Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:41

Beynəlxalq müşahidəçilərin rəyi seçkidən əvvəl haçalanıbmış


9 oktyabr seçkiləri
9 oktyabr seçkiləri
-
Azərbaycanda prezident seçkisindən bir gün sonra – oktyabrın 10-da beynəlxalq müşahidə missiyalarının mətbuat konfranslarını ayrı-ayrı keçirməsi və fərqli bəyanatları çoxuna təəccüblü gəlmişdi. Avropa Şurası Parlament Assambleyası (AŞPA) və Avropa Parlamenti (AP) müşahidə missiyalarının seçki dəyərləndirməsi ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) missiyasından xeyli müsbət tonuyla fərqləndi. Hakimiyyət təmsilçiləri DTİHB-yə seçkisonrası hücumlarını daha çox bu fərq üzərində qurur və təbii ki, birincinin seçkini «azad və ədalətli» adlandırmasına əsaslanırdılar.

Bəs necə oldu ki, missiyaların mövqeyi haçalandı? Avropa Sabitlik Təşəbbüsünün (AST) ötən həftə yaydığı «Rüsvayçılıq. Azərbaycan və seçki monitorinqinin sonu» adlı hesabatında bu sual diqqətə hədəfinə gətirilib. Yeri gəlmişkən, AST «Kürü diplomatiyası» adlı məşhur hesabatın da müəllifidir.

«TƏRİFLƏMƏK ƏZMİ»

Hesabatda deyilir ki, seçkini izləyən qısamüddətli missiya rəhbərləri Bakıya bazar günündən – oktyabrın 6-dan gəlməyə başlayıblar: «Onlar səsvermə başlamazdan öncə də seçkidə irəliləyişi görmək və onu tərifləmək əzmində idilər».

Bazar ertəsi – oktyabrın 7-də axşam AŞPA, AP və ATƏT PA nümayəndə heyətlərinin rəhbərləri DTİHB-nin göndərdiyi və uzunmüddətli müşahidəçilərinin üzə çıxardıqları faktları əks etdirən hesabat layihəsini alırlar. Ertəsi gün, yenə axşam beynəlxalq müşahidə missiyalarının rəhbərləri «Hyatt Regency» mehmanxanasında ilk görüşlərini gerçəkləşdirirlər.

Missiya rəhbərlərini qısaca tanıtmağa dəyər: ATƏT PA nümayəndə heyətinin rəhbəri Doris Barnett Lüdviqshafen sənaye şəhərindən olan sosial-demokratdır. O, əvvəllər Azərbaycana heç vaxt gəlmədiyini və ölkənin siyasi mühiti barədə az bilgili olduğunu etiraf edərək AST-yə deyib ki, «ölkə barədə açıqfikirli» olmaq dərəcəsində məlumatlı deyil.
ATƏT PA nümayəndə heyətinin rəhbəri Doris Barnett
ATƏT PA nümayəndə heyətinin rəhbəri Doris Barnett
AŞPA müşahidə missiyasının rəhbəri Robert Walter isə daha öncələr də Azərbaycandakı bir neçə seçkiyə müşahidəçi sifətilə qatılıb. İtaliyalı sosioloq Pino Arlacchi AP-nin kiçik müşahidə qrupuna başçılıq edib.

«XEYLİ NEQATİV» SƏNƏD

İlk görüşdə DTİHB missiyasının rəhbəri Tana de Zulueta qurumun seçkiöncəsi müşahidələrini diqqətə yetirərək həmin vaxt media və sərbəst toplaşma azadlıqlarının durumundan, insan haqları pozuntularından söz açır. Parlament missiyalarının rəhbərləri deyilənləri dərhal tənqidə tutur. Pino Arlacchi və Robert Walter deyilənlərin «tonu» ilə razılaşmayıb dəyişikliklər istəyirlər. Onlar Bakıya bir neçə gün öncə gəldiklərindən spesifik faktlara toxunmur, ancaq ümumilikdə siyasi dəyərləndirmə ilə də razılaşmırlar. Beləliklə, razılaşma əldə olunmur və məsələ ertəsi günədək təxirə salınır.

Janez Lenarcic
Janez Lenarcic
Missiyaların dörd rəhbəri seçki günü – oktyabrın 9-da günortadan sonra yenidən bir araya gəlirlər. DTİHB-nin rəhbəri Janez Lenarcic də həmin görüşə qatılır. Bu dəfə görüş birincidən də çətin keçir. Arlacchi və Walter DTİHB-nin yeni, yüngülcə dəyişdirilmiş layihəsini «xeyli neqativ» adlandıraraq rədd edirlər. Robert Walter güzəştli variant təklif edir: seçkidən sonra iki bəyanat verilsin – birini DTİHB, digərini qalan missiyalar hazırlasın. DTİHB bunu rədd edir, etibarlı seçki monitorinqinin yalnız aysberqin ucunu görməli olmadığını deyir. Bu məqamda Arlacchi DTİHB-nin özünün qanuniliyi sual altına alır: «Onların (Azərbaycanın – red.) konstitusiyasını, yaxud seçki qanununu tənqid etməyə nə haqqınız var?». Beləcə, əsəblər tarıma çəkilir. Doris Barnett sonradan AST-yə deyir ki, onun vasitəçilik cəhdləri də boşa çıxır.

