Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:47

ABŞ Əliyev-Sarkisian görüşünü alqışlayır (Video)


İlham Əliyev və Serzh Sarkisian-ın görüşündən video görüntülər
Gözlə

No media source currently available

0:00 0:00:35 0:00

İlham Əliyev və Serzh Sarkisian-ın görüşündən video görüntülər



ABŞ Azərbaycan və Ermənistan prezidentlərinin noyabrın 19-da keçirdikləri Vyana görüşünü alqışladığını bildirir. ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki yaydığı bəyanatda bildirir ki, Vaşinqton hər iki prezidentin görüşləri qarşıdakı aylarda da davam etdirmək qərarını təqdir edir:
Jen Psaki
Jen Psaki

“Rusiya və Fransa ilə birlikdə ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ hər iki prezidenti bütün tərəflərdə insanlar üçün ağır nəticələr vermiş bu münaqişənin sülh yolu ilə həlli istiqamətində fəal işləməyə çağırır” – deyə bəyanatda qeyd edilir.

***
Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən sonra ATƏT-in Minsk qrupu həmsədrləri birgə bəyanat veriblər.

Bəyanatda deyilir ki, prezidentlər sülh prosesini intensivləşdirmək üçün lazım olan işləri görməkdə Minsk qrupu həmsədrləri ilə əməkdaşlığı davam etdirməyə öz xarici işlər nazirlərinə göstəriş veriblər. Onlar qarşıdakı aylarda yenidən görüşməyə razılaşıblar.

Bəyanatda bildirilir ki, Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri dekabrın 5-6-sı Kiyevdə görüşəcəklər. İlin sonuna həmsədrlər regiona səfər edəcək.
Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisianın danışıqları başa çatıb.

***
Azadlıq Radiosunun Erməni Xidmətinin direktoru Hrair Tamrazianın verdiyi xəbərə görə, o, Vyanada danışıqlardan dərhal sonra Sarkisiandan xahiş edib ki, danışıqları şərh etsin, Sarkisian isə deyib ki, danışıqlar “normal” oldu.

***
Adı çəkilməyən diplomatik mənbə RİTA-SİTA Agentliyinə deyib ki, “ son illərdə ilk dəfə olaraq Əliyev və Sarkisian Dağlıq Qarabağ məsələsini vasitəçilərin iştirak etmədiyi təkbətək görüşdə müzakirə edirlər”. Diplomatik mənbə bunu əhəmiyyətli uğur sayır.

Mənbənin fikrincə, indiki danışqların vaxtı da uğurludur. Çünki hər iki ölkədə prezident seçkiləri arxada qalıb. Seçki kampaniyaları onlara təzyiq etmir.

***
Bu gün Vyanada Azərbaycan və Ermənistan prezidentləri görüşür.
Prezidentlər İlham ƏIiyev və Serzh Sarkisianla Dağlıq Qarabağla bağlı münaqişənin nizamlanması barədə müzakirə aparırlar.
Danışıqlar ATƏTin Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə keçirilir.
Həmsədrlərin bu yaxınlarda regiona sonuncü səfərində prezidentlərin görüşü barədə razılıq əldə olunmuşdu.
ABŞ prezidenti Barack Obama bu ayın əvvəli İlham Əliyevə göndərdiyi məktubda görüş qərarını təqdirəlayiq sayıb.
AzadlıqRadiosunun müxbirləri bu gün Vyanadan birbaşa məlumatlar verəcəklər.
Minsk qrupuna ABŞ, Fransa və Rusiya həmsədrlik edir.

KERRY ƏLİYEV VƏ SARGSYANA NƏ DEYİB?
Ahmet Davutoglu və John Kerry
Ahmet Davutoglu və John Kerry
Amerikanın dövlət katibi Azərbaycan və Ermənistan prezidentləri İlham ƏliyevSerzh Sarkisianla son 72 saat ərzində telefonla danışdığını bildirib.
O bu bəyanatı Türkiyənin xarici işlər naziri Ahmet Davutoğlu ilə Vaşinqton görüşündən sonra verdiyi birgə mətbuat konfransında səsləndirib, hərçənd telefon söhbətlərinin təfərrüatlarını açıqlamayıb:
«Dediyim kimi, Türkiyə bir çox məsələlərdə böyük rol oynayır. Artıq aylardır ki, biz Kipr haqqında danışırıq və Dağlıq Qarabağ haqqında danışırıq. Biz sakit bir tərzdə bu təşəbbüslərin önündə və ortasında olan səfirlərimizin bu prosesi davam etdirməsinə çalışırıq»- deyib John Kerry.
«Mən son 48 saatda, hə indi yəqin ki, artıq 72 saatda həm prezident Əliyev, həm də Sarkisianla danışmışam. Onlar az sonra görüşməlidirlər. Biz həmin prosesinin irəli getməsini istəyirik və biz bunda iştirakımızı davam etdirəcəyik».

