lobbiçilik səylərinə, həmçinin, öncül analitik mərkəzlərdən ictimai rəyi dəyişmək üçün istifadə daxildir. Seçkidən bir ay əvvəl Brüsseldə mənzillənmiş Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi «Azərbaycan Respublikası: Yaxşı İdarəetmənin Nümunəsi» adlı hesabat dərc edib.

Çox pis ingilis dilində yazılmış hesabat Azərbaycanın «sabit sosial təminatını» tərif edir, Azərbaycanda qadınların vəziyyətinin Avropa İttifaqı və ABŞ-la müqayisə edilə biləcəyi iddiasını irəli sürür və Bakının dini azlıqların hüquqlarına dərin hörmətindən bəhs edir.

Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin internet saytında deyilir ki, bu qrup müştərilərinin ehtiyaclarına uyğun hesabatlar, təhlillər və brifinqlər hazırlayır. Mərkəz özünün Azərbaycan hesabatı üçün kimin müştəri olduğunu bildirmir.

Bakının səyləri yanvar ayında, xüsusi həmməruzəçi Christoph Strasser-in Azərbaycanda 85 siyasi məhbusun adını çəkən və onların azad olunmasına çağıran hesabatı AŞPA tərəfindən rədd edilərkən bəhrə verib. Halbuki Almaniyadan Avropa Parlamentinin üzvü Strasser 2009-cu ildə həmməruzəçi təyin edildiyi gündən ona Azərbaycana daxil olmaq üçün viza verilməyib.

Belə görünür ki, Bakının «kürü diplomatiyası» hücumu, əsasən, ötən ay keçirilmiş prezident seçkisinə bağlı olub. Seçki və onun nəticələri barədə ötən həftə hesabat yaymış AST-nin məlumatına görə, seçkilərin müşahidəsi üçün Bakıya 50 təşkilat tərəfindən monitorinq qrupları göndərilib.

Əksəriyyəti Azərbaycanla bağlı olan və Lintner-in cəmiyyəti kimi Azərbaycan tərəfindən maliyyələşdirilən 49 təşkilat seçkiləri təqdir edib.

Yalnız ATƏT seçkilərin qeyri-demokratik keçirildiyini və beynəlxalq standartlara uyğun olmamasını tənqid edib. O zamandan bəri Bakı ATƏT-lə əməkdaşlığını kəskin şəkildə məhdudlaşdıracağı barədə hədələr səsləndirir.

Rebecca Vincent
Rebecca Vincent
«BELƏ TƏDBİRLƏR UZUN MÜDDƏTDƏ FAYDALI OLA BİLMƏZ»

Keçmiş ABŞ diplomatı Rebecca Vincent bir çox Avropa millət vəkillərinin hərəkətlərini «qeyri-etik» adlandırır:

«Qəti şəkildə demək olar ki, bu, yanlış mesaj verir. Məncə təməl insan haqları və azadlıqlarının bərqərar olduğu demokratik ölkələrin nümayəndələrinin, onların öz elektoratının xəbəri olmadan, elə həmin təməl hüquqları tapdayan avtoritar rejimi dəstəkləmələri düzgün deyil».

Azərbaycan-Amerika Alyansının işindən belə görünür ki, Bakı Avropadakı səylərinin coğrafiyasını genişləndirməyə çalışır. ​Rəsmən QHT sayılsa da, bu qurumu Azərbaycan oliqarxı, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov yaradıb. Qrupun internet saytına ötəri nəzər salmaq kifayətdir ki, onun Azərbaycan hökumətinin mövqeyindən çıxış etdiyini başa düşəsən.

Alyansın əsas məqsədlərindən biri ABŞ Konqresindəki Azərbaycan qrupunun genişləndirilməsidir. Bu qrup 2004-cü ildə yaradılıb və hazırda 46 üzvü var.

Vaşinqtondakı lobbiçilik fəaliyyətlərini monitorinq edən ictimai maraqlı opensecrets.org saytının yazdığına görə, alyans lobbiçi «Fabiani&Company» şirkətinə 2013-cü ilədək 1.8 milyon dollar ödəyib ki, bu da həmin şirkətin lobbiçilikdən qazandığı gəlirin yarısını təşkil edir. Azərbaycan-Amerika Alyansı «Fabiani»yə 2012-ci ildə 1.8 milyon, 2011-ci ildə isə 2.4 milyon dollar ödəyib.

Vaşinqton ziyafətində iştirak etmiş təhlilçi Joshua Noonan bu qənaətdədir ki, ictimai münasibət qurmaq cəhdləri çətin ki, Amerikada, Avropada olduğu qədər nüfuzlu ola bilsin. O deyir ki, Bakı konqresmenlər üçün elektoratlarının daha mühüm olduğunu başa düşməlidir:

«Bakının ictimai diplomatiyası Vaşinqtonda yüksək səviyyəli fərdlərə yol tapmaq üçün faydalıdır. Lakin əgər bu fərdlərin təmsil etdiyi icmalara yol tapılmazsa, belə tədbirlər uzun müddətdə faydalı ola bilməz. Bunsuz, söhbət yalnız əlaqələrdən gedə bilər. Bunsuz siyasəti daha dərin səviyyədə təsirləndirmək mümkün deyil».
XS
SM
MD
LG