Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:42

BP 2018-ci ilin sonunadək peşəkar kadrların 90%-ni milliləşdirməyi planlaşdırır


British Petroleum
British Petroleum
-
Noyabrın 14-də BP şirkəti Azərbaycan Dövlət Neft Şirkəti ilə üç əməkdaşlıq sazişi imzalayıb. Bu sazişlər azərbaycanlı kadrların inkişafına dair planlarına dəstək vermək məqsədi daşıyır. Söhbət BP-nin Azəri-Çıraq-Günəşli (AÇG), Şahdəniz, Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrinin operatoru kimi həyata keçirdiyi əməliyyatlara cəlb edilən əməkdaşlardan gedir.

BU İL REKORD SAYDA AZƏRBAYCANLI İŞƏ GÖTÜRÜLÜB

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell deyib ki, şirkət 2013-cü ilin əvvəlindən rekord sayda Azərbaycanlı işçini –100-dən çox təcrübəli peşəkar kadrı, 100 nəfər texniki, 85 nəfər stajçı mütəxəssisi və 50 nəfər təcrübə keçən tələbəni işə götürüb:

“Biz bugünkü tədbiri BP şirkətinin işçi heyətinin milliləşdirilməsi prosesini və Azərbaycandakı əməliyyatlarımıza cəlb olunmuş işçi qüvvəsinin inkişafını gücləndirmək istiqamətindəki öhdəliyimizi və uzunmüddətli strategiyamızı bir daha təsdiqləmək üçün planlaşdırmışıq.

Uzun illərdir ki, ARDNŞ və digər əlaqədar dövlət qurumları ilə birgə Azərbaycanda neft və qaz sahəsində ixtisaslaşan yerli işçi qüvvəsinin inkişafına yönəlmiş səylərimizi birləşdirməyə imkan verəcək uzunmüddətli strategiyanın razılaşdırılması istiqamətində işləyirik.

Həm hökumət, həm də BP və onun tərəfdaşları layihələrimizə və əməliyyatlarımıza cəlb olunan işçi qüvvəsinin böyük əksəriyyətinin azərbaycanlı kadrlar olmasında maraqlıdır. Bu gün imzaladığımız sənədlər bizi ortaq istəyimizin gerçəkləşməsinə daha da yaxınlaşdırır.”

84% YERLİ KADRLAR

Cənab Birrel əlavə edib ki, bu gün BP şirkətinin özündə təxminən 2800 nəfər Azərbaycanlı əməkdaş işləyir. Ümumilikdə, BP-nin Azərbaycandakı tamştatlı peşəkar əməkdaşlarının 84%-i yerli kadrlardan ibarətdir və onların xeyli hissəsi çox yüksək rəhbər vəzifələrdə işləyir.

“Xüsusi olaraq qeyd edim ki, biz 2014–2018-ci illər üçün milliləşdirmə planı hazırlamışıq. Bu plana əsasən 2018-ci ilin sonunadək peşəkar kadrların 90%-nin milliləşdirilməsinə nail olmaq planlaşdırılır. Bu, hazırda əcnəbi əməkdaşların tutduğu vəzifələrin əksəriyyətinin milliləşdirilməsini nəzərdə tutur”.

BEYNƏLXALQ EKSPERTLƏRƏ TƏLƏBAT QALACAQ

Noyabrın 14-də keçirilən tədbirdə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev deyib ki, BP şirkətinin idarə etdiyi layihələrin uzunmüddətli və texniki baxımdan mürəkkəb xarakterli olması ixtisaslaşmış yerli peşəkar kadrların işə cəlb edilməsini tələb edir.

“Bu gün imzaladığımız sənədlər açıq-aydın şəkildə bu cür heyətin inkişafına xidmət göstərir. Lakin, bəzi fəaliyyətlər və peşələrə beynəlxalq ekspertlərin cəlb edilməsi tələbi hələ də qalacaq. Bu, ölkəmiz üçün strateji əhəmiyyət daşıyan layihələrin vaxtında həyata keçirilməsi üçün zəruridir.

Bu tələb başa düşüləndir, lakin bununla yanaşı biz bu layihələri Azərbaycanın neft və qaz sənayesindəki yüksək ixtisaslı peşəkar kadrların və işçi qüvvəsinin inkişafı üçün unikal bir imkan kimi görürük. ARDNŞ bu istiqamətdə BP ilə sıx əməkdaşlığı davam etdirəcək.”
XS
SM
MD
LG