ERMƏNİSTAN PREZİDENTİNİN MƏTBYAT XİDMƏTİ XƏBƏR VERİR

Noyabrın 18-də Ermənistan prezidenti Sarkisianla ABŞ Dövlət katibi John Kerry arasında telefon danışığı olub.

Ermənistan prezidentinin mətbuat xidməti bildirir ki, bu danışığa təşəbbüs ABŞ tərəfdən gəlib. Söhbət zamanı Dövlət katibi Kerry Dağlıq Qarabağ sülh prosesinə ABŞ –ın dəstəyini bildirib.

Telefon danışığında hər iki tərəf qeyd edib ki, danışıqlar yolu ilə aparılan sülh prosesinə alternativ yoxdur, tənzimləmənin qarşılıqlı məqbul mexanimzləri tapılmalıdır və bu mexanizmlər əsas prinsiplərə söykənməlidir.

DAVUTOĞLU QARABAĞ BARƏDƏ

Türkiyənin xarici işlər naziri də Dağlıq Qarabağ münaqişəsi məsələsinə toxunub və bildirib ki, Ankara və Vaşinqton 40, 30 illik dondurulmuş münaqişələrin çözümündə əməkdaşlıq edirlər.
«MƏN VƏ JOHN, TÜRKİYƏ VƏ ABŞ...»
«Dağlıq-Qarabağ və Kipr məsələlərinə gəlincə, biz bir neçə mexanizm vasitəsilə, Minsk Qrupu və başqa ikitərəfli «məsləhətləşmələr» vasitəsilə «məsləhətləşmələri» davam etdiririk»- deyib Ahmet Davutoğlu, - və biz ümid edirik ki, bu dondurulmiş münaqişə tezliklə başa çatacaq və bu, Qafqazlara sülh gətirəcək, Qafqazların hüdudundan daha geniş regiona da sülh gətirəcək və mən bu gün çox məmnunam ki, John və mən, Türkiyə və Birləşmiş Ştatlar bu məsələyə eyni perspektivdən baxırıq. Biz ümid edirik ki, prezident Sarkisian və prezident Əliyev arasındakı bu görüş uğurlu olacaq».
Cənab Davutoğlu həmçinin bildirib ki, bir neçə gündən sonra o, baş nazir Erdoğanla birlikdə Sankt Peterburqa səfər edəcək və bu mənada John Kerry ilə görüş Rusiya və İran səfərlərindən əvvəl yaxşı bir məsləhətləşmə imkanı verib.
Bizim Rusiya ilə münasibətimiz və sülh məsləhətləşmələrimiz Qafqazlarda və Yaxın Şərqdə bütün regional məsələlərə müsbət töhfə verəcək...
«Bizim Rusiya ilə münasibətimiz və sülh məsləhətləşmələrimiz Qafqazlarda və Yaxın Şərqdə bütün regional məsələlərə müsbət töhfə verəcək, - deyib cənab Davutoğlu, - Türkiyə və Birləşmiş Ştatlar qarşılarında duran müxtəlif çətin məsələlərdə birlikdə çalışmaqda davam edəcəklər».
Ümumiyyətlə, isə bu kifayət qədər uzun mətbuat konfransında mətn statistikasi baxımından (təxminən, Bağdad, Dəməşq və Tehran sözlərini çıxmaqla) İraq 24, Suriya 16 və İran 6 dəfə xatırlanıb. Bu rəqəmlərin böyük əksəriyyəti Türkiyə xarici işlər nazirinə aiddir və regional məsələlər arasında ən azı Ankara üçün, yəqin ki, prioritet sırasını göstərir. Bu mükalimə zamanı Qafqazların və Qarabağın adı iki-üç dəfə çəkilib.
LAVROV DA NALBANDYANLA GÖRÜŞÜB
Sergei Lavrovla Eduard Nalbandianın görüşü
Sergei Lavrovla Eduard Nalbandianın görüşü
Ermənistan və Azərbaycan liderlərinin sözü gedən görüşünə gəlincə isə, iki illik fasilədən sonra Sarkisian və Əliyev ilk dəfə olaraq bu gün Vyanada danışıqlara başlamalı idilər.
Xəbər verilir ki, bu görüşə ATƏT-in Minsk Qrupunun həmsədrləri də qatılacaqlar.
Bu arada Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada erməni həmkarı Eduard Nalbandianla danışıqlardan sonra keçirilmiş mətbuat konfransında bildirib ki, Rusiya Federasiya Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə böyük ümid bəsləyir.
Ümid ümid yerində, amma Lavrov-Nalbandian danışıqlarının təfərrüatları barədə də heç nə bilmirik.
XS
SM
MD
LG