Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:36

Uşaqlığım ölümün kisəsində getmişdi... (Seçmə hekayələrdən)


Mövlud Mövlud
Mövlud Mövlud
-

...Gəlib çıxdıq doğma qəbirlərin üstünə. Bayaqdan qəbirlərlə ərklə danışan nənəm səssiz-səssiz ağlamağa başladı.

Qızları da ona qoşuldular, ağlaya-ağlaya yerdən daş götürüb ustufca baş daşlarının arxasını tıqqıldatdılar, ruhları çağırdılar...



Axır həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur.


Mövlud Mövlud


QARA BAYRAM

Fəxri Uğurluya


Qara bayramdan bir gün qabaq nənəm məni özüylə arvad hamamına apardı.

Arvadlar özlərini elə aparırdılar, elə bil mən yoxam; rahatca əyinlərini çıxarır, üzlərini turşuda-turşuda pişməcə olmuş məmələrinin altını qaşıyır, sabunlanır, bir-birinin başına su tökə-tökə olub-keçəndən danışır, qeybət eləyirdilər.

Bir qıraqda boynumu büküb ağzımı açmışdım, sallaqdöş arvadlara, dikməmə gəlinlərə baxırdım. İçimdə titrəşən ilıq küləklərin hayandan əsdiyini anşıra bilmir, niyə xumarlandığımı anlamayıb həyəcanlanırdım.

Gərdanına məhrəba bürümüş bir gəlin gülə-gülə gəlib qabağımda dayandı, əlini paçamın arasına atıb: “Baxım əəə, görüm bir şey varmı”,-dedi. Əli qasığımdakı kövrək tükcüklərə toxunan kimi içini çəkdi:

-Sən oğlunun canı, bu gədəni bir də bura gətirmə, ay arvad. Bu ki lap yekə kişidi!

Nənəm qarnı yırğalana-yırğalana güldü:

-Booy, aaz, elə danışırsan, elə bil görməyibsən.

Arvadların cingiltili gülüşü hamamın buğlu divarlarına dəyib üstümə qayıtdı. Qulaqlarımın od tutub yanmağından bildim ki, qızarıb kömbəyə dönmüşəm. Uşaqlığımın balıq kimi əlimdən sürüşdüyünü, burdakı arvadlarla arama bir divar hörüldüyünü hiss elədim.

***

Ana-bala obaşdan durub vağzala getdik. Bakıdan gələn xalalarımı qarşılayıb birlikdə evə qayıtdıq. Şəhərdən gələnlər şəhərdən, rayondakılar rayondan danışırdılar: nə var, nə yox? kimin toyu olub? kimin yası düşüb? filankəsin uşağı oldumu? bəhmənkəsin dədəsi can verirdi, öldümü?..

Söhbət arası anam danışa-danışa ayağa qalxdı, babamın, nənəmin qardaşı Vilayət babanın şəkillərini divardan alıb tozunu aldı, öpüb yerindən asdı.

Evdəkilər xorla ah çəkdilər.

Xalalarım deyir-gülür, zarafatlaşır, görüşməyə gələn qonşuları qarşılayır, plov dəmləyir, ayrı yeməklər bişirirdilər:

-Göyü xırda-xırda doğra, istəsən qatıq da vura bilərsən.

-Sən canın, sən belə dur, o dəfə də qazmağı yandırdın.

-Dovğa da bişirək, ay mama, o günü Bakıda ölü yerində bir dovğa içdim, papamın goru, dadı hələ də damağımdadır.

Qara bayramda evimizdə dəmlənən plov Novruz aşı kimi dadlı olurdu...

Saat on iki olmamış nənəm bizi tələsdirdi:

-Di durun, vaxt ikən gedək-gələk, evə də gələn olacaq.

Arvadlar qara yaylıq bağladılar, sandıqdan çıxardıqları dəsmalları sinələrinin arasına qoyub evdən çıxdılar. Onda mən nənəmlə arvad hamamına gedəcək boyda, qara bayramda arvadlara qoşulub qəbir üstünə çıxacaq yaşdaydım.

