Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:31

Həbs olunan gənc fəalların məhkəməsi noyabrın 28-ə təyin edilib


Arxiv foto
Arxiv foto
-
Noyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA hərəkatının 7 fəalının və “Azad gənclik” hərəkatının üzvü İlkin Rüstəmzadənin işi üzrə hazırlıq iclası keçirilib.

Məhkəmə noyabrın 28-ə təyin edilib.

Hazırlıq iclasında müdafiə tərəfinin verdiyi vəsatətlər təmin olunmayıb. Onların bir neçəsi rədd edilib, bir qismi isə baxılmamış saxlanılıb.

Vəkillər və təqsirləndirilənlər məhkəmənin başlanmasına razı olmadıqlarını deyiblər. Bildiriblər ki, cinayət işinə xitam verilməlidir.

NİDA üzvləri mart-aprel aylarında həbs olunublar. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi əvvəlcə onları qanunsuz olaraq partlayıcı maddə əldə etmə, saxlama, daşıma və gəzdirmədə, zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdində günahlandırıb.

İstintaqın iddiasına görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar. Daha sonra gənclərin bir neçəsinə qarşı qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama ittihamı da irəli sürülüb.

“Azad Gənclik” Təşkilatının üzvü İlkin Rüstəmzadənin işi də NİDA-çıların işi ilə birləşdirilib. İlkin Rüstəmzadə mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında həbs olunub. Prokurorluq əvvəl ona xuliqanlıq ittihamı irəli sürüb. Sonra işə zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdi ittihamı da əlavə olunub.

Gənclər ittihamları qəbul etmir. Həbslərinin siyasi sifarişli olduğunu bildirir.
XS
SM
MD
LG