Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:22

Kiyevdə qarşıdurma davam edir, xəsarət alanlar var


Ukrayna
Ukrayna
-
Kiyevdə nümayişçilərlə xüsusi təyinatlı milis əməkdaşları arasında baş verən qarşıdurma zamanı azı 10 nəfər xəsarət alıb.

Bu haqda müxalifət liderlərindən biri Oleg Tyagnibok məlumat verib.

Ötən gecə milis və daxili qoşunların hərbçiləri hökumət binalarının yerləşdiyi ərazidə etirazçıların qurduqları çadır şəhərciklərini və barrikadaları dağıdıb. Bundan sonra nümayişçilər Müstəqillik meydanına keçiblər. Burda Avropaya inteqrasiya tərəfdarlarının müddətsiz aksiyaları davam edir.

Milis və daxili qoşunların bölmələri barrikadalar yerləşən küçələri bağlayıb. Ukrayna Ali Radasının və Prezident administrasiyasının mühafizəsi gücləndirilib.

Nümayişçilərin əlində olan Kiyev meriyasının binasında gecə işıqlar söndürülüb. Güc tətbiqindən ehtiyat edən etirazçılar binanı tərk etməyə başlayıb. Elektrik enerjisi bərpa olunandan sonra piketçilər binaya qayıdıb. Onlar binanın mühafizəsini gücləndirib.

Milis əməkdaşları şəhər meriyasının binasını mühasirəyə alıb. Ancaq hücum etməyiblər.

Ukrayna müxalifətinin liderlərindən Vitali Klichko Müstəqillik meydanında dinc piketləri davam etdirməyə çağırıb.

Kiyevdə və Ukraynanın digər şəhərlərində etiraz aksiyaları noyabrın 21-dən başlayıb. Onlar Ukrayna hökumətinin Avropa Birliyi ilə assosiasiya haqqında sazişin imzalanmasını təxirə salmasından sonra etirazlara başlayıb.

Nümayişçilər baş nazir Nikolay Azarovun rəhbərliyi ilə Nazirlər Kabinetinin istefasını, növbədənkənar parlament və prezident seçkilərinin keçirilməsini, noyabrın 30-da nümayişçilərə qarşı güc tətbiq etmiş şəxslərin cəzalandırılmasını tələb edirlər.
XS
SM
MD
LG