Biz evdən çıxanda hava soyuq idi, yağış yağırdı. Qəbiristanlıq yolunun üstündəki doğum evinin qabağına çathaçatda yağış kəsdi, gün çıxdı. Yağışla günəşin ətri qış yuxusundan oyanan torpağın canına sindi. Torpağın qoxusu ölülərin görüşünə çıxan dirilərə yaşamaq eşqi verirdi.

Həmişə belə olurdu: qara bayram qabağı hava gündə neçə kərə haldan-hala düşürdü. Bu günlər qışla yaz iç-içə olurdu. Günün yarısı qışın, yarısı da yazın hökmünə boyun əyirdi.

***

-Allah rəhmət eləsin, ay Mustafa! - Qəbiristanlığa girən kimi nənəm üzünü bir qəbirə tutdu. - Ayşə arvad dözmədi dərdinə, ay tamam olmamış köçdü yanına. Gorun nurla dolsun, a bevaris bacı!

Mustafa kişi Ayşə arvadı Dilicandan qaçırıbmış. Bir gün Dilicana gedəndə görür ki, qonağı olduğu evin qonşuluğunda bir qız həyət süpürür. Soruşub sonalayanda deyirlər atasız-anasız yetimdi, əmisi saxlayır. Əminin də arvadı əzrayılın biriymiş, qızı it yerinə də buyururmuş, üstəlik döyüb-söyürmüş də.

Arvadından qorxan dilsiz-ağızsız əmi dişi əzrayılın qəzəbinə gəldikcə qardaşının yetimini arvadının ağzına atıb bəladan yayınırmış.

Telli-toqqalı Mustafa elə ertəsi gün qızı maşına mindirib rayona gətirir. Əmi qızın dalınca gəlib hay-küy qaldırır, əzrayılın yemini geri almaq istəyirsə də, faydası olmur. Ayşə hər gün neçə yol ölüb-dirildiyi cəhənnəmə bir də qayıtmaq istəmir, hökumət adamlarına verdiyi izahatda deyir, özüm qaçmışam, ölürəm Mustafadan ötrü!

Di gəl, Ayşə arvadın Mustafa bayramı da qara gəlir - uşaqları olmur. Nə qədər nəzir-niyaz verib pir-ocaq gəzsələr də, fələk bir ovuc palçığı qıymır onlara. Axırda həkim Mustafanı inandırır ki, onun arvadı uşaq doğası deyil. Qohum-qardaş çox dirənsə də, Mustafa qısır arvadı boşamır ki, boşamır. Belə gözükölgəli, belə gözüqıpıq arvadı bir də hardan tapasıydı? Hər gün Ayşənin yeddi arxa dönənini qəbirdən çıxarır, ölünü diriyə, dirini ölüyə qatır, o dünyanı bu dünyaya, bu dünyanı o dünyaya daşıyır, anadan da, baladan da yetim arvadı əli ağrıyanacan döyür, dili quruyanacan söyür.

Beləcə, Dilican dağlarında əlindən qaçdığı zülm rayona özünü Ayşədən tez yetirir.

Bir gün nənəm Ayşə arvadı dilə tutub falçıya aparır. Rayona bitişik kənddə uçuq-sökük daxmasına sığınmış, ağzında aman-zaman bir dişi qalmış falçı Ayşənin taleyini üzünə oxuyur: “Yazıq qız, çox zülm görmüsən, sənin canın maya tutmaz!”

Bir əzrayılın əlindən o biri əzrayıla sığınan Ayşə arvad anlayır ki, bundan sonra südünü, qanını, canını heç kimin canına ötürə bilməyəcək. Başa düşür ki, uşaq doğmamağı elə ölümünə tədarük görməkmiş, bu ölüm onun sonuncu ölümü olacaq, bir də bu dünyada onu görən olmayacaq. Biryolluq anlayır ki, onun şumu dən götürməyəcək.

Anası döyən uşaq döyüldükcə anasına qısıldığı kimi Ayşə arvad da onu kötəkləyən ərindən qaçmazmış, döyüldükcə ərinə bir az da qısılarmış.
Mustafa kişi öləndə Ayşə arvad onu “dədəm Mustafa, nənəm Mustafa, qardaşım-bacım Mustafa!” deyib ağlayırmış, “mən sənsiz neyləyəcəm, hara gedəcəm!” deyirmiş...

Burda da Ayşə arvadın qəbrinə ərinin başdaşından kölgə düşürdü.

