Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:40

Əlil ailəsinin eşidilməyən harayı


Vaqif Savalanov
Vaqif Savalanov
-
Bu gün onların günüdür. Gözləri qapıda, qulaqları səsdə olur. Amma İmişli rayonunun Şahverdili kəndində yaşayan əlil ailəsi səksəkə içərisindədir - onlar bank işçilərinin gəlib borcu tələb edəcəyindən narahatdırlar. Qorxularından həyətə çıxa bilmirlər, telefonları söndürüblər...

BİR AİLƏNİN 4 ÜZVÜNDƏN 3-Ü XƏSTƏDİR

Vaqif Savalanov 1-ci, həyat yoldaşı Yaqut xanım isə 2-ci qrup əlildir, hər ikisi hərəkət qabiliyyətinin məhdudlaşmasından əziyyət çəkir. Böyük uşaqları bu il hərbi xidmətə çağırılanda, onda gizli daşıyıcısı olduğu xəstəlik üzə çıxıb və orduya yararsız hesab edilib. 1-ci sinifdə oxuyan Sahil isə bütün dərd-sərdən uzaqda, ömrün şıltaq uşaqlıq çağını yaşamaqdadır. Amma evin döşəməsi olmadığından valideynləri daha çox ondan ötrü narahatlıq keçirir.

«İL İLDƏN AĞIR GƏLDİ»

Vaqif Savalanov 1994-cü ildə ailə qurduqlarını, hazırda yaşadıqları evi də elə həmin il tikdiklərini deyir:

«Əvvəl tikib içinə yığışdıq. Fikirləşdik ki, imkan olanda döşəmə salarıq, suvaq vurarıq. İl ildən ağır gəldi, edə bilmədik».

2010-cu ildə baş verən sel və daşqından sonra əlil ailəsinin evi qəzalı vəziyyətə düşüb. Vaqif kişi əsaları ilə güclə ayaqüstə durduğu vəziyyətdə həyətdəki çinar ağaclarını kəsib, onlardan başlarının üstə uçmaqda olan tavana dayaq verib. Evin dam örtüyü zədələndiyindən tavan da sıradan çıxıb, otaqda su daman yerin altına qab qoyurlar. Tikilinin bayır hissəsində isə hörgüdə olan kərpiclər ovulub gedir.

«BELƏ HÖKUMƏTÇİLİK OLMAZ!»

Vaqif Savalanov deyir ki, yaşayış şəraitlərinin acınacaqlı vəziyyətdə olmağı ilə bağlı dəfələrlə Prezidentə, Fövqəladə Hallar Nazirliyinə, Heydər Əliyev Fonduna məktub yazıb:

«Evin şəkillərini də çəkdirib zərfə qoymuşdum. Fikirləşirdim o şəkillərə baxanlar halımıza acıyacaq, bizim barədə də bir şey fikirləşəcəklər. Məktubların ünvana çatmasının kağızı gəlib. Amma bircəciyinə də cavab verilməyib. Belə hökumət olmaz!».

«BAŞÇI DEDİ Kİ, MƏNİM «ALAHI» İŞİM VAR»

Əlil vətəndaş yerli icra hakimiyyətindən də narazılıq edir:

«İcra Hakimiyyətinə bəlkə 300 dəfə getmişəm. Başçıya yalvarmışam ki, heç olmasa, mənə 8 ədəd atma, 12 ədəd şifer almaqda kömək etsin. Mənə dedi ki, mənim «alahı» işim var, bu məsələlərlə məşğul olmuram. Qırılmış şiferlərin üstündən «kleyonka» çəkmişdim, külək onları da cırıq-cırıq edib tökdü yerə».

BEL AĞILARINDAN ƏZİYYƏT ÇƏKƏN ƏLİL TORPAQ DÖŞƏMƏNİN ÜSTÜNDƏ YATIR

Evin qəzalı olduğu, borcların üst-üstə yığıldığı, qışın qapını kəsdiyi bir vaxtda, Vaqif kişinin yıxılmağı da ailəni çətin duruma salıb. Bel ağrılarından əziyyət çəkən əlil, torpaq döşəmə üzərində salınmış yataqda da zarafatından qalmır:

«Tonqal üstdən atlananda deyirik ki, ağırlığımızı yer götürsün. 15 gündür ki, torpaq çəkir ağrılarımı».

BANK FAİZLƏRİ SOSİAL MÜAVİNƏTLƏ ÖDƏNİR

Ailənin dolanışığı əsasən dövlətin ödədiyi sosial müavinətdən asılıdır. Vaqif kişi deyir ki, sonuncu artımdan sonra o, 138, yoldaşı isə 50 manat yardım alır. Nağd pul almaqdan ötrü adlarına işlənmiş plastik kartları kredit götürdükləri banklarda saxlayıblar.

BU HARAYA QULAQ KƏSİLİN!

Vaqif Savalanovun acınacaqlı şəraitinə baxıb, ürəkparçalayan sözlərini dinlədikcə, Anarın XIX əsr Azərbaycan insanı barədə yazdıqlarını xatırladım: «Nə qədər ağrı var burda! Səsinə heç kəsin səs verməyəcəyi, dadın, harayın heç hara çatmayacağı səhra!..».

Vaqif kişinin durumu Məhəmmədhəsən əmi qədər ümidsiz deyil: onun vətəndaşı olduğu dövlət, harayını çatdıra biləcəyi informasiya vasitələri var. Hələ ki, çinar ağaclarından düzəldilmiş dirəklər çürüməyib, evin damını saxlaya bilir. Hələ sərt soyuqlar düşməyib və torpaq döşəmə üzərində uzanmış xəstə ağrılarını unudub, ayağa qalxandan sonra görəcəyi işlərin planını qurur...
XS
SM
MD
LG