ÜSYAN ƏVVƏLLƏR DƏ OLUB

Bu məqamda AST xatırladır ki, daha əvvəlki seçkilərdə müxtəlif monitorinq qrupları ortaq məxrəcə gəlməyə çalışıblar. Düzdür, 2008-ci ildə də AŞPA-nın bəzi üzvləri də monitorinq qrupu rəhbərinə, DTİHB ilə hər hansı kompromisə qarşı üsyan ediblər. Ancaq onları, birtəhər, yerlərinə oturdublar.
ATƏT müşahidəçilərinin mətbuat konfransı - 10 oktyabr 2013
ATƏT müşahidəçilərinin mətbuat konfransı - 10 oktyabr 2013
2010-cu ildə ehtiyatla hazırlanmış formul tapılsa da, mətbuat konfransında fərqli mövqelər səsləndirilib. Amma 2013-cü ildə razılaşma alınmayıb. Beləcə, oktyabrın 9-da axşam AŞPA və Avropa Parlamentinin missiya rəhbərləri DTİHB və ATƏT PA müşahidəçilərindən ayrılmağa qərar veriblər.

AŞPA və AP deputatları seçkini «azad və ədalətli» adlandırsalar da, ATƏT DTİHB onun beynəlxalq standartlara uyğun keçirilmədiyini vurğulayıb. Hesabatda ATƏT/DTİHB-nin mətbuat konfransında iqtidaryönlü jurnalistlərin yaratdıqları qalmaqala da toxunulub:

«Sonra təəccüblü bir şey baş verdi. ATƏT sədri, həmin qurumun Ukrayna xarici işlər nazirinin təyin etdiyi xüsusi koordinatoru Michel Voisin-dən başqa hamı zalı tərk etdi. O, jurnalistlərin suallarını cavablarkən, yaxasını daha əvvəl özünün də bəyəndiyi DTİHB bəyanatından qırağa çəkib və DTİHB uzunmüddətli müşahidəçilərinin texniki ekspertlər olduğunu bildirib. Daha sonra yerli mediaya müsahibəsində o, AŞPA və AP-nin bəyanatlarını dəstəklədiyini dilə gətirib».

7 VS. 319

Qısamüddətli müşahidəçilərin uzunmüddətlilərdən fərqli rəylərinə normal yanaşanlara gəlincə, hesabat müəllifləri soruşurlar:
ATƏT müşahidəçiləri
ATƏT müşahidəçiləri

«Bu müşahidəçilər hansı metodologiyaya əsaslanıblar? AP-nin 7 üzvü 319 DTİHB müşahidəçisinin üzə çıxardığını necə dəstəkləməyə bilərdi? AŞPA nümayəndə heyətinin üzvləri bir gündə neçə seçki məntəqəsinə baş çəkə bilib? Onlardan neçəsi səssaymanı müşahidə edib?.. Hətta düzgün motivasiya ilə belə sayca az və qısamüddətli müşahidəçilər həvəskar dəyərləndirmədən necə qaça bilərdilər? Adətən, onlar seçkiyə 2 gün qalmış gəlir, seçki kampaniyası barədə qısa məlumat alır və tam bir günlərini hökumət, müxalifət, media və QHT təmsilçiləri ilə görüşə ayırırlar. Sayları az olduğundan, seçki günü ancaq bir neçə məntəqəyə baş çəkə bilirlər. Onların çox azı əsas məsələni – səssaymanı izləyir, seçkidən bir gün sonra da çıxıb gedirlər».

Hesabat müəllifləri AŞPA ilə DTİHB müşahidəçilərinin dəyərləndirmələri arasındakı belə dramatik fərqi araşdırmaq üçün ayrıca qrup yaradılmasını istəyir və belə bir çağırışla Avropa Şurasının baş katibi Thorbjorn Jagland-a üz tuturlar. Onların fikrincə, DTİHB öz dəyərləndirməsini əsaslandırmağa hazır olmalı, Avropa Parlamenti və AŞPA-da məlumat verməyə dəvət edilməli, yararlandığı metodologiya barədə sualları cavablamalıdırlar.
XS
SM
MD
LG