***

-A qaragünnü Solmaz, a bədvaris bacım!

Yenə nənəmin səsidir.

Solmaz arvadın oğlu zədəli doğulubmuş. Həftə səkkiz, mən doqquz Tiflisə aparırmışlar, əri uşağın yolunda ətək-ətək pul tökür. Bir xeyli zülm çəkəndən sonra xəstə uşağı adam eləyirlər. Həkimlərdən xoş xəbər alanda atası rayonda yeddi gün, yeddi gecə qonaqlıq verir. Aşıqlar dindirsən, indi də o qonaqlıqdan dastan bağlayarlar.

Oğlanı əllərində-ovuclarında böyüdürmüşlər: ordan oturma, burdan otur... onu yemə, bunu ye... onu geyinmə, bunu geyin... uşağın dişi çıxdı, hədik bişirin... uşağın qızdırması qalxdı, Tiflisə aparın...

Yaşı iyirmini adlayanda da oğlanla bəbə kimi davranırmışlar: qurban olum, evə gec gəlmə... başına dönüm, “Sonanın uşaqları”na qoşulma... çiynində gedim, heç kimlə savaşma...

Oğlanın əsgərlik yaşı çatanda evdəkilər bir ətək pul tökürlər: Solmazın oğlu əsgərliyini doğulduğu rayonda çəkir, özü də sovet hökumətinin qılıncının kəsərli vaxtında!..

Amma Solmaz arvadın da bayramı qara gəlir, tək övladı zəhər qatılmış dərman kimi çıxır.

Solmazın əri öləndən sonra ata kölgəsindən məhrum oğul qatarından azmış durna kimi yolunu itirir: əvvəl bahalı qızlardan özünə yar tutur, sonra şəraba qurşanır, bir az da keçmiş cənnət otunun dadına baxır. Bir də gözünü onda açır ki, cibində anasının üzüyü sağa-sola boylana-boylana iyləməyə “ağ” axtarır.

Anası nə qədər eləsə də, uşağını əcəl yolundan qaytara bilmir, sağ qalmağına milyon xərclənən oğul həm özünün, həm də anasının ömrünə çaldığı baltanı yerə qoymaq istəmir: atasından qalma mal-dövləti dibinəcən dağıdır, anasının qır-qızılını satıb ölümünə xərcləyir. Avara-sərgərdan dolaşır, iki-üç ilin içində özünü də, Solmaz arvadı da dilənçi kökünə salır.

Ağrıyan dişini düzəltdirməyə pul tapa bilmədiyi günlərin birində Solmaz evə gəlib görür ki, oğlu əli-ayağı əsə-əsə evin döşəməsini söküb satmaq istəyir. Dava-mərəkə qopur. Ana oğlunu polislə hədələyir. Oğul da polis gəlib alverini pozar deyə ütünü çırpır anasının başına. Solmaz elə ordaca ölür, oğlu isə türmədə hələ də ölməkdədir.

***

Gəlib çıxdıq doğma qəbirlərin üstünə. Bayaqdan qəbirlərlə ərklə danışan nənəm səssiz-səssiz ağlamağa başladı. Qızları da ona qoşuldular, ağlaya-ağlaya yerdən daş götürüb ustufca baş daşlarının arxasını tıqqıldatdılar, ruhları çağırdılar.

Nənəm ağı demirdi, giley eləyirdi:

-Bə hər səkkiz martda gözdəmirəmmi, a bəxtikəm qardaş? Demirəmmi indicə əlində gül gələcək, “səkkiz martın mübarək”,- deyəcək! Ay arvadından, balasından yarımayanım, ay canını Mələyin qoynunda tapşıranım!

Mələk nənəmin qardaşı Vilayət babanın arvadıydı. Vilayət babam nənəmlə küsülü qalıb, küsülü də ölmüşdü. Bizimkilərə inansaq, qardaşla bacının arasını da elə “o ifritə arvad” vururmuş. Nənəm tez-tez qardaşına xəbər göndərib “məni yad qızının ayağına vermə” desə də, Vilayət babanın cavabından sonra bir müddət kiriyirmiş: “Ona deyin, dilini qoysun dinməzinə, Mələyi özü alıb mənə, bu yaşda arvadmı boşayım?”

