Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:47

Azərbaycan şəffaflıqda, yoxsa korrupsiyada irəliləyir? [Video]


-


«Transparency International» təşkilatının Azərbaycan milli bölməsi 2013-cü il Korrupsiya Qavrama İndeksini (KQİ) təqdim edib. Bu il indeksdə Azərbaycan 28 balla 177 ölkə arasında 127-ci sırada yer alıb.

«İşdən Sonra» verilişində «Transparency International» təşkilatının nümayəndəsi Kənan Qasımov və ekspert Zöhrab İsmayıl «Korrupsiyanı qavrama indeksi»ni müzakirə ediblər.

Kənan Qasımov bu indeksin korrupsiyanın səviyyəsini tam müəyyən etməyə imkan vermədiyini deyir:

«KQİ «Transparency International» təşkilatının 1995-ci ildən etibarən dərc etdiyi ən başlıca hesabatlardan biridir. Bu indeks korrupsiyanın qavranılması ilə bağlıdır, biznes qurumlarında, ekspertlər arasında hazırlanan hesabatların gəldiyi ortaq nəticədir. İndeks heç bir halda ölkədə korrupsiyanın tam səviyyəsini müəyyən etmir. Buna görə də təşkilat eyni zamanda «Korrupsiya barometri», «Rüşvət verənlərin indeksi» kimi başqa hesabatları da təqdim edir. Bu indeksdə ölkəylə bağlı hazırlanan beynəlxalq hesabatlar nəzərə alınaraq ümumi ballar çıxarılır və ölkədə korrupsiyanın necə qavranılması ortaya qoyulur. Azərbaycan da 2000-ci ildən bu indeksə daxil edilib. Ölkəylə bağlı üç mötəbər mənbənin hesabatı yoxdursa, həmin ölkəylə bağlı heç bir qiymətləndirmə aparılmır. Azərbaycanla bağlı göstəricilər bu il altı mənbənin məlumatlarına əsaslanaraq hazırlanıb…».

Zöhrab İsmayıl korrupsiya ilə bağlı Azərbaycanın vəziyyətinin elə də dəyişmədiyini düşünür:

«Hesabatı hazırlayan təşkilatın öz metodologiyası var. Hesab edirəm ki, «Transparency International» kifayət qədər etibarlı bir beynəlxalq təşkilatdır. İndeks hazırlanarkən hamı üçün eyni mənbələr seçilir. Mənbələr daha çox olduqca indeks daha etibarlı olur. Müqayisə toplanan ballara görə aparılmalıdır. Azərbaycan 2011-ci illə müqayisədə 2012-ci ildə dörd pillə irəliləsə də, bal etibarıyla üç bal irəliləyib. 2013-cü ildə isə cəmi bir bal irəliləyib. Buna yaxşılaşma demək olmaz. Azərbaycan indeksdə 100 mümkün baldan keçən il 27, bu il 28 bal toplayıbsa, prinsipal bir dəyişiklik olmayıb. Ümumiyyətlə, Azərbaycanın tutduğu yer sonlarda, topladığı bal isə kifayət qədər aşağıdır».

Zöhrab İsmayıl bu cür hesabatların vətəndaşlar üçün elə də maraqlı olmadığını deyir:

«Azərbaycanda korrupsiya bütün sektorları əhatə edir. Korrupsiya barometrində də Azərbaycanın mövqeyi yaxşı deyil. Hökumət bu indeksə istinad edirsə, tövsiyələri də nəzərə almalıdır. Vətəndaş korrupsiyanı özü hiss edirsə, duyursa, onun üçün dəyişən bir şey yoxdur. Bu indekslər sadəcə ümumi vəziyyəti qiymətləndirməyə imkan verir…».
XS
SM
MD
LG