Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:34

Azərbaycan pambığının bir kiloqramı indi neçəyədir?- [Video]


Azərbaycan pambığının bir kiloqramı indi neçəyədir?
Gözlə

No media source currently available

0:00 0:06:16 0:00

Azərbaycan pambığının bir kiloqramı indi neçəyədir?

-
​Son illər Kür-Araz ovalığında pambıq becərən fermerlər gözlənilməz hadisələrlə üzləşirlər. 2010-cu ildə baş verən sel və daşqınlar əkin sahələrini su altında qoydu. Torpaq münbitliyini itirdiyindən bundan sonrakı il də gözlənilən məhsul olmadı.

Ötən il bu ərazidə ilk dəfə torpağa atılan toxum yaxşı yetişmədi və təkrar səpin aparılan sahələr qışda məhsul verməyə başladı. Onda da kolların üstündən qarla pambığı ayırd etmək çətinləşdi, açılmamış qozaları don vurdu. Bu ilin yayında isə yüz hektarlarla əkənəyə Mərakeş çəyirtkələri qənim kəsildi.

PAMBIQ KOLLARINI MAL-QARAYA YEDİZDİRİRLƏR

Hazırda İmişlinin Məzrəli, Xubyarlı, Aranlı kəndlərində pambıq yığımının şıdırğı vaxtıdır. Fermerlər deyir ki, hələ əl dəyməmiş sahələr var. Məhsul vaxtında yetişmədiyindən bir çoxları 1-ci yığımdan sonra üzərində gömgöy qozalar olan pambıq kollarını mal-qaraya yedizdirirlər.

Bəziləri isə hələlik havaların əlverişli olduğunu görüb, qar-şaxta düşənədək həmin qozaların açılacağına ümid edir və kollar üzərində erkən yetişmiş məhsulu əl yığımı ilə toplayırlar.

1 HEKTAR SAHƏ 100 MANATA İCARƏYƏ VERİLİR

Rafiq Məmmədov
Rafiq Məmmədov
Xubyarlı kəndində yaşayan Rafiq Məmmədov pambıqçılıqla gənc yaşlarından məşğul olduğunu deyir:

“Kolxoz dövründə becərmə traktorçusu işləmişəm. Sonra qohum-əqrabadan olanlar birləşib kəndli-fermer təsərrüfatı yaratdıq və 8 il müddətində 200 hektar sahəni əkib-becərdik. İslahat nəticəsində kənddə adambaşına cəmi 39 sot torpaq düşdü.

Bundan sonrakı illərdə pambıq əkini aparmaq üçün başqa şəxslərin yerini icarəyə götürürəm. Görün xeyir-bərəkət nə qədər çəkilib ki, adamların bəziləri torpaqdan özü istifadə etmir, 1 hektar yeri illik 100 manata icarəyə verir.”

PAMBIQ SAHƏLƏRİNDƏ KARXANALAR...

İmişlinin Çaxırlı kəndinin sakinləri bildirir ki, vaxtilə pambıq və bostan bitkiləri əkilən münbit torpaqların bir hissəsindən indi sənaye məqsədilə istifadə edilir. Təkcə bu kəndin ərazisində 26-dək qum-çınqıl karxanası açılıb. Sakinlərin bir neçəsi pay torpağını karxana sahiblərinə satıb. Burada 1 hektar yerin birdəfəlik alınmasına görə 1000-1500 manat təklif edilir.

TURP DA PAMBIQDAN SƏRFƏLİ OLUB?!

Pambıq sahəsi
Pambıq sahəsi
Rafiq Məmmədov pambıq əkib-becərməyin nəinki səmərəsiz, hətta risqli olduğunu iddia edir:

“Suvarılan torpaqlar olduğundan burada əkinlərin növbəliliyi olmalıdır. Hər il taxıl əkmək olmur axı. Amma son vaxtlar pambıq əkib-becərmək nəinki səmərəsiz, hətta risqli olub. İl boyu əlləş-vuruş, gəlir götürmək qalsın bir yana, ziyana düşürük. Adamlar torpaqlarında daha çox yem, bostan bitkiləri, tərəvəz yetişdirir. Turp, yerkökü də pambıqdan sərfəli olub.”

HEÇ BİR ŞİRKƏT PAMBIĞI 41 QƏPİKDƏN BAHA ALMIR

Qabaqcıl fermer pambıqçılığa marağın azalmasını bu sahənin inhisara alınmasında görür:

“Yerin şumlanılması, səpin aparılması, pambığın becərilməsi və yığımı üçün çoxsaylı texnikalar, toxumla təchizat lazımdır. Fermerlərin imkanı olmadığından məcbur olub “MKT” şirkəti ilə müqavilə bağlayır. Şirkət toxumun, gübrənin, iş və xidmətlərin, eləcə də məhsulun qiymətini birtərəfli qaydada özü müəyyən edir.

