Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:52

Fərid Ələkbərli Vatikandan yenə əlidolu qayıtdı


Fərid Ələkbərli
Fərid Ələkbərli
-
«İndiyədək aşkar olunmuş Azərbaycan əlyazmalarının sayı 70-ə çatıb».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Fərid Ələkbərli söylədi.

SƏFƏR 2 AY SÜRÜB

Onun dediyinə görə, Vatikan arxivlərində sentyabrın 10-dan noyabrın 10-dək davam edən ezamiyyətin məqsədi çoxşaxəli olub:

«Məqsəd Vatikan Apostol Kitabxanasında Azərbaycana aid tarixi sənədlərin aşkar edilməsi, əlyazmaların kataloqunun tərtib olunması üçün məlumatın toplanması, bu əlyazmaların rəqəmsal surətlərinin hazırlanması və bərpası üçün Vatikan Apostol Kitabxanası ilə əməkdaşlığın qurulması idi. Ezamiyyət Heydər Əliyev Fondunun Vatikanla əməkdaşlıq layihəsi çərçivəsində baş tutdu».

ƏLYAZMALARIN TAM SİYAHISI VƏ KATALOQU YOXDUR

Fərid Ələkbərli ezamiyyət müddətində Azərbaycan, ərəb, fars dillərində orta əsr əlyazmaların axtarışı üzrə tədqiqat işini davam etdirdiyini bildirdi:

«İndiyədək aşkar olunmuş Azərbaycan əlyazmalarının sayı 70-ə çatıb. İşin mürəkkəbliyi ondadır ki, Vatikan kitabxanalarında saxlanılan qədim mənbələrin tam kataloqu və siyahısı yoxdur. Ona görə də, əsərlərin Azərbaycana aid olub-olmamasını aydınlaşdırmaq üçün, orta əsr əlyazmaları bir-bir sifariş edilib araşdırıldı».

ANADİLLİ ƏSƏRLƏRİN TƏDQİQİNƏ XÜSUSİ DİQQƏT AYIRDIQ

Tədqiqatçı Azərbaycana aid mənbələrin müxtəlif dillərdə olduğunu söylədi:

«Ərəb, fars, türk (Osmanlı, Azərbaycan, Cığatay, Uyğur və s.), ingilis, italyan və s. dillərdədir. Anadilli (türkdilli) əsərlərin tədqiqinə xüsusi fikir verdik. İlk dəfə bu vaxta qədər qeydə alınmamış və təsvir olunmamış 100-dən çox türkdilli, o cümlədən azərbaycandilli orta əsr əlyazması aşkar olundu, onların ilkin tədqiqatı və təsviri yerinə yetirildi. Aşkar olunmuş əlyazmaların arasında şeir və nəsr əsərləri, Azərbaycan tarixini işıqlandıran, Eldənizlər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvi və sair Azərbaycan dövlətlərinin tarixindən xəbər verən əlyazmalar var».

ŞÜRURİNİN «DİVAN»I

Fərid Ələkbərli surətləri Vatikandan Bakıya gətirilən və Əlyazmalar İnstitutuna təhvil verilən Azərbaycan əlyazmalarından danışdı:

«Sürurinin «Divan»ı əldə olunan mənbələrin ən qiymətlisidir. Süruri XV əsrin sonu və XVI əsrin əvvəllərində yaşamış, ana dilimizdə yazıb-yaratmış Azərbaycan şairidir. Onun bu «Divan»i indiyədək tədqiq və nəşr olunmayıb. Süruri Nəsimi ədəbi məktəbini davam etdirən istedadlı sənətkardır. Onun hürufi görüşləri təbliğ edən şeirləri çox məşhur olub. Xüsusən, Şah İsmayıl Xətai hakimiyyət başına gəldikdən sonra (1502-1524) öz fikirlərini daha sərbəst söyləməyə imkan tapıb. Sürurinin məhəbbət mövzusunda yazılmış qəzəlləri də var. Sürurinin «Divan»ının surəti artıq AMEA Əlyazmalar İnstitutuna təhvil verilib. İndi mütəxəssislərimiz Azərbaycan ədəbiyyatının bu qədim incisini tədqiq etmək imkanı qazanıb».

MÜƏLLİFİ MƏLUM OLMAYAN ƏSƏR…

Tədqiqatçı Vatikandan başqa maraqlı əlyazmaların sürətlərinin də Bakıya gətirildiyini bildirdi:

«Məsələn, XV əsrin böyük Azərbaycan filosofu Seyid Yəhya Baküvinin oğlu Şeyx Əli Səmərqəndinin həyatına həsr olunmuş «Mənaqibi-Şeyx Əli Səmərqəndi» əsəri. Başqa mühüm əlyazma: XVII əsrə aid anadilli əsər--Baba Həsən bin Məhəmməd Şirvaninin nücum, cəfr və rəml elmlərinə aid «Kitab be şəcarə və şomare min nücum» kitabıdır (O dövrdə türkdilli əsərlərin başlıqları adətən farsca-ərəbcə verilirdi—S.İ.). O da Azərbaycana ilk dəfədir ki gətirilir. Müəllifi məlum olmayan XIX əsrə aid digər türkdilli əsər isə Səfəvi, qızılbaş və Qacarlar, onların müharibələri, Qafqaz, Bakı və Tiflisin ruslar tərəfindən zəbt edilməsi haqqında geniş məlumat verir. Kitab türkcə yazılıb və indiyədək tədqiqata cəlb edilməyib».

