Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:00

Müsəlman qadınlar üçün ilk idman DVD-si buraxılıb


-
Vücudu qaydada saxlamaq üçün cimlərdə bədənin mümkün qədər çox açıq hissələrini başqalarının qarşısında nümayiş etdirmək vacib deyil. Bir Floridalı qadın elə bu faktoru nəzərə alaraq müsəlman qadınlar üçün fiziki təmrinlər DVD-si yaradıb. Vaşinqtondan AzadlıqRadiosunun müxbiri Heather Maher xəbər verir:

“Hamı bilir ki, artıq çəkini itirmək çox çətindir. Əgər bu məsələdə dostların səni dəstəkləmirlərsə, bunu etmək ikiqat çətindir.”

Belə bir situasiya ilə bir neçə il öncə Nadine Abu Jubara da üzləşib. Fələstin əsilli amerikalı Jubara Floridada yaşayır. O deyir ki, artıq çəkisini xeyli azaltmağa və daha sağlam olmağa çalışanda, müsəlman icmasında ona demək olar, dəstək verən olmayıb.

Toy məclislərində və qonaqlarda Yaxın Şərq təamları süfrədə zığ vurardı və Nadine çalışardı ki, bu bolluğun içərisindən nisbətən sağlamını və çox az miqdarda yesin. Bu zaman dostları ona tənə edərdilər: “Əşi, ye də. Bir günlə sənə nə olacaq ki?..”

“Baxın, həmişə belə bir “yoldan çıxarmalar” baş verirdi. Lakin mən qətiyyətli olmağa, məqsədimə çatmağa çalışırdım”.

30 kilo atandan sonra o, gördü ki, insanların münasibəti dramatik şəkildə dəyişib:

“Aman Allah, sən əla görünürsən! Bunu necə eləmisən?” Yüz dəfələrlə bu cür heyranlıqdan sonra məndən “sirrimin nə olduğunu” soruşurdular. Başa düşürdüm ki, bu məsələdə icmada bir vakuum var”.

Jubara tezliklə başa düşüb ki, müsəlman qadınların çəki itirmək və sağlam olmaq üçün çox az seçimi var. Çətinliklər məxsusidir: İtaətli müsəlman qadın hətta idman edəndə də bədənini örtməlidir, üstəlik bol xörəklər problemi var. Hamı ilə birlikdə yeməlisən. Bu isə fərdi yemək qaydaları üçün seçim qoymur.

Daha sağlam və daha cazibəli Jubara deyir ki, müsəlman qadınlara bu çətinliklərə üstün gəlməkdə kömək etmək istəyir.

Beləliklə, ixtisaslı mühəndis, “Nadoona” adlı internet saytı yaradlıb. Ərəb dilində bu, “bizi çağır” mənasını verir. Jubara deyir ki, bu sözü tərsinə oxuyanda mənası “yeni dan yeri” olur. Jubara öz təşəbbüsünə kiçik ödənişlə və üzbəüz video məşqçiyliyinin köməyi ilə fərdiləşdirilmiş pəhriz və idman təmrinləri məsləhətləri verməklə başlayıb.

Qadınların, həm də təkcə müsəlmanların deyil, cavab reaksiyası çox müsbət olub. Jubara bundan razı qaldığını söyləyir:

“Mən bu fikrə gələndə heç kimi istisna etmək istəmirdim. Mən həmişə demişəm ki, köklük və piylənmə irqə baxmır. Odur ki, mən də bu cür sərhədlər qoymaq istəmirdim. Bu elə bir işdir ki, hamı qoşula bilər”.

Maraq o qədər böyük idi ki, Jubaraya yeni bir ideya gəldi: “Nadoona Extreme” müsəlman qadınlar üçün ilk fiziki təmrin DVD-si oldu.

DVD-nin üzərində yazılıb: “Öz evinin rahat şəraitində vücudunu dəyiş”.

Jubara “Nadoona Extreme” DVD-sini noyabrın əvvəlində 2000 nüsxə ilə buraxıb. Müştərilər DVD-ləri internet saytından sifariş edir və bəzən yaranmış növbəyə görə həftələrlə gözləməli olurlar.

Videoda mükəmməl vücuda malik olan Zainab Ismail adlı qadın görünür. Onu “hicablı təlim serjantı” da adlandırırlar. O Puerto-Rikoludur. Bodibildinq üzrə ölkə çempionu olub, idman məşqçisi kimi 20 illik təcrübəsi var. Bu yaxınlarda İslamı qəbul edib.

Videoda Zeinab İsmail idman şalvarı, uzunqol mayka və hicab geyinib. O musiqi sədaları altında çömbəlmə və tullanma kimi sadə, lakin yorucu hərəkətləri nümayiş etdirir.

Bu video müsəlman qadınları üçün nəzərdə tutulduğundan İsmailin öz geyimi müəyyən mübahisələrə səbəb olurdu. Jubara deyir:

“Qərb dünyası müsəlman qadın üçün daimi mübarizə deməkdir. Belə bir sual daim havadan asılır: “necə edək ki, həm uyğunlaşaq, həm də dini kimliyimizi qoruyub saxlaya bilək?” Xüsusilə də vücud kamilliyini saxlamaq məsələsində mövqe tutmaq çətindir. Biz istəyirdik ki, Zeinab bədənini örtməklə dini qaydalara əməl etsin, lakin eyni zamanda, pis çıxmasın, çuval kimi də görünməsin. Adamlar işlədikləri qadının kim olduğunu bilmək istəyirlər. Yəni “göstər, görüm, nəyin var?” Bunu isə çox vaxt dini geyimlə nümayiş etdirmək mümkün olmur.

Təmrinlərin əvvəlində İsmail ərəb sözü olan “təsmiyə” kəlməsini işlədir. Jubara izah edir ki, bu idman təmrinlərinə dini ruh verir və onları bir növ ibadət formasına çevirir. Məsələn “bismillahi-rəmanir-rəhim” – “mərhəmətli və qadir Allahın adı ilə” deməkdir.

Aydın görünür ki, bu videonun konsepsiyası arxasında İslam prinsipləri dayanır. Lakin Jubara bu prinsiplərin universal olduğuna inanır:

“Peyğəmbər əleyhissəlam və dinimiz öyrədir ki, biz bədənimizin qayğısına qalmalı, ona ziyan vurmamalıyıq. Qarınqululuq və idman etməmək belə bir ziyandır. Bizim də məqsədimiz bu öyüdə əməl etməkdir – vücudumuza xidmət etmək”.

“Nadoona Extreme” - in 264 milyon dollarlıq təmrin DVD-ləri bazarında necə bir uğur qazana biləcəyini indidən söyləmək çətindir. Ümid onadır ki, bu bazarda müsəlman qadınlar üçün fiziki təmrin DVD-si hələlik təkdir.
XS
SM
MD
LG