Rafiq Məmmədov
Rafiq Məmmədov
Məhsul ucuz qəbul edildiyindən əlimizdə heç nə qalmır. Bu sahədə olan başqa şirkətlərə də imkan verilmir ki, fermerlər üçün daha əlverişli şərtlər təklif etsin. Qorxusundan heç kim məhsulun qiymətini 1 qəpik də olsun artıra bilmir.”

XƏRCLƏRDƏN SÖZ DÜŞMÜŞKƏN...

Pambıq istehsalçıları 1 hektar sahədə məhsul yetişdirilməsinə təxminən 450 manat xərc çəkdiklərini deyirlər. Bura sahənin təmizlənməsi, şum çıxarılması, gizdək əzmə, şırımlama, arxların çəkilməsi, arat, səpin üçün mala çəkmək, çiyidin alınması və dərmanlanması daxildir.

Sonra da səpin, becərmə, zərərvericilərə qarşı dərmanlama, azot gübrəsinin alınması və torpağa verilməsi, suvarma işi . Əgər yığım maşınla aparılarsa 135, əllə aparılarsa 250 manat xərc çıxır. Sahədən toplanılan məhsulun emal müəssisəsinə daşınması üçün 20 manat ödənilir.

Ümumilikdə bu xərclər 600-700 manat təşkil edir. Deməli, 1 hektar sahədən yığılan pambığın təxminən 16 sentneri onun maya dəyəridir, artıq olarsa qazanca qala bilər.

Pambıqçılıqla sahibkar kimi məşğul olanlar deyir ki, onları digər ciddi xərclər də gözləyir: torpaq sahəsinin illik icarə haqqı -100, alaq otlarının təmizlətdirilməsi- 200, suvarma işini görən şəxsə ödənilən haqq (3-4 dəfə, hər dəfə 20 m)- 60-80 manat.

Pambıq yığımı
Pambıq yığımı
Belədə 1 hektar sahədə toplanılan hazır məhsul 960-1080 manata başa gələ bilər. Bu isə o deməkdir ki, məhsulun təxminən 25 sentneri xərclərin çıxarılmasına sərf olunur. Fermerlər deyir ki, 1 hektar sahədən ən yaxşı halda 28-30 sentner məhsul götürmək mümkündür.

ÖTƏN İLİN GÖSTƏRİCİLƏRİ

İmişli Rayon İcra Hakimiyyətinin açıqlamasına görə, 2012-ci ildə bu rayonda 2429 ha sahədə pambıq əkilib və 4212 ton (orta hesabla hər hektardan 17,34 sentner) məhsul tədarük edilib. Bəzi sahələrdə təkrar səpin aparıldığını nəzərə alsaq, belə çıxır ki, pambıqdan ya heç kəs xeyir götürməyib, ya da kimsə gəlir əldə edibsə, başqaları zərər edib.

“BİZDƏN ALINAN MƏHSUL 6 DƏFƏ BAHA QİYMƏTƏ ÖZÜMÜZƏ SATILIR”

Rafiq Məmmədov diqqəti bir məqama cəlb edir:

“41 qəpiyə aldıqları pambıqdan çiyidi ayırıb, növbəti il onu toxumluq olaraq özümüzə 2 manat 50 qəpiyə satırlar. Zülm onda olur ki, toxum çıxmır və təkrar səpin aparmaq zərurəti yaranır. Bu, çiyid alınması ilə yanaşı, bəzi işlərin təkrarlanması deməkdir. Şirkət öz təqsiri ucbatından ortaya çıxan izafi xərcləri də tədarükçüyə yükləyir . Elə adamlar var ki, bu il götürdüyü qazancla əvvəlki ilin ziyanını bağlayıb.”

XƏRC ÇOX ÇIXDIĞINDAN ƏL ƏMƏYİNƏ ÜSTÜNLÜK VERİLİR

Zərbəyim Mahmudova
Zərbəyim Mahmudova
Xubyarlı kəndinin sakini Zərbəyim Mahmudova deyir ki, xərc çox çıxdığından bir çox işləri əl əməyi ilə görürlər:

“Ərim başqa bir yerdə işləmir, uşaqlarımız məktəblidir. Ona görə pay torpağımızı özümüz əkib-becəririk. Çox əziyyət çəkirik. Bunun əvəzində əldə etdiyimiz gəlir dolanışığımızı təmin etmir. Sərfəli olmadığından daha pambıq əkmək istəmirik.”

PAMBIĞIN KİLOQRAMI 8 QƏPİYƏ YIĞILIR

Məzrəli kəndində yaşayan Elxan Hümbətov deyir ki, kənddə kifayət qədər işsiz adam olsa da, verilən haqq o qədər azdır ki, heç kəs pambığa yaxın durmur:

“Kolxoz dövründə səhər açılan kimi bu kənddən bir-birinin ardınca maşınlar pambıqçıları sahələrə daşıyırdı. Bəlkə 500 nəfər qadın pambıq yığımına cəlb olunurdu. İndi əl yığımı aparılmasına başqa yerlərdən işçi gətirilir. Hələ bizdə yaxşı haqq verilir- 8 qəpik. Bəzi yerlərdə adamları 5 manatdan günəmuzd işlədirlər.”