AZƏRBAYCAN TARİXİNƏ AİD QİYMƏTLİ QAYNAQLAR

Fərid bəy əlyazmaların içində tariximizlə bağlı önəmli əsərlər olduğuna diqqət çəkdi:

«XVII əsr Osmanlı tarixçisi Məhəmməd Ədirnəvinin «Nəxcətül-təvarix» əsərində Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin tarixindən bəhs olunur. Həmin dövrə aid qədim təbabətə həsr olunmuş «Risaleyi-təshil fit-tibb» adında türkdilli əsərin surətini də Bakıya gətirdik və AMEA Əlyazmalar İnstitutunun fonduna təhvil verdik».

2 KATALOQ ÜZƏRİNDƏ İŞ GEDİR

Fərid Ələkbərli aşkar olunmuş əlyazmaların kataloqunun hazırlanması üzrə Vatikan Apostol Kitabxanası ilə əməkdaşlıq qurulduğunu söylədi:

«Kataloqlar üçün məlumat toplandı. Hazırda iki kataloq üzərində iş gedir. Vatikan Apostol Kitabxanasının Azərbaycan Əlyazmaları Kataloqu (ilk dəfə tərtib olunur) və Vatikan Apostol Kitabxanasında aşkar etdiyimiz yeni türkdilli əlyazmaların kataloqu (ilk dəfə tərtib olunur)».

RƏQƏMSAL SURƏTLƏR HAZIRLANIB

Fərid Ələkbərli Azərbaycan əlyazmalarının yüksək keyfiyyətli rəqəmsal surətlərinin Vatikan tərəfindən hazırlandığını dedi:

«Tədqiqatlar zamanı aşkar edilmiş Azərbaycan əlyazmalarının rəqəmsallaşdırılmasını təmin etmək üçün bu əlyazmaların siyahısı tərtib edildi və Vatikan Apostol Kitabxanasının müdiriyyətinə təqdim olundu. Əlyazmaların yüksəkkeyfiyyətli rəqəmsal surətlərinin hazırlanması onların gələcək nəsillər üçün qorunub saxlanması üçün daha böyük zəmanət yaradır. Azərbaycan əlyazmalarının yüksəkkeyfiyyətli rəqəmsal surətləri artıq Vatikan tərəfindən hazırlanıb».

ƏLYAZMALAR BƏRPA OLUNUB

Tədqiqatçı aşkar olunmuş Azərbaycan əlyazmalarının Vatikan tərəfindən bərpa olunması üçün danışıqlar apardığını da dedi:

«Razılıq əldə edildi və əlyazmalar artıq bərpa olunub».

XƏRİTƏLƏRDƏ XƏZƏR DƏNİZİ «BAKI DƏNİZİ» KİMİ GÖSTƏRİLİB

Fərid Ələkbərli Vatikana son ezamiyyəti müddətində Azərbaycan tarixinə aid orta əsr Avropa və Şərq xəritələri aşkar etdiyini söylədi:

«XV-XVIII əsrləri əhatə edən bu coğrafi xəritələrin əhəmiyyəti ondan ibarətdir ki, həmin xəritələr qədimdə və orta əsrlərdə «Azərbaycan» adlı ölkənin mövcudluğunu təsdiq edir, «Azərbaycan», «Qarabağ», «Midiya», «Şirvan» və «Arran» kimi coğrafi ərazilərin sərhədlərini müəyyən edərək, erməni alimlərinin uydurmalarına baxmayaraq, Bakı, Şamaxı, Gəncə, Təbriz, Qəbələ, Qarabağ, İrəvan və Qars şəhərinə qədər uzanan ərazini Azərbaycan torpaqları kimi göstərir. Bəzi xəritələrdə Xəzər Dənizi «Bakı Dənizi» kimi qeyd olunur. Xəritələr Amsterdam, Antverpen, İstanbul və sair şəhərlərdə Avropa (alman, holland, italyan və s.) və Osmanlı coğrafiyaşünasları tərəfindən tərtib və nəşr olunub».

ARAŞDIRMALARA 2011-Cİ İLDƏN BAŞLANIB

Fərid Ələkbərli Vatikan kitabxanasında Azərbaycan əlyazmalarının araşdırılmasına 2011-ci ildən başlandığını xatırlatdı:

«2012-ci ildə Vatikandan Bakıya Nizaminin, Füzulinin, Xətainin, Bəhmənyarın, Sührəvərdinin və sair məşhur orta əsr Azərbaycan ədiblərinin və alimlərinin əlyazmaları gətirilib. Təkrar edirəm--tədqiqat işini çətinləşdirən amillərdən biri Vatikanda saxlanılan qədim əlyazmaların tam kataloqunun və siyahısının olmaması idi. Əlyazmaların Azərbaycana aid olub-olmadığını aydınlaşdırmaq üçün onları bir-bir götürüb araşdırmaq tələb olunurdu. 2013-cü ildəki araşdırmalar bundan öncəki tədqiqatlarımın davamıdır».

Sonda Fərid Ələkbərli orta əsr əlyazmalarının və xəritələrinin axtarışının davam etdiriləcəyini bildirdi.
XS
SM
MD
LG