Doğrudan da, Mələk arvadı Vilayət babama nənəm alıbmış.

Görənlər danışırdılar ki, qız vaxtı Mələk başını qaldırmadan yeriyərmiş. Bir dəfə nənəm onu bazarda görür, “nə yaxşı, nə abırlı qızdı, başını qaldırıb adamın üzünə də baxmır, bunu alaq Vilayətə”,-deyir.

Nənəm qardaşının toyunu ömrünün bayramı kimi gözləyirmiş, ancaq çox keçmir ki, onun da bayramı qara gəlir. Qardaşını bir qollu-budaqlı nəsil ağacı kimi görmək arzusuyla bəslədiyi vaxt bir də onda ayılır ki, o ağacın heç bir budağında özünə yer qalmayıb, gözünün ağı-qarası tək qardaşını öz əliylə verib yad qızına. On barmağının onundan da mərifət tökülən gözəl-göyçək Mələk arvad qardaşı bacıdan soyudur, Vilayət babam evlənəndən sonra hər məsələdə nənəmin yox, arvadının tədbiriylə oturub-durur.

-Az, az, biz nə bilək? Demə, bunun gözü zəif imiş, onçu belə yeriyirmiş. Bilirəm, qardaşım ölüm ayağında məni çağırıb, “bacım gəlsin” deyib. Mənə sözü olub onun, gorbagorun qızı xəbər göndərməyib! Mən ölüm, mən! Qardaşımı mən yazıq elədim! Məmələrim ilənsin mənim!

Nənəm özünü qarğıyanda pis olurdum.

-Az, mən nə bilim, dedim abırlı-həyalı qızdı, yaxşı arvad olar, qardaşıma həyan olar.

O, özünü təmizə çıxaranda mən də rahatlanırdım.

Nənəmin qardaşıyla davası mənim üçün yarısından baxdığım film kimiydi. Bizimkilər həmişə davanın ən qızğın yerindən başlayardılar danışmağa. Özü də elə yanğıyla danışardılar, deyərdin, dava iyirmi-otuz il yox, beş-on dəqiqə əvvəl olub.

Mələk arvad öləndə biz tərəfdən heç kim getməyibmiş. Anamgil ondan elə danışırdılar, üzünü görmədiyim, səsini eşitmədiyim o qadından zəhləm gedirdi.

***

Qəbiristanlıqdakı arvadlar da doğmalarının qəbir daşlarına oxşayırdılar; yarısı qara, balaca, kasıbyana, yarısı hündür, ağappaq, dəbdəbəli.

-Ala bunu, özün xərclə, qəhbə, aparıb erkəyinə yedizdirmə, buğaya oxşayır!

Nənəm hırıldaya-hırıldaya mırıq dişlərini sərgiyə çıxaran töküldüm-itdim dilənçilərə pul paylayanda verdiyini hara xərcləməyi də tapşırırdı. Bilmirəm, bu xasiyyət nənəmə babamdan, yoxsa babama nənəmdən keçmişdi?..

Altı-yeddi yaşım olardı. Rayon parkına yaşıdlarımı tapıb oynamağa çıxmışdım. Babam əlini belində düyünləyib parkda gəzişirdi. Görən kimi yanına çağırdı, əlini cibinə salıb pul verdi. Tapşırdı ki, gedib özümə peçenye alım. Pulu alıb, “sağ ol” da demədən parkın ayağındakı mağazaya sarı götürüldüm. Kişi arxamca ancaq “özünü tərlətmə, evə tez get” deyə bildi.

Mağazaya girən kimi gözüm kassanın yanına düzülmüş saqqız qutularına sataşdı. O saqqızların içindən açıq-saçıq qadın şəkilləri çıxırdı. Mən o şəkillərə baxanda içimdə həmin küləklər əsirdi - arvad hamamındakı gəlinlərə baxanda əsən küləklər.

Babamın peçenye almağa verdiyi pulu saqqıza xərclədim. Saqqız kağızlarını bir-bir açıb saqqızı ağzıma atır, içindəki şəkillərə baxmağa, xumarlanmağa, həyəcanlanmağa tələsirdim. Təntiyə-təntiyə şəkilləri açırdım ki, arxadan babamın qəzəbli səsini eşitdim: “Bay səni əkənin dədəsinin kəlləsini!.. Demədimmi yeməli şey al. Bu nədi belə?!”