Xəlfəli kəndində yaşayan Dürdanə Şirinova gündə 150-160, bəzi hallarda isə hətta 200 kiloqram pambıq yığdığını deyir:

“Ailəm 6 nəfərdən ibarətdir. Uşaqların hamısı balacadır. Böyük uşağım 10-cu sinifdə oxuyur, o da buradadır, mənə kömək edir. Bura ehtiyac üzündən gəlmişəm, məşğul olacağım başqa iş də yoxdur.”

“ƏGƏR KİMSƏ ZİYANLIQ ÇƏKİBSƏ, DEMƏLİ, İŞƏ MƏSULİYYƏTLƏ YANAŞMAYIB”

Zöhrab Haqverdiyev
Zöhrab Haqverdiyev
“MKT İK” MMC-nin İmişli filialının direktor müavini Zöhrab Haqverdiyev müəssisə ilə müqavilə bağlayan fermerlərin əksəriyyətinin yığımı başa çatdırdığını deyir:

“Cari ilin məhsulu üçün fermerlərə 550 min manatlıq avans vermişdik. Vəsaitin təxminən 8-10 faizi həcmində məhsul verilməyib. O da 2-3 adamda qalıb. Qabaqcıl fermerlər bu il yaxşı qazanc əldə edib.

Əgər kimsə ziyanlıq çəkibsə, deməli, işə məsuliyyətlə yanaşmayıb. Şirkət zərər edənlərə növbəti ilin məhsulunadək möhlət verir. O ki, qaldı toxumun baha olmağı ilə bağlı fermerlərin narazılığına, qiymət dünya bazarından asılıdır. Yerli çiyiddən məhsuldarlıq aşağı olur deyə biz toxumluq çiyidi xaricdən alırıq.”

Filial təmsilçisi onu da bildirdi ki, “MKT İK” MMC rayon ərazisində 3812 hektar torpaq sahəsi alıb və gələcəkdə həm pambıq, həm də taxıl bitkilərini özü yetişdirəcək.

“MƏHSULUN DƏYƏRİ KEYFİYYƏTİNƏ GÖRƏ MÜƏYYƏN EDİLMƏLİDİR”

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov hesab edir ki, məhsulun vaxtında yetişməməsi və yığımın gecikməsi iki səbəbdən mümkündür:

“Birincisi, səpində istifadə olunan toxumun bölgənin iqlim şəraitinə uyğun seçilməməsi, gec yetişən pambıq sortundan istifadə olunması. İkincisi, bitkinin abiotik stresslərə məruz qalması, yəni hava şəraitinin dəyişməsi və buna uyğun aqrotexniki tədbirlərin görülməməsi nəticəsində bitkinin vegetasiya müddətinin uzanması.”

Ekspert bütün məhsulların eyni qiymətə alınmasını da doğru hesab etmir:

“Fərqli keyfiyyət göstəricilərinə malik olan məhsulların alış qiyməti də fərqli olmalıdır. Fermerlər bu məsələdən bixəbər olduqları üçün istehsal etdikləri məhsulun keyfiyyətinə görə dəyərinin müəyyən edilməsini emal müəssisələrinin sahibkarları qarşısında tələb kimi qoya bilmirlər.”

Vahid Məhərrəmov pambıq istehsalının gəlirli olmamasının səbəbini məhsuldarlığın aşağı olması ilə əlaqələndirir:

“Hektardan 18-20 sentner məhsul əldə olunması bu sahəni gəlirli, rəqabətə dözümlü edə bilməz. Ölkədə məhsuldar sortların yaradılmaması, istifadə olunan torpaqların gücdən düşməsi, bitkilərə aqrotexniki qaydalara uyğun olaraq qulluq edilməməsi və sair problemlər var.”

BU İL İMİŞLİDƏ PAMBIQ ÖTƏN İLDƏKİNDƏN 37 FAİZ AZ ƏKİLİB

Cari il pambıq əkini ötən ildəkindən 37% az- 1535 hektar sahədə aparılıb.

Pambıq emal olunan yer
Pambıq emal olunan yer
“MKT İK” MMC-nin İmişlidəki pambıq emalı müəssisəsindən bildirilir ki, noyabrın 24-dək fermerlərdən 2200 ton məhsul qəbul edilib. Rayonda “Şəki-ipək” ASC-nin də pambıq qəbulu məntəqəsi var, fermerlərin bir qismi məhsullarını onlara satıb. Bəzi pambıq istehsalçıları isə yığılan pambığı Saatlı rayonundakı emal müəssisələrinə təhvil verib.

İmişlinin statistika idarəsindən bildirilir ki, noyabrın 25-dək rayon üzrə 3400 ton məhsul yığılıb. Pambıq kolları üzərində açılmayan qozaların da olduğunu nəzərə alsaq, yığım qış girənədək davam edə bilər.
XS
SM
MD
LG