Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:42

İlham Əliyevlə görüş: «Bu bir fürsət idi...»


İlham Əliyev nəşriyyatda, 9 oktyabr 2008
İlham Əliyev nəşriyyatda, 9 oktyabr 2008
-
Paytaxtın metro stansiyalarında – stansiya keçidlərində qəzet satışı dayandırıldı. «Yeni Müsavat» və «Azadlıq» qəzetləri abunə marafonu keçirib üzləşdikləri çətinliyi qısa müddətə xəfiflətsələr də, nəşrlərin dayanma təhlükəsini tam sovuşdura bilmədilər. Bu nəşrlərin baş redaktorları yayımla bağlı qurama əngəlləri çap mediasının fəaliyyətinə «ölüm hökmü» saydıqlarını dilə gətirdilər.

Elə bu ərəfədə Azərbaycanın «Media İndeksi» cədvəlində altı MDB ölkəsi arasında 5-ci olduğu açıqlandı. Bir ay öncə «Freedom House» da Azərbaycanı mətbuatı azad olmayan ölkə siyahısına salmışdı.

Azərbaycanın tənqidçi qəzetlərinin təmsilçiləri həyəcan təbili çaldığı bir vaxtda, heç gözlənilmədən, prezident İlham Əliyev media rəhbərləri ilə görüşdü. Əslində, buna prezidentin media rəhbərləri ilə görüşü deyil, dövlət başçısına «Jurnalistlərin dostu» mükafatının təqdim edilməsi də demək olardı...

RAUF ARİFOĞLU: «BU GÖRÜŞÜ FÜRSƏT BİLDİM...»

«Məndən ötrü bu görüş çox gözlənilməz oldu, axı bu həftə mətbuatın problemlərini müzakirə etmək üçün Mətbuat Şurasında iclas keçirməyə hazırlaşırdıq» – «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu AzadlıqRadiosuna belə deyir. Və sonra da əlavə edir ki, ötən şənbə mükafatlandırma mərasiminə dəvət alarkən, dərhal razılıq verib:

«Çünki bu, bir fürsət idi. Mən ora ona görə getdim ki, yayımla bağlı məsələni qaldırım. İnandırım ki, orda başqa məsələni qaldırmağa nə imkan vardı, nə də onun yeriydi. Axı format müzakirə yox, mükafatlandırma formatı idi».

Rauf Arifoğlu
Rauf Arifoğlu
Rauf Arifoğlunun sözlərinə görə, mərasimdə Azərbaycan çap mediasının əsas maliyyə qaynaqlarından söz açıb:

«Dedim ki, biri KİV-ə Dövlət Dəstəyi Fondundan aldığımız yardımdır – ordan hər ay 10 min manat yardım alırıq. Bir də satışdan gələn gəlirdir. Dedim, birinə görə sağ olun və... sonra satışla bağlı problemlərimizi sadaladım».

«Yeni Müsavat»ın baş redaktoru deyir ki, prezident metrolardakı yayıma qadağanı götürməklə bağlı konkret vəd verməyib, amma ümumilikdə satış probleminə əngəllərin aradan qaldırılacağına göstəriş verəcəyini söyləyib.

Medianın önəmi barədə prezidentin səsləndirdiyi fikirlər «Yeni Müsavat»ın baş redaktorunu, özü demişkən, sözün yaxşı mənasında da təəccübləndirib:

«Azərbaycan dövlətinin bir sıra strateji məsələlərdə yerli mətbuata güvənməsi, ondan dəstək istəməsi barədə prezidentin xitabları məndə o ümidi yaratdı ki, bu bir yumşalma prosesidir və təkcə yayımda yox, digər məsələlərdə də hiss edəcəyik. Bu, mənim ümidlərim, mülahizələrimdir».

ARİF ƏLİYEV: «TƏƏSSÜF Kİ, MEDIA RƏHBƏRLƏRİ BU ŞANSDAN İSTİFADƏ EDƏ BİLMƏDİLƏR»
Arif Əliyev
Arif Əliyev

«Yeni Nəsil» Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyevin fikrincə, «Jurnalistlərin dostu» mükafatının ənənəvi vaxtından əvvəl İlham Əliyevə təqdim edilməsi qarşıdakı Vilnüs sammitinə, eləcə də Azərbaycanda media azadlığının durumuna dair tənqidlər səsləndirən nüfuzlu beynəlxalq qurumlara hesablanıb:

«Yəni Azərbaycan jurnalistləri ölkə rəhbərini özünə dost sayır. Amma hesab edirəm ki, ora dəvət edilən KİV rəhbərləri bu şansdan yararlanıb medianın real problemlərindən söhbət aça bilərdilər. Bu, təəssüf ki, baş vermədi. Düzdür, qəzet köşkləri vacibdir, amma mətbuatın ümdə məsələsi deyil. Medianın inkişafına yol aça bilən problemlər var ki, onu qaldırıb ölkə başçısının münasibətini, reaksiyasını bilmək olardı».

Arif Əliyev medianın köklü problemlərini sadalayaraq, araşdırma jurnalistikasına problem yaradan qanun maddələrə, o cümlədən diffamasiya ilə bağlı məsələlərə, daha sonra jurnalistlərin həbsinə, məhkəmələrin cərimə sanksiyalarına, yayım-reklam strukturu ilə bağlı islahatların önəminə toxunur və deyir:
Əflatun Amaşov
Əflatun Amaşov

«Bax, bu problemlərin həllinin əks olunduğu bir yol xəritəsindən danışmaq mümkün idi».

ƏFLATUN AMAŞOV: «PREZİDENTLƏ GÖRÜŞDƏN SONRA PROBLEMLƏR HƏLL OLUNDU»

«Jurnalistlərin dostu» mükafatını prezidentə təqdim edən Mətbuat Şurasının sədri Əflatun Amaşov AzadlıqRadiosuna müsahibəsində xatırladır ki, 2002-ci ildə də mətbuat «ölüm-qalım» astanasındaydı:

«O zaman bu mükafat mərhum prezident Heydər Əliyevə təqdim ediləndə onunla görüşdük və mətbuatın bir çox problemləri həll olundu».

Mətbuat Şurasının sədri onu da deyir ki, 2003-cü ildə – İlham Əliyev bu mükafatı birinci dəfə alanda, prezident mətbuatın maliyyə imkanlarını yaxşılaşdırmaq üçün müəyyən göstərişlər vermişdi. Əflatun Amaşov indiki görüşün də nəticəsiz ötüşməyəcəyinə əminliyini bildirir və inanır ki, prezidentin azad media barədə düşüncələri reallıqda da özünü göstərəcək.
XS
SM
MD
LG