Qorxudan ağzımdakı saqqızı uddum. Şəkilləri cibimə dürtüşdürdüm. Elə bildim babam məni döyəcək. Aradan çıxmaq istəyirdim ki, kişi əlini bir də cibinə saldı. Yenə pul verdi, yenə tapşırdı ki, özümə yeməyə bir şey alım: “Get al, burdan baxacam!”

Mağazaya qayıdıb bu dəfə xırt-xırt peçenye aldım. Babam mağazanın ağzında gözləyirdi, məni görəndə ürəyi rahat oldu.

Babam qədər yeyib-içməyə həvəsli adam görməmişdim. Şərabı başına çəkəndə deyərdin İsgəndərin dirilik suyunu içir. Heç nədən bayram düzəldə bilirdi. Şölən eləməyə bəhanə axtarırdı: bizim ad günlərimiz, polisdə işləyən dayımın vəzifəsinin artırılması, dostlarından kiminsə bizə gəlməsi, itimizin doğması... Stol açılırdı, nə açılırdı! Kişi həyətdə kabab çəkirdi, zirzəmidən daşınan arağın-çaxırın sayı-hesabı olmurdu. Adamlar yeyib-içdikcə gözləri işıqlanır, özü də onlara qoşulurdu.

Qonaqlara qulluq eləyən nənəmin yeməkləri xoşuna gəldisə, arvad masaya yaxınlaşanda mütləq onun yanından bir çimdik qoparıb şaqqanaq çəkirdi. Sonra deyinə-deyinə masadan uzaqlaşan nənəmin arxasınca qışqırırdı: “Fiqurana quzu kəsim!”

Bir dəfə mənim ad günümə Aşıq Ədaləti çağırmışdı. Aşıq gecənin gec saatlarına kimi çalıb-oxudu. Hamı dağılışandan sonra evə getmək üçün icazə alıb, mürəxxəs olmaq istəyirdi ki, babam yapışdı aşığın yaxasından: “Səni heç hara buraxmaram, gərək getməmişdən bir dəfə arvadın yanına girəsən”.
Sonralar nənəm bu əhvalatı bəzəyə-bəzəyə danışırdı: “Az, gördüm aşıq gerçəkliyir, dedim, a qarayığval, bu içif, yeri get evinə-eşiyinə!”

Anasına, qardaşına, qardaşının balalarına çox bağlıydı. Ortancıl qardaşıyla yaşayan anasını görməyə gedəndə heç nə apara bilməsə də, əlini stolun üstünə atıb bir ovuc qoz-fındıq götürürdü.

Evimizə gələn dostların meydən-məzədən uzaq olmaq məsləhətinə çay içilənə, yemək hazır olana kimi qulaq asırdı. Elə ki, yemək hazır oldu, düşüb zirzəmidən araq çıxarırdı, “yeyib-içməkdən adama zaval gəlməz, bircə Allah canımıza dəyməsin” deyirdi.

Bir gün də həkim onu “muştuluqladı”: qara ciyərinə su yığılıb!

-Ay ordan da o tərəfə get səni, bə can verəndə demədinmi bu yetimləri qoyub hara gedirəm? Yemədin, ona-buna yedizdirdin, geymədin, onu-bunu geyindirdin! Bə öz yetimlərin? Bə bunnarı hara qoydun getdin?! Toylarda “Kintauri”ni elə oynayırdın, elə bil yüz il yaşayacaqsan, ay bədbəxtin oğlu!
Nənəm ağlaya-ağlaya babamın qəbrinə yanaşdı, başını kişinin başdaşına söykəyib hönkürdü, qızları da səsinə səs verdilər.

Mənə elə gəldi babam ölməyib, eləcə uzanıb yatır. Mən hər gün yeyən-içən, hamıyla açıq-saçıq zarafat eləyən, getdiyi hər qonaqlıqdan mənə fətirin arasında lülə kabab, itimizə sümük gətirən kişinin bizdən həmişəlik ayrıldığına inana bilmirdim.

Sən demə, babam bu neçə ildə yeyib içə-içə, hər gününü-saatını bayram kimi yaşaya-yaşaya özünə ölüm bəsləyirmiş: qanı şərabdan, əti kababdan, səsi badə cingiltisindən, yerişi-duruşu oxuyub-oynamaqdan yoğrulu bir ölüm.

***

Ağlaşma tamama yetdi, hazırlaşmağa başladıq: qəbirləri qucaqlayıb öpmək, qəbir daşlarının tozunu silmək...

Mən arvadların kiriməyindən ürəklənib anamın ətəyindən yapışdım:

-Vilayət babam nənəmi hər səkkiz martda təbrik eləyirdi?

-Hə, - anam burnunu çəkə-çəkə cavab verdi.

-Mən də həmişə səkkizi martda səni təbrik eləyəcəm, - dedim.

Anam güldü, başımı sığallayıb saçlarımdan öpdü. Həmin səkkiz mart əhvalatını isə bir xeyli böyüyəndən sonra öyrəndim:

Mələk arvad qardaşı bacıya düşmən eləməmişdən Vilayət babam hər səkkiz mart bayramında nənəmə gül alıb gətirirmiş. Küsülü vaxtlarında hər bayram nənəmin gözü qapıda qalırmış, qızlarına bildirməsə də, qardaşını gözləyirmiş, babamın aldığı gül-çiçəklə ovuna bilmirmiş.

Vilayət babam öləndə nənəm kiçik xalama hamiləymiş. Dəfndən sonra arvad qardaşının evində - Mələk arvadın yanında oturmur, qayıdıb gəlir qardaşını ər evində ağlamağa.

Vilayət babamın qırxı günü səhər obaşdan evdən çıxıb yas evinə getmək istəyəndə sancısı tutur, qardaşının qırxına yox, doğum evinə gedəsi olur. Kiçik xalamı dünyaya gətirəndən sonra rayon xəstəxanasında yenə qardaş deyib ləliməyə başlayır.

Bir də görürlər babam əlində gül doğuş otağına girdi, gülü nənəmin sinəsinin üstünə qoyub alnından öpdü: ”Bunu qardaşının qəbrinin üstündən gətirmişəm, Vilayət səni yenə də təbrik eləyir”.

***

Qəbiristanlığın çıxacağındakı bulaqda əl-üzümüzü yuduq. Yol boyu nənəm işığı öləzimiş gözlərini adamlara dikib qızlarından “bu kimdi? o kimdi?” deyə soruşurdu. Ölüləri nənəm tanıyırdı, diriləri qızları.

Qəbiristanlıqdan uzaqlaşdıqca adi söhbətlər sərt qeybətlə əvəz olunur, gülümsəmələr qaqqıltılara çevrilirdi.

Doğum evinin qabağına çatanda anam əliylə saçlarımı qarışdırıb dedi: “Balam da burda dünyaya gəlib”.

Bu doğum eviylə qəbiristanlığın arasındakı beş-on addımlıq yolu hərə bir cür gedirdi. Biri elə doğulan kimi yolunu kəsədən salıb mənzilini yaxın eləyirdi. Biri doğum evindən çıxıb dədə ocağına, ordan paytaxta, böyük-böyük şəhərlərə baş vurur, oralarda evlənir, oğul-uşaq yiyəsi olur, bu doğum evində anasından aldığı nəfəsi özgə məmləkətlərin qadınlarına, o qadınlardan doğulan uşaqlarına paylayır, nəfəs dəriləndən sonra bizim adamların çiynində doğum evinin qabağından keçib öz qəbrinə quylanırdı.

Evə yaxınlaşanda anamın əlindən çıxıb parkdakı uşaqlara sarı götürüldüm. Anam arxamca səsləndi:

-Tez gəl, özünü tərlətmə, aş dəmlənəcək, gəlib yeyərsən.

Hamı arxayınlaşmışdı: artıq bu dünyanın ləzzətindən dadmaq üçün ölülərdən rüsxət alınmışdı.

***

Hamamdakı gəlin nənəmə and verəndən bir həftə sonra, Novruz bayramı günü o, yenə arvad hamamına getdi. Bu dəfə mənsiz. Mən artıq böyüməyə başlamışdım. Gələcəyin bağçasından dərdiyim günləri keçmişin boxçasına atmağa tələsirdim. Uşaqlığım ölümün kisəsində getmişdi.
XS
SM
MD
LG